Türk lirəsinin vəziyyəti Azərbaycan manatına təsir edəcəkmi?

Şəklin mənbəyi, Reuters
Bu həftənin əvvəlində Türkiyə lirəsinin kəskin ucuzlaşması diqqəti bu ölkəyə yönəldib.
Bazar ertəsi Türkiyədə dolların məzənnəsi 9.85 türk lirəsini aşaraq yeni rekorda imza atıb. Avronun məzənnəsi isə 11.46 lirəni ötüb.
Türkiyənin milli valyutası günün sonrakı saatlarında 9.59 lirəyədək dirçəlsə də, bu rəqəm hər gün dəyişməkdədir.
Cümə axşamı günü dollar 9.54, avro isə 11.11 lirədən hesablanır.
Bu, lirənin dəyərində ilk kəskin fərqlənmə deyil. The Washington Post, Financial Times, Bloomberg, Reuters kimi beynəlxalq media qurumları Türkiyə prezidentinin siyasətinin milli valyutaya təsirlərindən yazır.
Bəzi türkiyəli mütəxəssislər deyir ki, lirənin bu dəfəki dəyərsizləşməsində Türkiyə Mərkəzi bankının siyasəti ilə yanaşı Prezident Recep Tayyip Erdoğanın 10 ölkənin səfirini "persona non grata" elan etməsinin də payı var.
Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Türkiyədə maliyyə dəyişiklikləri Azərbaycana necə təsir edəcək? Bu, Azərbaycan manatı və iqtisadiyyatına necə təsir göstərə bilər?
Lirənin ucuzlaşması manata təsir edəcəkmi?
İqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycan manatının məzənnəsi birjalarda deyil, inzibati qaydada, Mərkəzi Bank və hökümət tərəfindən müəyyənləşdirildiyi üçün dünya bazarlarında və ya qonşu ölkələrdə baş verən hadisələrin manata "birbaşa təsiri yoxdur".
O söyləyir ki, Türkiyədə lirənin ucuzlaşmasının Azərbaycan valyutasına ancaq "psixoloji təsirləri" var:
"Ciddi iqtisadi-siyasi əlaqələrimiz olan, qardaş ölkə saydığımız Türkiyədə bunlar baş verirsə [lirənin ucuzlaşması], bunun nə vaxtsa Azərbaycanda təkrarlanması ehtimalından danışılır. Bu da manatın məzənnəsinə psixoloji təsir yaradır. Birbaşa asılılıq isə yoxdur".
Lakin iqtisadçı düşünür ki, Türkiyədə baş verənlər bu ölkə ilə ticarət münasibətlərinə müəyyən qədər təsir edəcək.
O deyir ki, türk lirəsi nə qədər ucuzlaşırsa, türk mallarına tələbat və maraq da bir o qədər artır, çünki qiymət "daha cəlbedici" olur.
Cənab Cəfərli hesab edir ki, lirənin ucuzlaşması Türkiyənin Azərbaycana ixrac etdiyi mal və məhsulların artımına səbəb ola bilər.
"Təəssüf ki, bu, hələlik qiymətlərə təsir göstərmir. Əslində, məntiqlə, Türkiyədən gətirilən məhsulların qiymətində müəyyən ucuzlaşma baş verməli idi və yaxud, bundan sonra baş verməlidir, amma təəssüf ki, bunu hələ görmürük. Bunun da səbəbləri var. Logistika, yol xərcinin bahalaşması, eləcə də Türkiyədə inflyasiya sürətlə getdiyinə görə yerində qiymətlərin bahalaşdığını söyləyirlər, ona görə hələ ki, bu anlamda birbaşa təsir etmir. Ancaq yaxın aylarda lirənin ucuzluğu davam edərsə, bir müddətdən sonra Türkiyədən gələn məhsullar həcm olaraq artacaq, qiymətində də müəyyən ucuzlaşmaya doğru dəyişmələr ola bilər".
Dövlət Gömrük Komitəsinin məlumatına görə, Türkiyədən Azərbaycana əsasən iri ev quşları, iri heyvanlar, ərzaq və geyim məhsulları, müxtəlif texnika vasitələri, müdafiə və aviasiya sənayesi məhsulları və digər məişət məhsulları idxal edilir.
Azərbaycandan isə Türkiyəyə əsasən, neft-qaz məhsulları, bəzi sənaye məhsulları və sair ixrac olunur.
Azərbaycan Türkiyəyə, həmçinin kənd təsərrüfatı məhsulları - bəzi pendir növləri, çay, meyvə-tərəvəz də ixrac edir.
Manatı nə gözləyir?
Natiq Cəfərli deyir ki, Azərbaycanda manatın dəyərsizləşməsi özünü manatın "alıcılıq qabiliyyətinin düşməsində" göstərir.
O söyləyir ki, hətta bu ilin əvvəlinə nisbətən manatın alıcılıq qabiliyyəti "kifayət qədər azalıb".
"Bu, ən azı devalvasiya qədər təhlükəli prosesdir. Amma manatın məzənnəsi daha çox neft qiymətlərindən asılı olduğundan nə qədər ki, neftin qiyməti yüksək səviyyədədir, o zaman manata olan basqıların azalacağını söyləmək mümkündür".
İqtisadçı düşünür ki, neftin bir barrelinin qiymətinin 85-86 dolllar olduğu dövrdə Mərkəzi Bank və Azərbaycan hökuməti hansısa bir formada məzənnə dəyişikliyinə getməz.
Ancaq o, həmçinin uzun zaman eyni sabit məzənnə rejimini saxlamağın "mümkün olmadığını" vurğulayır.
