Rəşad Şirinin bloqu: Mən siyasətə qarışmıram

    • Müəllif, Rəşad Şirin
    • Vəzifə, Siyasi təhlilçi, Bakı

Mən siyasətə qarışmıram. Bu sözü çox eşidirsiniz yəqin.

Cəmiyyətdə hər zaman fəal insanlar olur. Onlar digərlərindən daha çox anlayır və düşünürlər ümumi, ictimai məsələləri.

Yəni məsələn, təhsil, səhiyyə, idarəetmə, iqtisadiyyat, yollar, kənd təsərrüfatı, şəhərin, kəndin problemləri və sairə. Bu o demək deyil ki, bunlar ən ağıllı insanlardı. Əsla. Bəzən tam tərsini də görə bilərsən. Sadəcə bu insanlar fərqlidi.

Bu insanların bir xüsusiyyəti qabarıq olur. Onlar gördüklərindən nəticələr çıxarıb digər insanlarla bunu bölüşürlər. Bu insanlar ümumi problemlərə həll yolu axtaranda çox vaxt bunu müzakirə etmək istəyirlər.

Çünki həll üçün digər insanların da iştirakı vacib olduğunu düşünürlər. Digərləri isə bəzən “siyasətə qarışmadıqlarını” söyləyərək bu prosesdə maraqlı olmadıqlarını deyirlər. Bir çox problemlərdən əziyyət çəksələr də.

Onlar hesab edir ki, iştirak edib-etməməklərindən heç bir şey asılı deyil: dünya belə gəlib belə də gedəcək.

Məni çoxdandı bu sual düşündürür. Niyə biz istəyirik ki, insanlar məşğul olmaq istəmədikləri məsələlərlə məşğul olsunlar.

Yəni özlərinin iradəsinə, istəyinə zidd olaraq. Sanki insanlar uşaqdı və biz düşünürük ki, onlar bunun hələ dəyərini tam anlamayıblar, böyüyəndə başa düşəcəklər ki, biz haqlıydıq. Biz bunu onların yaxşılığı üçün deyirik.

Gəlin biraz bu yanaşmanın hardan gəldiyinə nəzər salaq.

Qədim Yunanıstanda şəhərə polis deyirdilər. Bizim bildiyimiz polis sözü də oradan gəlir. Şəhər azad insanların məkanı sayılırdı və siyasətlə ancaq azad insanlar məşğul olurdu.

Bu azadlıq mənəvi-etik kateqoriya deyildi, sosial status idi. Çünki Yunan şəhər dövləti olan polisdə ancaq azad insanlar, yəni qul olmayanlar, vətəndaş hesab olunurdu.

Siyasi qərarların verilməsində iştirak etmək üçün şəhərli olmalıydın, pulun və vaxtın olmalıydı. Qulların buna vaxtı yox idi və onlar təbii ki siyasətlə məşğul olmurdular.

Qadınlar da siyasətdən kənar idilər, onlar bərabərhüquqlu deyildirlər. Yeri gəlmişkən, dilimizdə çox istifadə olunan idiot kəliməsini Yunanıstanda siyasətlə məşğul olmayanlara deyirdilər. Sonradan daha neqativ məna yükləndi bu sözə.

Orta Əsrlərdə də feodal sistemdə dünyanın bir çox yerində təxminən buna bənzər siyasi struktur formalaşmışdı. Hobbsun, Russonun əsərlərinəki sosial saziş, anlaşma və bu kimi formaların xalq üçün mesajı bu idi: siyasətlə məşğul olan var artıq, siz bunu düşünməyin. Allah krala, şaha, xana, knyaza, çara bu işi tapşırıb, onlar da öz adamlarını seçib bu işi görürlər.

Təbii ki, azad şəhərlər yenə də var idi, və orada daha demokratik sistem işləyirdi, amma

1) mərkəzi dövlətin qurulmasıyıa azad şəhərlər artıq qayda yox, istisnaya çevrilirdi

2) hətta demokratik sistemin içində belə yenə iştirak edənlər və etməyənlər olur.

Yəni gördüyümüz kimi siyasətin əsrlər boyu bir strukturu var idi. Siyasətə qarışanlar və siyasətə qarışmayanlar hər ikisi eyni məkanda yaşayır və bir-biri ilə işi olmurdu.

Bu bir sosial, siyasi müqavilə idi. Qərar verənlər bir çox məsələlərin həllini öz üzərinə götürmüşdü. Yerdə qalanlar isə təsərrüfatla, paroyxial, yəni ev ətrafı, həyatları ilə məşğul idilər. Heç kimin heç kimdən bundan fərqli gözləntisi yox idi və siyasi sistem bu minvalla öz işini görürüdü.

Yaxşı bəs nə oldu ki, birdən insanlar “siyasətə qarışmayanları” qınamağa başladılar? Mənə elə gəlir ki, burada iki mərhələ var:

1) Avropada 17-ci əsrdən başlayan mərkəzləşmiş müasir milli dövlətin formalaşması və

2) 20-ci əsr demokratiyanın qurulması.

Birinci halda, tarixdə ilk dəfə olaraq eyni dildə danışan, eyni ərazidə yaşayan cəmiyyətlər dövlət tərəfindən birləşdirilərək millətə çevrildi.

