Orxan Zeynalov iki aylıq həbs edilib

Rusiyada moskvalı gəncin qətlində şübhəli bilinən Orxan Zeynalov barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib.
Moskvanın Presnenski Rayon Məhkəməsində çıxış edən Orxan Zeynalov ona qarşı itihamları rədd edib.
"Mən razı deyiləm. Mən öldürməmişəm", İtar-Tass agentliyi yazır ki, Zeynalov tərcüməçi vasitəsilə deyib.
O, girov əvəzinə azad edilməsini istəyib.
Müstəntiq isə bildirib ki, öldürülənin rəfiqəsi Zeynalovun "qatil" olduğunu deyib. Həmin xanımın ifadəsini işə əlavə edən müstəntiq deyir ki, Zeynalovla xanım "üzləşdirilib".
Prokuror deyib ki, Zeynalov xuliqanlıq məqsədilə qətl törədib və gizlənib.
"Bundan əvvəli ifadəsində şübhəli etiraf edib ki, o tanımadığı Şerbakova bıcaqla zərbə endirib, çünki Şerbakov onu təhqir edib və əllə zərbə endirib".
Buna görə də, prokurorluq Zeynalovun həbs edilməsini istəyib.
"Azadlıqda olarsa, o, cinayət fəaliyyətini davam etdirə bilər", prokuror vurğulayıb.
Orxan Zeynalov Biryulyovoda 25 yaşlı moskvalı Yeqor Şerbakovun qətlində şübhəli bilinir. Şerbakovun ölümü sonradan kütləvi iğtişaşlara səbəb olub.
Azərbaycan Rusiyaya nota göndərib

Cümə axşamı Azərbaycan tərəfi Rusiyada moskvalı gəncin qətlində şübhəli bilinən Orxan Zeynalova görə, Rusiyaya nota göndərib, Ria Novosti Agentliyi yazır.
“Notada Orxan Zeynalova konsulluq dəstəyinin göstərilməsi tələb olunub”, səfirlik bildirib ki, nota çərşənbə axşamı təqdim olunub.
BBC Rusca Xidməti İnterfaks agentliyinə istinadən yazır ki, həmin nota artıq Rusiya Xarici İşlər Nazirliyinə çatıb.
Azərbaycandan tənqidlər
Nota göndərildiyi ərəfədə Azərbaycanın Prezident Administrasiyasının rəsmisi Əli Həsənov Zeynalov saxlanılan zaman Rusiya hüquq-mühafizə orqanlarının fəaliyyətini tənqid edib.
“Cinayətkar olduğu ehtimal edilən şəxsin saxlanması zamanı yol verilmiş zorakılıq, onun sonradan açıq şəkildə internetdə və KİV-də nümayiş etdirilməsi sağlam məntiq nöqteyi-nəzərindən izah oluna bilməz”, İctimai-siyasi məsələlər şöbənin müdiri Əli Həsənov qeyd edib.
O, məsələyə aidiyyatı olmayan çoxsaylı miqrantın saxlanılması, onların incidilməsi, yaranmış vəziyyətin süni şəkildə şişirdilməsi hallarından təəssüf hissi keçirdiyini bildirib.
Onunla oxşar fikirləri paylaşan Azərbaycan Ombudsmanı Elmira Süleymanova şübhəlinin saxlanıldığı zaman hüquqlarının "pozulduğunu" deyib və rusiyalı həmkarını “məsələni hüquq müstəvisində dərindən araşdırılmasına” çağırıb.
İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov isə Zeynalovun hüquqları ilə bağlı BMT-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Bakı ofisinin rəhbərliyinə, Avropa Şurasının Bakıdakı nümayəndəliyinə, hər iki təşkilatın İşgəncələrə Qarşı Komitəsinə müraciət edib.
"Məişət hadisəsidir"
“Qətldə şübhəli bilinən şəxs vəkillə və lazım olduğu təqdirdə tərcüməçi ilə təmin olunmalıdır”, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu “Dojd” telekanalına müsahibəsində deyib.
Səfir bildirib ki, baş verənlərlə Azərbaycanla Rusiyanın arasını vurmaq istəyirlər. “Bu, Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinə cavab idi”.
Qətlə yetirilən Yeqor Şerbakovun ailəsinə və yaxınlarına başsağlığı verən səfir bildirib ki, Zeynalovun günahlı olub-olmamasını “məhkəmə müəyyən edəcək”. “Məhkəməyə qədər baş verənlər, yazılanlar hamısı mənasız şeylərdir”, səfir Bülbüloğlu deyib.
