Biryulyevodakı qətlə görə şübhəli sayılan azərbaycanlı saxlanılıb

Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli sayılan Orxan Zeynalov Moskvadan təxminən 100 km cənub şərq istiqamətində, Kolomna şəhərində saxlanılıb.
Rusiya DİN mətbuat xidmətinin məlumatında cənab Zeynalovun xüsusi təyinatlı polis qüvvələri tərəfindən saxlandığı qeyd olunub.
Ötən həftəsonu Yeqor Şerbakovun qətlə yetirilməsi Moskvada Biryulyevo rayonu sakinlərinin qəzəbinə səbəb olub, nəticədə rayonda kütləvi iğtişaşlar baş verib.
Məlumatlara görə, Orxan Zeynalovu saxlayan Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları onu Moskva gətirirlər.
Rusiya Daxili İşlər Nazirliyi Moskva baş idarəsi mətbuat xidməti Orxan Zahid oğlu Zeynalovun 1982-ci il təvəllüdlü olduğunu bildirib..
Moskvada yaşayan Azərbaycan diasporasının nümayəndələrinin BBC Azərbaycancaya verdikləri məlumata əsasən, Orxan Zeynalov Azərbaycanda, Şəmkir rayonunun Seyfəli kəndində doğulub və böyüyüb.
Orxan Zeynalovun saxlanmasından bir qədər öncə Rusiya polisinin rəhbəri Anatoli Yakunin şəhər hakimiyyətinin iclasında şübhəlinin Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən də axtarıldığını desə də, Azərbaycan rəsmiləri bu məlumatı təkzib edib.
Bakıdan reaksiya
"Biz Azərbaycandakı həmkarlarımızla əlaqə saxlamışıq və onlar bu vətəndaş qətl törətdiyi üçün axtarışda olduğunu təsdiqləyiblər", - cənab Yakunin deyib.
Lakin Azərbaycan DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov APA agentliyinə bildirib ki, "Orxan Zeynalov Azərbaycanda qətl ittihamı ilə axtarışda deyil".
DİN rəsmisinin təbirincə, "Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən belə bir şəxs axtarışa verilməyib və Orxan Zeynalovun Azərbaycanda məhkumluğu da olmayıb".
Ehsan Zahidov vurğulayıb kı, Rusiya hüquq mühafizə orqanları Orxan Zeynalovun barəsində Azərbaycanın DİN-ə "bu günə qədər heç bir sorğu göndərməyib".
"Belə bir müraciət daxil olacağı təqdirdə, sözsüz ki, müvafiq qaydada həmin müraciətə baxılacaq", DİN rəsmisi qeyd edib.
Life News nəşrinin xəbərinə görə Azərbaycan sakinini ona evində kirayənişin kimi otaq vermiş şəxs tanıyıb. Xəbər verilir ki, Zeynalov artıq 10 ildir, Moskvada yaşayırmış.
Bazar günü rayon sakinləri toplaşaraq qətlin tezliklə açılmasını tələb ediblər.
Sonradan bu toplanış kütləvi iğtişaşlara səbəb olub və bununla əlaqədar 400-dək insan həbs edilib.




