Rusiyanın Ukraynaya hücumu: Türkiyə necə siyasət yürütdü, hansı addımları atdı?

Şəklin mənbəyi, Reuters
Rusiyanın Ukraynaya hücumunun başladığı 24 fevraldan indiyədək Türkiyənin seçdiyi siyasi xətt göstərir ki, o, Qərb və NATO ilə koordinasiyalı hərəkət edəcək, amma Rusiyayla dərin iqtisadi əlaqələrini riskə atmaq istəməyəcək.
Montrö Konvensiyasının şərtlərinə əsasən Qara dənizə daha çox Rusiya hərbi gəmisinin keçməsinə mane olan Türkiyə bu ölkəyə qarşı sanksiyalar tətbiq etmək niyyətində olmadığını, münaqişənin həlli üçün Moskvayla dialoq kanallarının açıq qalması üçün əlindən gələni edəcəyini və bunun Qərb tərəfindən müsbət qarşılandığını bildirir.
Rusiyanın "xüsusi hərbi əməliyyat" adlandırdığı proses başlanan gün Türkiyə açıqlama verərək Ukraynanın ərazi bütünlüyünə və siyasi birliyinə sayğı göstərməyə çağırdı, Rusiyanın hücumunu pislədiyini elan etdi.
Bu ölkənin 2014-cü ildə Krımı işğal və ilhaq etməsini də tanımayan Türkiyə indi də beynəlxalq ictimaiyyətlə birlikdə hərəkət edəcəyini ortaya qoydu.
Türkiyə BMT-nin Baş Assambleyasının Rusiyanı qınayan qətnaməsinə də qoşuldu, eyni zamanda, Ukraynaya yüksək səviyyədə dəstək verdi.
Prezident Recep Tayyip Erdoğan Ukrayna Prezidenti Volodimir Zelenskiylə, bu ölkənin xarici işlər və müdafiə nazirləriylə tez-tez telefon əlaqəsi saxlayaraq Rusiyanın hücumundan sonra yaranmış vəziyyəti onlarla müzakirə etdi, Ukraynanın suverenliyinə Türkiyənin dəstəyini dilə gətirdi.
Son dövrdə Ukraynayla müdafiə sənayesi sahəsində iş birliyini genişləndirən Türkiyənin bu ölkəyə satdığı "Bayraktar" pilotsuz uçuş aparatlarından (PUA) Ukraynanın müdafiəsində effektli istifadə edilməsi iki ölkənin müdafiə nazirləri arasındakı dialoqu daha da önəmli hala gətirdi.
Mətbuatda Ukrayna rəsmilərinin Türkiyədən daha çox PUA almaq istəkləri ilə bağlı xəbərlər dərc edildi.
Türkiyə AFAD və "Qızılay"ın vasitəçiliyilə Ukraynaya insani yardım göndərməyə başladığını açıqladı, bütün bu addımlarıyla nümayiş etdirdi ki, torpaqlarını Rusiyanın hücumundan qoruyan Ukraynanın yanındadır.