Dövlətin polisi, ordusu, məktəbi, həbsxanası yarandı. İqtisadiyyat mərkəzləşdi. Hərbi xidmət məcburi oldu. Bütün bunlar yeni siyasi struktur gətirdi.

İdarə edənlərin idarə olunanlarla təması çoxaldı. İqtisadiyyat, hərbi sənaye, dövlət işində daha çox insana ehtiyac yarandı. Dolayısıyla, dövlət daha çox insanı vətəndaş etdi, iş verdi.

Hər tərəfdən gözləntilər artdı. Bütün bu dövlət makinasını, ordunu, polisi peşəkarlarla təmin etmək üçün ümümi tədris formalaşdı. Məktəb həm dövlətə kadr, həm də vətənə vətəndaş yaratmağa başladı.

Patriotizm, vətən və digər anlayışları müasir mərkəzi dövlətin formalaşması ilə ortaya çıxdı, ondan əvvəl heç insanlar bilmirdi vətən harda başlayır harda qurtarır. İnsanlar daha çox öz kəndləri, ailələri, şəhərləri ilə bağlı idilər: ölkə, dövlət, vətən anlayışı sonradan böyük miqyasda işlədilir.

Amma milli dövlətlərin qurulması hələ vətəndaşın yaranması demək deyildi.

19-20-ci əsrlərdə yeni bir proses başlayır. Kapitalizm, sənayeləşmə və siyasət bir-birinə qarışır.

Cəmiyyətlər artıq daha mürəkkəb olduğu üçün köhnə siyasi və sosial anlaşma formatları artıq özünü doğrultmur. Monarxiyalar cumhüuriyyətə, cumhuriyyətlər demokratiyaya transformasiya olmağa başlayır.

Siyasət və həyat sekulyarlaşır. Hakimiyyət Allaha bağlı olmadığı üçün özünə yeni mənbə, yeni legitimlik tapmağa çalışır.

Çoxdan unudulmuş və əslində yaxşı bir şey hesab olunmayan demokratik quruluş yada düşür. Bəli, Yunanlarda demokratiya oliqarxiya, tiraniya, oxlokratiya və digər “iya”lar kimi digər bir model idi və bir çoxları onun əslində zərərli olduğunu, insanları xaosa sürükləyən, təməli boş və zəif bir siyasi forma hesab edirdi.

20-ci əsrdə məhz demokratiyanın populyarlaşmasının, mənə görə əsas səbəbi, sənaye inqlabı nəticəsində insan cəmiyyətinin mürəkkəb forma alması və bu mürəkkəbliyi iqtidarların artıq əvvəlki kimi rahat mütləqiyyətçi üsullarla idarə edə bilməməsidir.

Dövlətlərin vətəndaşdan asılılığı yaranır. Vətəndaş vergi verir, iqtisadiyyatın əsasını təşkil edir, orduda xidmət edir və ən əsası – səs verir.

Bu səsvermə məsələsi bir çox şeyi dəyişir, vətəndaş uğrunda müxtəlif siyasi qruplar rəqabətə girir, vətandaşı fəal olmağa çağırır. Yəni əslində vətəndaşı fəal olmağa çağıran siyasi güc həmin vətəndaşın öz yanında olmasını, həmin partiyaya səs verməsini istəyir.

Avtoritar sistemlər siyasi partiyaları məhdudlaşdıranda əslində iki şeyi hədəfləyir – vətəndaşların digər siyasi rəqiblər tərəfindən hərəkərə gətirilməməsi və vətəndaşın həmin siyasi partiyaya səs verib rəğbət göstərməməsi.

Və bu zaman vətəndaşın siyasətə qarışıb qarışmaması arasındakı fərq hiss olunmaya başlayır. Yəni vətəndaş siyasətin ayrılmaz hissəsi düşünülür.

Amma burada çox vacib bir məsələ var və bunu anlamadan demokratiyanı anlamaq imkansızdı. “Siyasətə qarışmıram” şüarı əslində “problemlər məni maraqlandırmır” demək deyil.

Siyasətə qarışmıram – ümidim yoxdu, heç bir siyasətçiyə güvənmirəm, qorxuram, alternativ görmürəm deməkdi. Yəni özü-özlüyündə bu şüar, nə qədər passivliyi simvolize etsə də, əslində bir siyasi mövqe ortaya qoyur. Siyasətə qarışmamaq bir siyasi mövqedir, yəni.

Deyilənə görə, dəyişikliyi insanlar gətirdiyi qədər də şərait və siyasi imkanlar formalaşdırır. Siyasi sistemin həssaslığı və açılmağa getməsi bəzən siyasi pluralismin və hakim elita içində ziddiyətlərin məhsulu olur.

Təbii ki, bununla bağlı çox şey yazmaq olar. Mən sadəcə uzun zamandır mətbuatda, sosial mediada gedən, özüm də daxil olmaqla, siyasi fəal insanların siyasətə qarışmayanlarla bağlı fikirlərindən təsirlənərək, ki çox zaman bu fikirlər o qədər də xoşaqələn olmur, bəzi suallara cavab verməyə çalışdım.

Bir çox suallar hələ də açıq qalmaqdadır təbii. Amma burada çox vacib məsələ odur ki, insanları anlayaraq qiymət vermək lazımdı hadisələrə. O insanlarla razi olmasaniz belə. Yəni bu sadəcə bir humanizm deyil, həm də real siyasi imkanları görmək şansıdır.