O, Zeynalovun saxlanılması videolarının mediaya yansımasını “xoşagəlməz” hal adlandırıb.
“Bu, məhkəmə-hüquq qaydaları kodeksinin pozulması deməkdir. Bütün hüquq müdafiəçiləri internetdə yazır ki, baş verənlər insan hüquqlarının pozulmasıdır. O, xarici ölkə vətəndaşıdır”.
Səfir deyib ki, dünyanın hər yerində bu cür məişət zəminində hadisələr baş versə də, hadisə ətrafında “isterika” yaradılıb.
Kimlərinsə biznes marağı
“Bildirmək istəyirəm ki, bu gün Moskvada Azərbaycan vətəndaşını öldürüblər. 1986-cı il təvəllüdlü Qaraxanlı Ruslan Arif oğlunun cəsədi bir dayanacaqdan tapılıb. Heç kim heç nə bilmir. Bu baş verən hadisəyə cavab olub, ya yox...”
Cənab Bülbüloğlu deyib ki, son illər Azərbaycandan Rusiyaya miqrant axını “kəskin azalıb”.
Qətldən sonra “Pokrov” meyvə-tərəvəz bazasının bağlanmasını səfir “düzgün” hesab etməyib.
“Bu qətli törətməkdə şübhəli bilinən Zeynalov kosmik zavodda işləsəydi, həmin zavodu bağlayacaqdılar?!”, cənab Bülbüloğlu deyib ki, o, Zeynalovu müdafiə etmir.
“Pokrov” meyvə-tərəvəz bazası 40 ildir ki, fəaliyyət göstərir. Bu vaxta kimi heç kəs orda zibilin daşınmamasını və digər çatışmamazlıqları görmürdü? Miqrasiya xidməti qoy bununla məşğul olsun! Viza tətbiq etmək istəyirlərsə, buyursunlar etsinlər”.
O baş verənləri kimlərinsə biznes marağı ilə əlaqələndirib. “Yəqin ki, həmin baza bağlanacaq. Sonra isə həmin ərazidə nəsə tikəcəklər. Bu mənim işim deyil, bu haqda heç danışmaq da istəməzdim”.
RİK: Zeynalov rus dilini unudub
Çərşənbə günü Rusiya İstintaq Komitəsi məlumat yayıb ki, 25 yaşlı Biryulyovo sakininin qətlində şübhəli bilinən, oktyabrın 15-də tutulmuş Azərbaycan vətəndaşı Orxan Zeynalov günahını boynuna alıb, lakin birdən-birə rus dilini unutduğunu bildirib.
“Dindirmə zamanı Zeynalov qətlin təfərrüatları barədə məlumat verib və oktyabrın 10-na keçən gecə Vostryakov keçidində Yeqor Şerbakovun ölümünə səbəb olmuş bıçaq zərbəsini özü vurduğunu bildirib”, - Rusiya İstintaq Komitəsinin (RİK) rəsmisi Vladimir Markin məlumat verib.
RİK-də olan məlumata görə, Zeynalov 10 ildir Rusiyada yaşayır və 2011-ci ildə “yol hərəkəti qaydaları pozduğuna görə” Moskvanın Noqatinski Məhkəməsi tərəfindən 1 il müddətinə məhkum olunub, eləcə də 3 il müddətinə nəqliyyat vasitəsinə idarə etmək hüququndan məhrum edilib.
"2012-ci ildə cəzaçəkmə müəssisəsindən çıxan kimi Zeynalov, qeyri-qanuni olaraq avtomobil sürərək, fərdi sərnişin daşıması ilə məşğul olmağa başlayıb" - deyib Markin.
Zeynalovuun həbs olunmasına dair istintaq vəsatətinə Moskvanın Presnenski Məhkəməsində baxılacaq.
Qərbi Biryulyovo qətli ötən istirahət günləri kütləvi iğtişaşlara səbəb olub: mühacirlər əleyhinə qaldırılmış izdiham “Biryuza” ticarət mərkəzini dağıdıb və xüsusi təyinatlı polis dəstəsi ilə toqquşub.
Ata oğul əvəzinə
Çərşənbə axşamı Orxan Zeynalov Yeqor Şerbakovun qətl işi üzrə əsas şübhəli şəxs elan olunub. Bir neçə saatdan sonra onu Moskva yaxınlığındakı Kolomnada tutub, helikopterlə Moskvaya aparıblar.