Şəklin mənbəyi, Getty Images
Rusiyaya "Əməliyyatı durdur" çağırışı
Hərbi əməliyyat başlamazdan əvvəl də, sonra da "Nə Ukraynayla xüsusi əlaqələrimizdən, nə də Rusiyadan vaz keçərik" deyən Erdoğan vəziyyət pisləşəcəyi halda da balanslı siyasət yürüdəcəyi mesajını verdi.
Ancaq bu, Ankaranın Moskvaya "əməliyyatı dərhal durdurmaq"la bağlı çağırış etməsinə mane olmadı.
Prezident Erdoğan və xarici işlər naziri Mevlüt Çavuşoğlu hərbi əməliyyatların həm bölgə, həm də dünya üçün təhlükə yaratdığını, Rusiyanın dərhal onları durdurmalı olduğunu bildirdilər.
Mətbuata sızan xəbərlərdə qeyd edildi ki, Çavuşoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon söhbətində bunu bilavasitə onun özünə deyib.
Rusiya Prezidenti Vladimir Putinin nüvə silahlarıyla bağlı təlimatını tənqid edən ölkələrdən biri də Türkiyə oldu.
Prezident Erdoğanın xarici siyasət məsələləri üzrə müşaviri İbrahim Kalın Moskvanın nüvə kartını işə salmasını "səndələmə" olaraq qiymətləndirdi.
Türkiyə NATO ilə eyni mövqedə
Bu prosesdə Türkiyə həm ritorika, həm də fəaliyyət baxımından NATO və Qərblə eyni mövqedə olduğunu göstərməyə diqqət etdi.
Hətta NATO ölkələri liderlərinin fevralın 25-də keçirilmiş sammitindən əvvəl Prezident Erdoğan alyansı "kifayət qədər qətiyyətli davranmadığına" görə tənqid etmiş və toplantıda daha konkret qərarlar veriləcəyinə ümid etdiyini bildirmişdi.
NATO liderlərinin görüşündə yekdilliklə qəbul edilmiş qərarlar Şərqi Avropada alyansa məxsus quru və hava müdaxiləsi elementlərinin gücləndirilməsini və ilk dəfə olaraq bu regiona təxminən 40 min hərbçidən ibarət Cavab Qüvvələrinin yerləşdirilməsini nəzərdə tutur.
Digər müttəfiqləri kimi Türkiyə də bu qərarları dəstəklədi, amma NATO-nun Rusiyayla münaqişədən yayınması istiqamətindəki ümumi siyasətə tərəfdar olduğunu da bildirdi.

Şəklin mənbəyi, Getty Images
Türkiyənin son bir həftədə atdığı ən konkret addım 1936-cı il tarixli Montrö Konvensiyasının verdiyi səlahiyyətlərdən istifadə edəcəyini açıqlaması oldu. Bu, Qara dənizə çıxışı olan və özünü Rusiyadan müdafiə edən Ukraynanın rəsmi tələbindən sonra baş verdi.
Rusiya gəmilərinin keçməsinə icazə verilmədi
Prezident Erdoğan Nazirlər Kabinetinin 28 fevralda keçirilən iclasından sonra bildirdi ki, sülh və müharibə dövründə döyüşən tərəf olub-olmamasından asılı olaraq Türkiyə Çanaqqala və İstanbul boğazlarından Qara dənizə keçidi məhdudlaşdırmaq səlahiyyətinə malikdir.
Xarici işlər naziri Mevlüt Çavuşoğlu isə Qara dənizdən keçmək tələbi irəli sürməməklə bağlı ölkələrə müraciət etdiklərini, Rusiyanın 27-28 fevral tarixlərində 4 döyüş gəmisini Qara dənizə göndərmək tələbini geri çəkdiyini qeyd etdi.
ABŞ və Almaniya xarici işlər nazirləri Türkiyənin bu qərarını təqdir etdiklərini açıqladılar. Diqqət çəkən məqamlardan biri Rusiyanın sözügedən məsələyə mənfi münasibət bildirməməsi oldu.
Atəşkəs üçün dialoq cəhdləri
Bu adımlarıyla NATO üzvü kimi Qərblə eyni mövqedə olduğunu göstərən Türkiyə Rusiya və Ukrayna arasındakı müharibənin dərhal durdurulması və bölgə dövləti olaraq müzakirələrin başlaması üçün məsuliyyət nümayiş etdirmək istəyini də ortaya qoydu.

