Türkiyədə həkimlər niyə etiraz edirdilər?

Türkiyə, həkim, səhiyyə, etiraz

Şəklin mənbəyi, TTB

    • Müəllif, İlhamə Qasımlı
    • Vəzifə, Ankaradan BBC Azərbaycanca üçün

Türkiyədə həkimlərin 3 günlük tətilinə səbəb olan tələblərdən biri - tibb işçilərinə qəsdən zərər verən şəxslərin ağır cinayət məsuliyyətinə cəlb edilməsi yerinə yetirilə bilər: Türkiyə parlamenti bununla bağlı qanun layihəsini müzakirə edəcək.

Hazırda müvafiq qanunvericilik həkimlərə qarşı şiddət törədən şəxsə həbsdən yayınmağa, pul cəzası ilə mühakiməyə imkan verir. Həkimlər hesab edirlər ki, "yüngül cəzaya" görə xəstə yaxınlarının həkimə şiddət göstərməsi halları da artır.

Türkiyə həkimlərinin tələbləri sırasında "ağır iş şəraiti yaradan 5 dəqiqə intervalı ilə xəstə qəbulu" qaydasına dəyişiklik edilməsi, ödəmə sisteminin dəyişdirilməsi də var.

Həkimlər onu da tələb edirlər ki, xəstənin "yanlış müayinə və müalicə" iddiası ilə bağlı şikayətinə baxılması proseduru da dəyişdirilməlidir.

Hazırda bu qəbildən olan şikayətlər xəstəxana səviyyəsində araşdırılır ki, həkimlərə görə, belə "bəsit proses" subyektiv qərarlara və həkimlərin yüksək məbləğdə cərimələnməsinə səbəb ola bilir.

"Həkimlərə qarşı şiddət həbsə səbəb olacaq"

Türkiyədə tibb işçilərinin etiraz aksiyasından sonra həkimlərə qarşı şiddət və malpraktisin (müalicə zamanı həkimin xəstənin müalicəni təmin etməməsi nəticəsində yaranmış zərər) qarşısının alınmasına yönəlmiş qanun layihəsi Türkiyə parlamentinin Ədliyyə Komissiyasına təqdim olunub.

Səhiyyə naziri Fahrettin Koca yeni qanun layihəsi ilə bağlı açıqlamasında deyib ki, tibb işçisinə qarşı qəsdən zərər vurma həbs üçün qanuni səbəb olacaq:

"Cinayət [törədən] qarşısında qorxuducu qanunu görəcək. Artıq hakim və prokurorlarımız başqa səbəbə ehtiyac duymadan həbs qərarı verə biləcəklər", - səhiyyə naziri Twitter səhifəsində bildirib.

Paylaşımını ötürün X
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X

3 günlük tətil

Hər il Türkiyədə həkimlərin və səhiyyə işçilərinin peşə bayramı günü olan 14 mart bu il hökumətlə gərgin qarşıdurma şəraitində qeyd edildi.

Təbiblər Birliyinin liderliyi ilə səhiyyə işçiləri onlara qarşı şiddət cinayətləri ilə bağlı cəzaların sərtləşdirilməsini nəzərdə tutan qanunun qəbulu, 5 dəqiqəlik xəstə müayinə intervalının və maaş hesablanması sisteminin dəyişdirilməsi tələbi ilə 3 günlük tətil aksiyası keçiriblər.

Səhiyyə Nazirliyinə tabe olan dövlət xəstəxanaları və ailə həkimliklərini əhatə edən etiraz aksiyası müddətində təcili tibbi yardım xidməti xaricində həkimlər işləməyi dayandırıblar.

Türkiyə, həkimlər, etiraz,

Şəklin mənbəyi, TWITTER, İSTANBUL TİBB PALATASI

Şəklin alt yazısı, Türkiyədə həkimlər 3 gün tətil ediblər

Erdoğan həkimlərlə bağlı: "Gedirlərsə, getsinlər"

Aksiyanın ilk günündə hökumət və həkim birlikləri arasında davam edən gərginlik dövlətin ən yüksək məqamlarına qədər sirayət etdi.

"Həkimlər az maaş aldıqlarına görə işdən gedirlərmiş… Gedirlərsə, getsinlər. Bu yerlər boş qalmayacaq. Biz də yeni yetişən assistentləri işə götürərik. Həkimliyi, sadəcə pul üzərində qurmaq humanist düşüncə deyil", - həkimlərin etiraz aksiyaları ərəfəsində muxtarlarla (yerli idarəçilər) keçirdiyi görüşdə Prezident Recep Tayyip Erdoğan bəyan etmişdi.