"Biz bunu öz tariximizdə də gördük. 2005-2015-ci illərdə sabit məzənnə rejimi 10 il davam etdi, ancaq sonradan Mərkəzi Bank məcbur oldu ki, manatın məzənnəsini 3 dəfə dəyişsin. Bunu nəzərə alsaq, uzun müddətli düşünsək, eyni sabit məzənnə rejiminin illərlə davam etməsi mümkün deyil. Bir müddətdən sonra, istər-istəməz manatın məzənnəsi ilə bağlı müəyyən qərarların alınması lazım olacaq, bu da daha çox neft qiymətlərindən asılı olacaq. Neftin qiyməti aşağı düşməyə başlayanda manata da təhlükə çoxalacaq. Ölkənin xərcləri ciddi şəkildə artacaq, bu xərcləri qarşılamaq, hökumətin prioritet elan etdiyi turizmi, qeyri-neft sekrorunun ixracatını artırmaq üçün də devalvasiya lazım olacaq".
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu ilin aprel ayında deyib ki, "Azərbaycanda makroiqtisadi sabitlik və valyuta bazarında tarazlıq qorunur".
O söyləyib ki, bunun üçün "ölkənin kifayət qədər maliyyə resursları var".
Azərbaycanda 2015-ci ildə iki dəfə - fevral və dekabr aylarında devalvasiya baş vermişdi.
2015-ci ildə fevralın 21-də Mərkəzi Bank bir gecədə manatın 34 faizlik devalvasiyasına qərar vermişdi, bununla da manatın təxminən 10 il sürən sabitliyi və möhkəmliyi sona çatmışdı.
Həmin ilin dekabrındakı qərardan sonra isə manat qiymətini az qala yarıyadək - 48 faiz itirdi. Mərkəzi Bank ABŞ dollarının məzənnəsini 1.55 manat müəyyən etmişdi.
2015-ci il dekabrın 21-də Azərbaycanın Mərkəzi Bankı milli valyutanın üzən məzənnə rejiminə buraxıldığını elan etmişdi.

Şəklin mənbəyi, Resul Rehimov/Anadolu Agency/Getty Images
Azərbaycan hökuməti bildirir ki, hazırda valyuta bazarında sabitliyin və manatın məzənnəsinin qorunması məqsədilə "zəruri tədbirlər görülməsi üçün bütün imkanlar var".
Mərkəzi Bank bildirib ki, orta illik inflyasiya yanvar-avqust aylarında 4.8 faiz, dövlət tənzimlənməsi tətbiq edilən qiymətlər, həmçinin mövsümə həssas kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2021-ci ilin yanvar-avqust aylarında 3 faiz təşkil edib.
Məlumatda deyilir ki, proqnozlara görə cari ildə orta illik inflyasiyanın 5.4-5.8 faiz, illik inflyasiyanın 7.0-7.5 faiz olacağını bildirib.
Bank növbəti ildə illik inflyasiyanın 4-5 faiz səviyyəsində olacağını proqnozlaşdırır.
Milli valyutalara sığınmaq
Azərbaycan və Türkiyə beynəlxalq şirkətlər və ölkələrlə apardığı ticarətdə dollar və avroya üz tutur. Ötən illərdə Türkiyə rəsmiləri, eləcə də Prezident Recep Tayyip Erdoğan dolların ölkə iqtisadiyyatına təsirini azaltmaq üçün Azərbaycanın da daxil olduğu "tərəfdaş ölkələri" dəfələrlə milli valyutada ticarət aparmağa çağırsa da, bu təkliflər hələ də reallaşmamış qalır.
Natiq Cəfərli deyir ki, zaman-zaman milli valyutada ticarət barədə təkliflər olsa da, bu, çox risklidir.
O söyləyir ki, sabit valyuta olmadıqca, iş adamları böyük itkilərlə üzləşir, çünki "məzənnə çox oynaqdır".
"Bir anlıq düşünək ki, türk lirəsi və Azərbaycan manatı ilə ticarət dövriyyəsi aparılır, lirənin dəyərdən düşməsi avtomatik olaraq Azərbaycan manatına, Azərbaycandakı qiymətlərə də təsir göstərəcəkdi. Və ya əks proses. Lirə dəyər qazansaydı, bu, Azərbaycanla ticarət dövriyyəsinə birbaşa təsir göstərəcəkdi. İş adamları öz risklərini sığortalamaq üçün istər-istəməz dünyada qəbul olunmuş sabit və dayanıqlı valyutalara üstünlük verirlər. Dollardan imtina edilsəydi, yəqin ki, avroya keçəcəkdilər. Necə ki, Rusiya və Çin arasında dollarla ticarət azalıb, avro ilə artıb".
İqtisadçı düşünür ki, regional ticarətin milli valyutalarla aparılması çarpaz məzənnə ilə, yəni, həmin ölkələrin milli valyutalarının sabit valyutalara olan məzənnəsinə uyğun müqavilələr bağlanmaqla aparılması mümkündür, ancaq bu, "xərcləri və riskləri artıran məsələdir".
Natiq Cəfərli hesab edir ki, yaxın gələcəkdə milli valyuta ilə ticarət texniki və iqtisadi baxımdan mümkün deyil.
Azərbaycanın ticarət dövriyyəsində əsas ölkələr sırasında ikinci, ixrac və idxalda isə üçüncü yeri tutan Türkiyə ilə 2020-ci ildə ticarət dövriyyəsi 4.5 milyard dollar olub.
Bu rəqəm 2019-cu ildə də eyni olub ki, bu da dünyanın 183 ölkəsi ilə ticarət münasibəti olan ölkənin ümumi xarici ticarət dövriyyəsinin 14 faizini təşkil edib.
Eyni zamanda, Türkiyə Azərbaycanın qeyri-neft ixracatında Rusiyadan sonra ikinci ən böyük tərəfdaşıdır.









