Manat niyə ucuzlaşdı? - BBC Azərbaycanca izah edir

    • Müəllif, Şəhla Əliquliyeva
    • Vəzifə, bbcazeri.com

Fevralın 21-i Mərkəzi Bank Azərbaycan milli valyutanın devalvasiyasını həyata keçirərək 1 Azərbaycan manatının rəsmi məzənnəsinin 1.05 ABŞ dollarına bərabər olduğunu elan etdi.

Manatın məzənnəsinə nə üçün bu formada müdaxilə edildi? Niyə on ilə qədər yüksək məzənnəsini qoruyub saxlaya bilmiş manat qəflətən devalvasiyaya məruz qaldı?

Hər bir dövlət məzənnəni pul -monetar - siyasət vasitəsilə tənzimləyir. Bu işi ölkənin mərkəzi bankı həyata keçirir. Milli valyutanın məzənnəsinin arzuolunan həddən aşağı düşmək ehtimalı yarandığı zaman mərkəzi bank özünün xarici valyuta ehtiyatlarının müəyyən hissəsini pul bazarına buraxır.

Nəticədə həmin valyutanın pul bazarında çəkisi artır və o milli valyutaya nisbətən ucuzlaşır. Başqa sözlə, milli valyuta öz yüksək məzənnəsini saxlayır.

Əksinə, xarici valyutanı pul bazarından çıxarmaqla onun bazarda çəkisini azaltmağa, məzənnəsini yüksəltməyə nail olmaq mümkündür. Prinsipcə monetar siyasət əsasən bundan ibarətdir.

Azərbaycanın iqtisadiyyatı və milli valyutası neft qiymətlərindən çox asılı olduğuna görə dünya bazarında neft qiymətlərinin 2014-cü ilin iyul ayından başlamış və bugünə qədər 47 faizə çatmış enişi manatın məzənnəsinə təsir etməyə bilməzdi.

Lakin Azərbaycanın Mərkəzi Bankı xarici valyuta rezervlərindən istifadə edərək məzənnənin stabil qalmasını ötən həftənin sonunadək təmin etdi.

Şəklin mənbəyi, cbar.az

Ekspertlər 2015-ci ilin yanvar və fevral ayları ərzində Milli Bankın valyuta ehtiyatlarından 2 milyard manata qədərini sərf etdiyini bildirirlər.

Neftin qiymətinin uzun müddət arzuolunan həddən aşağı qalacağı müddətdə Mərkəzi Bankın məzənnəni saxlamaq üçün müdaxiləsi ilin sonuna qədər xarici valyuta ehtiyatlarının bitməsi ilə nəticələnə bilərdi.

Mütəxəssislər dünya bazarında neft qiymətlərinin hələ uzun müddət 60 dollar həndəvərindən yuxarı qalxmayacağı barədə proqnozlar verirlər. Belə bir vəziyyətdə devalvasiyanın labüd olduğu iqtisadçılara məlum idi. Üstəlik devalvasiya nə qədər tez həyata keçirilərdisə mərkəzi bankın valyuta ehtiyatlarına bir o qədər çox qənaət olunardı.

Ekspertlər devalvasiya barədə qərarın veriləcəyi tarixlə bağlı bir-birindən fərqli proqnozlar verirdilər. Proqnozları verən zaman siyasi amilləri də nəzərə alırdılar. İyun ayında başlanacaq ilk Avropa oyunları, 2015-ci ilin Azərbaycanda parlament seçkisi ili olması da nəzərdən keçirilən amillər arasında idi.

Fevralın 15-i Milli Bankın rəhbəri Financial Times qəzetinə müsahibə verərək bildirdi ki,“Fiskal və monetar siyasətə bəzi düzəlişlər edilməsi çox vacibdir. Hesab edirik ki, mübadilə kursunun daha çevik rejiminə keçməliyik.”

Şəklin mənbəyi, AFP

Bu müsahibə təbii olaraq əhali arasında çaşqınlıq və panika yaratdı. İnsanlar manatla olan əmanətlərindən tez yaxa qurtarmaq üçün valyutadəyişmə məntəqələrinə üz tutdular. İqtisadçılar məzənnə ilə bağlı məsələlərdə psixoloji amilin rolunu çox gözəl anlayırlar.

Əhalinin adı çəkilən müsahibəyə belə reaksiyası tamamilə gözlənilən idi. İstənilən ölkənin əhalisi bu halda məhz əlində olan milli valyutadan yaxa qurtarmağa çalışaraq onu xarici valyutaya dəyişmək barədə düşünərdi.

Devalvasiya qərarının bu qədər tez və qəfil veriləcəyini isə nə sadə insanlar, nə də mütəxəssislər gözləyirdilər. Ümumi narazılığı yaradan da həmin bu gözlənilməzlikdir.

Yuxarıda qeyd etdiyimiz kimi son həftələrdə dövlət rəsmiləri təkcə monetar yox, həm də fiskal siyasətdə dəyişiklik etmək barədə şərhlər veriblər.

Fiskal siyasət hökumətin ölkə iqtisadiyyatına təsir etmək məqsədilə öz xərclərini (hökumət xərclərini) və vergi dərəcələrini tənzimləməsindən ibarətdir.

Bildiyimiz kimi, hər hansı bir dövlətin büdcəsinin mühüm hissəsi vergilər sayəsində formalaşır. Təbii ehtiyatlarla zəngin olan, iqtisadiyyatı əsasən bir təbii sərvətdən - Azərbaycanın halında neftdən - asılı olan ölkələrin büdcəsi də neft qiymətlərindən çox asılı olur.

Neftin qiymətinin aşağı düşməsi və ölkəyə gələn neft gəlirlərinin azalması büdcənin də planlaşdırıldığı kimi dolmamasına səbəb olur. Büdcə xərclərini yeni yaranmış vəziyyətə uyğunlaşdırmadıqda büdcə kəsrinin yaranması təhlükəsi ortaya çıxır.

Büdcə kəsrinin yaranmaması üçün hökumətlər iki tədbiri görməyə çalışırlar: mədaxili artırmaq və məsrəfləri azaltmaq. Sadə dillə desək fiskal siyasət elə budur.

Mədaxili artırmaq üçün ilk növbədə vergi siyasəti yenidən nəzərdən keçirilir, vergi dərəcələrində dəyişikliklər edilir, vergi toplamaları ilə bağlı rəsmi və qeyri-rəsmi davranışa yenidən baxılır.

Son günlərdə vergi müfəttişlərinin iri marketlərdə yoxlamalar aparmasını müşahidə etməyimiz də məhz buna görədir.

Büdcədən məsrəfləri azaltmağa gəldikdə isə, məhz hansı xərclərin azaldılmasını hökumətlərin özləri müəyyən edir.

Müxtəlif ölkələrdə bu, dövlət investisiyası hesabına həyata keçirilən, lakin təcili olmayan iri infrastruktur və sairə layihələrini təxirə salmaqla, yaxud sosial xərcləri azaltmaqla, maaşları artırmamaqla və başqa üsullarla həyata keçirilir.

Bu barədə seçim həmin an üçün mövcud olan vəziyyətdən və siyasi iradədən asılıdır.