"Yeni işə girmiş polislə 7 il yüksək təhsil almış assistentə eyni maaş"

Türkiyə parlamentinin müxalif İYİ partiyasından olan təmsilçisi, tibb professoru Abdul Ahat Andican Prezident Erdoğanın fikirlərinin "bir dövlət başçısı üçün yolverilməz üslub" olduğunu deyib.

BBC News Azərbaycancaya müsahibəsində cənab Andicen deyib ki, prezident kürsüsündən edilən bu cür çıxışlar cəmiyyət üçün yararlı peşələrdən olan həkimliyi "nüfuzdan salır".

"Həkimlərin iş şəraitini ağırlaşdıran dəyişikliklərin edilməsi, xəstə qəbulu intervalının 5 dəqiqəyə düşürülməsi, vətandaşların həkimlərdən CİMER-ə (prezidentin informasiya ofisi) şikayət etməsinin asanlaşdırılması tibb işçiləri üzərində basqını artırır ki, bu da iş keyfiyyətinin axsamasına səbəb olur".

Abdul Ahat Andican deyib ki, "malpraktis" şikayətləri əsasında həkimlər milyonlarla lirə dəyərində cərimə ediliblər.

"Xəstə qəbulunda mövcud olan 5 dəqiqə intervalı həkimlərin yorğunluğuna və əldən düşməsinə səbəb olur və bu da onların yüksək səviyyəli tibbi xidmət göstərməsinə mənfi təsir edir", - deputat deyib.

Yeni işə başlayan bir polislə 7 il yüksək ali təhsil alıb həkimliyə başlayan assistentin maaşının eyni olduğuna diqqət çəkən cənab Andicen bu yanaşmanın ölkədən beyin axınına səbəb olduğunu deyib.

Səhiyyə nazirindən məktub: "…dostlarım"

Prezident Erdoğanın sərt çıxışına həkimlər bir gün sonra ölkənin müxtəlif şəhərlərində təşkil etdikləri yürüşlərdə "Heç bir yerə getmirik. Xalqımızın sağlığı və rifahı üçün işimizi davam etdiririk" şüarı ilə etirazlarını bildirdilər.

Səhiyyə naziri Fahrettin Koca Prezidentin həkimlərlə bağlı sərt fikirlərindən sonra yaranmış gərginliyi aradan qaldrmaq üçün həkimlərə ünvanladığı məktubda etirazçılardan "həkimlik xidmətinin daha yaxşı şərtlərdə icra olunması üçün düşünən dostlarım" deyə bəhs edib.

Türkiyə, etiraz, həkimlər, həkim, səhiyyə, iqtisadiyyat

Şəklin mənbəyi, TTB

"…sistem keyfiyyətə yox, kəmiyyətə yüklənməyə məcbur edir"

İstanbuldakı bir dövlət xəstəxanasında "uzman doktor" dərəcəsi ilə ümumi cərrah işləyən azərbaycanlı Ülvi Abdullayevin sözlərinə əsasən, Türkiyədə dövlət xəstəxanasında işləyən bir həkim 2009-cu ildə 6500 tl (dönəmin kursuna əsasən, 4300 ABŞ dolları), bu gün isə əlavələrlə birlikdə ən çox 22 000 tl (hazırki kursla təxminən 1490 dollar) maaş ala bilir.

"Bu yaxınlarda bir həkim dostum İsveçə köçüb. Deyir ki, gündəlik baxdığı xəstə sayı 10-u keçmir. Bizdə isə minimum 100 xəstə, bəzən 150-200 xəstəyə baxmalı oluruq. Sadəcə xəstənin anamnezini almaq elə 5-10 dəqiqə çəkə bilir. Amma bizdən hər xəstəyə 5 dəqiqə vaxt ayırmağı tələb edirlər", - deyə o öz işlərini avropalı həkimlərin işi ilə müqayisə edir.

Ülvi Abdullayevin sözlərinə görə, hazırda dövlət xəstəxanasında işləyən həkimin minimum əmək haqqından bir az çox olan maaşına xəstəxananın pul dövriyyəsindən gələn vəsaitləri əlavə etməklə maaşı yüksək göstərməyə çalışırlar:

"Nə qədər çox əməliyyat etsən, o qədər çox maaşına əlavə almaq imkanın olur. Məsələn, mən bu gün etdiyim öd kisəsi əməliyyatından aylıq gəlirimə əlavə edilən məbləğ 10 lirədir. Belə olan halda həkim də çalışır ki, daha çox əməliyyat etsin ki, daha çox qazansın. Həkimlər belə olan halda keyfiyyətə yox, kəmiyyətə üstünlük verməli olurlar".