Zeynalovun tutulub saxlanması və müşayiət olunmasını əks etdirən görüntülər birbaşa DİN başçısı Vladimir Kolokoltsevin kabinetindən bütün aparıcı Rusiya televiziya kanallarında yayımlanıb.
İstintaq orqanları bəyan edirlər ki, qətlin törədilməsinə Zeynalovun aidiyyəti olduğuna dair kifayət qədər dəlilə və məlumata malikdirlər, lakin istintaq gözlənilməz dil maneəsi ilə üzləşib. “Müəyyən olub ki, 10 il Rusiya ərazisində yaşayan Zeynalov birdən-birə rus dilini unudub”, - Markin bildirib.
“Deməliyəm ki, bizim üçün bu kimi personajlar nadir hal deyil. Onlar Rusiyada yaşamaq, onun ərazisində azad hərəkət etmək, öz şəxsi məsələlərini həll etmək üçün rus dilini kifayət qədər bilirlər. Lakin öz hərəkətləri üçün cavab verməyin vaxtı gələndə belə personajlar, bir qayda olaraq, rahat yaşamaq üçün seçdikləri ölkənin dilini unudurlar”, - istehza ilə əlavə edib Markin.
Hal hazırda şübhəli şəxsin ixtiyarına tərcüməçi verilib, prosessual sənədlər onun ana dilinə tərcümə edilir.
Azərbaycanın Moskvadakı səfirliyi Qurban Bayramı ilə əlaqədar bağlıdır, şərh almaq mümkün olmayıb.
Bu arada, Zeynalovun atası həlak olanın qohumlarından və “bütün Rusiyadan” üzr istəyib. NTV teleşirkətinə müsahibəsində Zahud Zeynalov deyib ki, oğlundan belə şey gözləmirdi.

“Mən müəlliməm. Nə deyə bilərəm? İki oğlum, iki qızım var. O, mənə kömək etmək istəyirdi, ona görə Rusiyaya qazanca gedib. Mən çox təəssüf edirəm ki, belə şey baş verib. Mən oğlumun yerinə üzr istəyirəm. Mən istəməzdim ki, belə şey olsun”, - Zeynalov-ata deyib.
Çərşənbə günü Dövlət Dumasının İctimai Birlik və Dini Təşkilatlarla İş üzrə Komitəsinin rəhbəri Yaroslav Nilov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluya məktubla müraciət edərək, Moskvanın Biryulyovo rayonunda baş vermiş hadisələrdən sonra vəziyyətin sabitləşdirilməsində iştirak etməyə çağırıb.
“Mən dərindən əminəm ki, baş vermiş fəlakət ölkələrimiz üçün ümumi bədbəxtlikdir. Bu kimi cinayətlər miqrasiya siyasətinin qüsurları, vəzifəli şəxslər arasında korrupsiya kimi bir çox amillərdən doğur. Lakin Biryulyovoda xalq toplanışına çıxan moskvalılar ümidsiz bir hala çatdırılıblar. Paytaxtın küçələrində miqrantlar özlərini yaramazcasına aparırlar”, - öz müraciətində Nilov yazır.
Təşkilati nəticələr
Oktyabrın 10 keçən gecə 25 yaşlı Yeqor Şerbakovun qətli Biryulyovoda kütləvi iğtişaşlar sövq edib.
Bazar günü rayon sakinləri qətlin tez araşdırılmasını tələb etmək üçün toplaşıblar. Xalq toplanışı qanunsuz hərəkətlərə çevrilib, nəticədə 400-ə yaxın adam həbs olunub.
Polis həmçinin Biryulyovo tərəvəz bazasında 1200 nəfər ehtimal olunan mühacirləri həbs edib. Baza isə Rospotrebnadzorun yoxlamasından sonra beş gün müddətinə bağlanıb, lakin daha açılmayacağı güman edilir.
İğtişaşlardan sonra açılmış xuliqanlıq haqqında cinayət işi üzrə iki moskvalı və bir nəfər Moskva ətrafı sakini istintaqa cəlb edilib. Bir neçə aksiya iştirakçısı inzibati qayda pozuntularına görə cərimələnib.
Çərşənbə axşamı Moskva Polisinin rəhbəri Yakunin “Qərbi Biryulyovo” DİŞ rəisi Gennadi Kaverini istefaya göndərib və şəhərin Cənub dairəsi üzrə Dİİ başçısı Aleksandr Podolninin vəzifədən azad edilməsi üçün sənədlər təqdim edib.




