Miqrantların Rusiyaya, Rusiyanın onlara xeyri nədir?

Şəklin mənbəyi, Reuters
- Müəllif, Dmitri Bulin
- Vəzifə, BBC, Moskva
İqtisadiyyatın “ən miqrant” sahələrindən biri ticarətdir.
Təxmini hesablamalara görə əməkçi miqrantların Rusiya ÜDM-nə töhfəsi ildə 6-10 milyard dollardır. Bu, büdcənin 0,5 faizindən də azını təşkil edir.
Buna görə də ekspertlər arasında uzun və belə görünür ki, nəticəsiz debat davam edir: Miqrantlar Rusiyaya lazımdırlar, ya yox?
Bu mübahisəyə son qoymaq üçün ilk növbədə aydın və ziddiyyətsiz statistika lazımdır. Belə bir statistika ən azı ictimaiyyət üçün açıq deyil.
Rusiya Federal Miqrasiya Xidmətinin direktor müavini Yelena Radoçinanın verdiyi məlumata görə, hazırda ölkədə 11, 3 milyon xarici var və onlardan 3,6 milyonu burada qanunsuz yaşayır.
Bundan əvvəl miqrasiya rəsmiləri ölkədə 4-6 milyon qastarbayterin olduğunu deyirdilər və bildirirdilər ki, qeyri-qanuni əməkçilərin sayı 4 milyondan artıq deyil.
Müstəqil ekspertlərin rəqəmləri daha təxminidir. Onlar gah 5 milyon, gah da 15 milyon qanunsuz miqrantdan danışırlar.
Necə olursa, olsun, Rusiyada bütün dünyaya xas proses gedir. Adamlar daha yaxşı həyat üçün öz vətənlərindən çıxmaqda davam edirlər. Bütün dünya boyunca hazırda əməkçi miqrantların sayı 250 milyon nəfərdirsə, bu rəqəmin 2050-ci ilədək iki dəfə artacağı gözlənilir.
Xeyir və dempinq
Əsas məsələ əməkçi miqrantların ev sahibinin iqtisadiyyatına verdikləri töhfədir. Məsələn, Fransada miqrantların ÜDM-ə töhfəsi 0,3 faizdir (7,8 milyard dollar). Bir çoxları deyirlər ki, miqrantlara verilən sosial təminat vəsaiti onların iqtisadiyyata töhfəsindən çoxdur.
Rusiyada da belə düşünürlər. Rosstatın məlumatına görə, ötən il miqrantlar MDB ölkələrinə 18, 2 milyard dollar məbləğində köçürmə ediblər. Bu onların Rusiya iqtisadiyyatına verdikləri 6-10 milyard dollardan çoxdur.
Bundan əlavə miqrantlar işverənlər üçün sonsuz və ucuz işçi qüvvəsidir. Bu isə öz növbəsində maaşların ümumi səviyyəsinə təsir göstərir.

Şəklin mənbəyi, RIA Novosti
Nəticədə əməyin dəyərinin dempinqi, yəni daha ucuz məhsullla rəqiblərin oyundan çıxarılması baş verir və nəticədə Rusiyalıların həyat səviyyəsi qalxmır.
Xərc və gəlir
Bu mübahisədə barrikadanın əks tərəfində miqrantların iqtisadiyyat üçün faydalı olduqlarını bildirən təhlilçilər var.
Onlardan bəziləri deyirlər ki, miqrantın vətəninə göndıərdiyi hər 1 manatın müqabilində, 4-5 manat Rusiyada qalır.
Buraya ev, ərzaq, pal-paltar xərcləri və yaşayış üçün az əhəmiyyətli olmayan rüşvətlər daxildir.
Lakin dövlət sənədlərində qeydə alınmış çox böyük bir hesablanma var: ölkə hər il 1 milyon əmək qabiliyyətli əhali itirir.
“Bizdə bütün proqnozlara görə, 2030-cu ilədək əhalinin sayı 2 milyoin nəfər azalacaq, - deyir REA Sosiologiya İnstitutunun əməkdaşı Vladimir Mukomel, - Lakin əmək qabiliyyətli əhalinin sayı 10 milyon nəfər azalacaq!”
Bu boşluğu doldurmaq üçün yaxın illərdə ölkəyə çoxmilyonlu miqrant axınının olması lazımdır. Lakin bu məntiqlə heç də hamı razılaşmır.
“Dəlmə-deşiklərdəki tarakanlar”
“Bəli, biz ildə əmək qabiliyyətli əhalinin 1 milyonunu itiririk. Lakin bu əsas vermir ki, bura dağlardan adam çağıraq. Biz bütün qüvvələrimizi məhsuldarlığın artırılmasına və öz resurslarımızdan daha səmərəli istifadəyə sərf etməliyik”. Bunları REA Xalq Təsərrüfatının Proqnozlaşdırılması İnstitutundan Andrey Korovkin deyib.
O hesab edir ki, miqrasiyaya demoqrafik yanaşma kökündən səhvdir, çünki iqtisadiyyatın əsl dərin və struktur aləti əməyin dəyərsizləşməsində deyil, onun səmərəliyinin və məhsuldarlığının artırılmasındaır.
Əmək məhsuldarlığının yüksəldilməsi zərurətindən Rusiya rəhbərləri də daim danışırlar. Rusiyalı əməkçinin bir saatlıq işi ölkə ÜDM-nə 24 dollar gətirir. Halbuki, ABŞ-da bu rəqəm 61, Almaniyada isə 58-dir.
Lakin buna baxmayaraq, əmək qabiliyyətli əhalinin azalması problemi öz-özünə həll olunmayacaq. Əgər indinin özündə bir əmək qabiliyyətli adama, 0,5 pensiyaçı düşürsə, bu fərq getdikcə azalacaq və nə vaxtsa 1-ə 1 olacaq.
Belə olduğu halda miqrantlarsız necə ötüşmək olar?
Son nəticədə hamı belə bir məqamda razılığa gəlir ki, zərər miqrasiyanın özü yox, qanunsuz miqrasiyadır. O miqrasiya ki, həm miqrantları qeyri-insanı şəraitdə yaşamağa məcbur edir, həm də yerli əhalinin narazılığına səbəb olur.
“İnsanlar tarakanlar kimi dəlmə-deşikdə yaşaya bilməzlər. 21-ci əsr və qul əməyi! Özü də Moskva dünyanın maliyyə mərkəzlərindən birinə çevrilmək istədiyi bir vaxtda” – deyir Andrey Korovkin.
Hələliksə, qanunsuz miqrantlar bütün əməkçi miqrantların 60-80 faizini təşklil edirlər. Həm də qastarbayterlərin 75 faizi Moskva və Moskva vilayətinin payına düşür.