Şəklin mənbəyi, AFP
Çavuşoğlu bildirdi ki, Türkiyə dialoqun tam kəsilməsinin və körpülərin yandırılmasının faydalı saymadığı üçün Avropa Şurasının Rusiya əleyhinə qərarlarına səs verməyib:
"Biz dialoqu bitirməklə bağlı qərarlara qoşulmamalıyıq. Türkiyənin Rusiyayla əlaqələrinin kəsilməsinin Avropa Şurasına xeyri varmı? Xeyr. Ona görə də səsvermədə bitərəf qaldıq. Çünki bu, dialoqun bitməsi deməkdir".
Ankara Moskvayla dialoq kanallarının açıq qalmasının Rusiya və Ukrayna rəsmiləri arasında başlamış müzakirələrə də müsbət təsir edəcəyini düşünür. Prezident Erdoğanın xarici siyasət məsələləri üzrə müşaviri İbrahim Kalın yerli mətbuata verdiyi açıqlamada Türkiyənin müharibə edən tərəflər arasındakı danışıqları yaxından izlədiyini və Rusiyayla davam edən dialoq sayəsində təkliflərini Rusiyaya çatdırdığını açıqladı.
Rusiyanın tələblərini "çox maksimalist" hesab etdiklərini və Putinin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakovla telefon danışdığında bunu ona bildirdiyini vurğulayan Kalın həmçinin qeyd etdi ki, Qərb rəsmiləri də Türkiyənin Rusiyayla əlaqə saxlamasının vacib olduğunu düşünürlər və bu qənaətlərini ölkə rəhbərliyinə çatdırıblar:
"Bəzilərinin Rusiyayla əlaqəni saxlayıb onu danışıqlar masasına qayıtmağa təşviq etməsi lazımdır".
Çavuşoğlu isə Türkiyə mətbuatına verdiyi açıqlamada ən azı 24 saatlıq humanitar atəşkəs üçün səy göstərdiklərini bildirdi.

Şəklin mənbəyi, Reuters
Türkiyə sanksiyalara qoşulmaq niyyətində deyil
Türkiyənin Qərbdən fərqli davrandığı ən ciddi məqam Rusiyaya qarşı sanksiyalara qoşulmaması oldu. BMT Təhlükəsizlik Şurasının qətnamələrindən başqa, uzun illərdir sanksiya qərarlarına qoşulmamaq siyasəti yürüdən Türkiyə Rusiyayla yüksək səviyyəli qarşılıqlı əlaqələrini - iqtisadi, ticarət və enerji münasibətlərini qurban vermək istəmədiyini gizlətmir.
Kalın CNN kanalına müsahibəsində qeyd etdi ki, Türkiyə Rusiyayla enerji, turizm və kənd təsərrüfatı kimi sahələri əhatə edən güclü iqtisadi əlaqələrə zərər dəyməsini istəmir, sanksiyalar tətbiq etmək əvəzinə dialoqu saxlamağın faydalı olduğuna inanır. Keçən il bu ölkədən 5 milyon turist qəbul edən Türkiyə Qərb ölkələrindən fərqli olaraq hava məkanını Rusiyaya qapatmadı.
Türkiyənin sanksiyalara qoşulmaq istəmədiyini və münaqişədə tərəf tutmaq məcburiyyətində olmadığını, bunun Türkiyənin ümumi mövqeyilə ziddiyyət təşkil etmədiyini Çavuşoğlu da qeyd etdi.
Türkiyə rəsmiləri sanksiyalara qoşulmaqla bağlı Avropa Birliyi və ABŞ-dan hər hansı mesaj almadıqlaqlarını qeyd edirlər.
Ancaq diplomatik dairələrin qiymətləndirməsinə görə, müharibə uzanarsa və Ukraynadakı vəziyyət daha da pisləşərsə, bu mövqe dəyişə bilər.
Rusiya Türkiyənin ən böyük təbii qaz tədarükçüsüdür və ölkənin ilk nüvə stansiyasını da Rusiya tikir.
İlk reaktorların 2023-cü ildə istifadəyə veriləcəyi gözlənir. Türkiyəylə Rusiya arasında ticarət dövriyyəsinin həcmi 20 milyard dollardan çoxdur. Onlar bu rəqəmi 100 milyard dollara çatdırmağı hədəfləyir.