Türkiyə, həkim, səhiyyə

Şəklin mənbəyi, Getty Images

"Əmək haqlarının ödənilməsi sisteminə yenidən baxılsın"

"Sağlamlıq sistemindən və təşkilati problemlərdən qaynaqlanan "malpraktis" araşdırmalarının və bizi böyük məbləğdə təzminatlara məhkum edən qaydaların qarşısını almaq üçün qanuni tədbirlər görülməlidir", - etiraz aksiyallarının təşkilatçısı olan Təbiblər Birliyinin təmsiçisi Süheyla Ağkoç bildirib.

BBC News Azərbaycancaya müsahibəsində o deyib ki, dövlət xəstəxanalarında çalışan həkimlərin aldıqları qonararın da sosial sığorta sisteminə əlavə edilməsini istəyirlər. Hazırda xəstəxanaya daxil olan sərmayə dövriyyəsinin bir qismi həkimlərə apardıqları müayinə və əməliyyat sayına görə qonarar kimi ödənilir.

"Ancaq bu vəsaitin sosial sığorta sisteminə daxil edilməməsi həkimlərin təqaüdlərinin az hesablanmasına səbəb olur", - deyə Süheyla Ağkoç vurğulayıb ki, buna görə də əmək haqqı sisteminə yenidən baxılmasını tələb edirlər.

Təbiblər Birliyinin təmsilçisinin fikrincə, həkimlərin ağır iş rejimi ilə yüklənməsi, istirahət etmədən 5 dəqiqəlik vaxt intervalı ilə xəstə müayinəsinə məcbur edilməsi həkimliyi "istehsal prosesinə" çevirib:

"Səhər işə gedirsiniz, dincəlmək üçün otağınız yox. Beş dəqiqədə bir xəstəyə baxırsınız. Növbəyə qalan assistent həkimlərimiz ayda 10-12 növbə çalışır, ertəsi gün istirahət etmədən işlərinə davam edirlər. Biz burada istehsalla yox, insan sağlamlığı ilə məşğul oluruq", - Süheyla Ağkoç iş şəraitinin ağırlığından danışarkən deyib.

"5 dəqiqədə bir [yeni] xəstəyə baxan, günlərcə fasiləsiz və yuxusuz çalışılan səhiyyə sistemində doktorların xata etmək risqi də çox olur. Çünki həkimlər əldən düşür, təhsil və ixtisas təkmilləşdirmələrinə yetərincə zaman ayıra bilmirlər", - Ağkoç əlavə edir.

"Biz bu ölkədən vaz keçməmişik"

Süheyla Ağkoç son vaxtlarda Türkiyə həkimlərinin Avropaya axınının müşahidə olunduğundan bəhs edib. O deyir ki, buna nümunə olaraq, Təbiblər Birliyindən "müsbət davranış sertifikatı"nın alınması üçün edilən müraciətlərin sayının artdığını göstərə bilər.

"Çünki Türkiyədə həkimlik etmək hər an ölüm qorxusu ilə yaşamaq deməkdir. Hər gün sizə şiddət göstərə, təhqir edə biləcək kütlə var. "Siz tələb edin, doktorlar bunu etməlidirlər, doktorların işi budur" siyasəti xəstələrlə həkimləri qarşı-qarşıya gətirən təfəkkürdür. Bu ölkənin siyasi mühitinin bunda çox təsiri var. Bu ölkədə azadlıq, demokratiya, ixtisaslı səhiyyə xidməti, hüquq olmadığı üçün həkimlər xaricə gedir. Halbuki heç birimiz bu ölkədən vaz keçməmişik. Biz bu xalqın övladlarıyıq və bu xalqa xidmət edəcəyik. Kimsənin bizə qapı göstərməyə haqqı yoxdur", - Süheyla Ağkoç bildirib.

Təbiblər Birliyinin nüməyəndəsi deyib ki, hökumətin qanun təkliflərini verməsinə baxmayaraq mövzu onlar üçün "qapanmayıb".

"Verilmiş qanun təkliflərini hüquqçularımızla birlikdə dəyərləndirdikdən sonra yol çizəcəyik", - Süheyla Ağkoç bildirib.