Dollarla götürülən kredit manatla ödənilə bilərmi?

Şəklin mənbəyi, AFP
- Müəllif, Şəhla Əliquliyeva
- Vəzifə, bbcazeri.com
Fevralın 21-də Mərkəzi Bank manatın devalvasiyasını həyata keçirərərk ABŞ dollarına nəzərən rəsmi məzənnənin 1.05 AZN olduğunu elan edib.
Əhali arasında ciddi çaşqınlığa və narazılığa səbəb olan bu addım çoxlu suallar doğurub. Vətəndaşları ən çox düşündürən suallardan biri artıq ABŞ dolları ilə götürülmüş kreditlərin köhnə, yoxsa yeni məzənnə ilə qaytarılmalı olmasıdır.
Bu mövzunu araşdırdığımız zaman hüquqşünaslar arasında ciddi fikir ayrılığının olduğunu aşkar etdik. Məsələyə aydınlıq gətirmək üçün hüquqşünaslar Əkrəm Həsənov və Anar Qasımlıya müraciət etdik.
Hüquqşünas Əkrəm Həsənov deyir ki, Azərbaycan Respublikasının Konstitusiyasında konkret olaraq göstərilir ki, ümumən Azərbaycanda ölkənin milli valyutasından fərqli olan pul vahidlərindən ödəniş vasitəsi kimi istifadə etmək qadağandır.
Yəni Azərbaycanda hər hansı maliyyə əməliyyatını həyata keçirəndə, əmanət qəbul edəndə, kredit verəndə - heç bir halda xarici valyutadan istifadə etmək olmaz. Konstitusion norma çox sərt olduğuna görə biz praktikada onun tətbiq edilmədiyini, xarici valyutadan geniş istifadə edildiyini görürük.
Hüquqşünas hətta adı çəkilən konstitusiya normasına dəyişiklik edilməsini təklif edir.
Bundan başqa, Mülki Məcəllədəki pul öhdəlikləri ilə bağlı 439-cu maddə var. Bu maddədə yazılıb ki, “əgər tərəflərdən biri xarici vətəndaşdırsa o halda əməliyyatlar zamanı xarici valyutadan istifadə oluna bilər.”
Əgər məsələyə geniş baxılarsa, bu maddə konstitusiyanın müvafiq müddəasına ziddir.
“Amma, Azərbaycanda hətta bu normaya da riayət edilmir. Azərbaycan vətəndaşı Azərbaycan bankına dollarla əmanət qoyur, Azərbaycan bankından dollarla kredit alır. Beləliklə həm Konstitusiya, həm də Mülki Məcəllənin 439-cu maddəsi pozulur.”
Əkrəm Həsənov düşünür ki, adı çəkilən iki qanunda dəyişiklik edərək onları real praktikaya uyğunlaşdırmaq lazımdır.
Eyni zamanda 439-cu maddənin 2-ci və 7 bəndləri arasında da müəyyən ziddiyyət var. Əkrəm Həsənov qeyd edir ki, əgər sabah bu işlə bağlı məhkəmə prosesi olarsa ən azı 439.7-ci bənd qeyri-müəyyəndir, çünki orada “xarici valyuta” ifadəsi işlənmir.
439.2-də isə konkret deyilir. Məhkəmə də daha konkret müddəaya istinad edəcək. Bundan başqa, xarici təcrübəyə müraciət etsək bütün ölkələrdə qaydanın belə olduğunu görəcəyik.
Əgər borclar ilkin məzənnə ilə qaytarılarsa, onda əmanətləri xarici valyutada qoymağın və kreditləri xarici valyutada verməyin mənası qalmır. O halda insanlar qazanc əldə etmirlər.
Hüquqşünas Anar Qasımlı manatın məzənnəsində dəyişiklik edilməsi ilə bağlı son qərarın həm bankların, həm də vətəndaşların maraqlarına toxunduğunu qeyd edib.
"Əgər banklar, məsələn, bir ay əvvəl vətəndaşdan əmanəti 1 ABŞ dolları 78 qəpik olanda götürmüşdüsə, bu gün 1 manat 5 qəpiklə qaytarmalıdır. Bu, məsələnin bankların mənafeyinə təsir edən hissəsidir".
Azərbaycan Respublikasında ödəniş vasitəsi birmənalı olaraq manatdır. Kredit müqaviləsində ödəniş dollarla göstərilsə də vətəndaş krediti götürdüyü vaxt mövcud olan məzənnə ilə götürür. O məzənnəyə uyğun da qaytarmalıdır.
Təbii ki, dolların qiymətində təbii şəkildə baş vermiş 1-2 qəpiklik dəyişiklik mənafelərə o qədər də ciddi təsir etmir. Amma, dövlət orqanının qərarı ilə belə bir ciddi dəyişikliyin edilməsi maraqlara ciddi təsir göstərir. Təbii ki, bu halda elə bir qərar qəbul olunmalıdır ki, heç bir tərəf ziyana düşməsin, hüquqşünas qeyd edir.
“Yaxşı olardı ki, belə bir ciddi ərarı qəbul edən dövlət orqanı məsələnin digər tərəflərini də tənzimləsin. Bu məsələ öz həllini tapmalıdır ki, narazılıq yaranmasın. Bu öz həllini tapmayıb tərəflərin öz ixtiyarına buraxılanda ilk növbədə buna banklar və vətəndaşların özləri müqaviənin şərtlərinə, qarşılıqlı razılaşmaya uyğun olaraq aydınlıq gətirməlidilər".
Hüquqşünas düşünür ki, tərəflər bir araya gəlib şəraitin dəyişməsini, bunun nəticəsində tərəflərdən birinin ciddi ziyana məruz qala biləcəyini müzakirə etməlidirlər.
"Tərəflər mütləq bu ziyandan bir-birini sığortalamalı və ortaq məxrəcə gəlməlidirlər. Əgər tərəflər özləri razılıa gəlməsə bununla bağlı məhkəmə qərar qəbul etməlidir. Yəqin ki, bundan sonra banklarla vətəndaşlar arasında narazılıqlarla bağlı əhkəmə işləri artacaq".
“Bir hüquqşünas kimi mənim subyektiv fikrim belədir ki, vətəndaş kredit borclarını köhnə məzənnə ilə ödəməlidir. Çünki hal vətəndaşın təqsiri ucbatından yaranmayıb. Şəraitin əhəmiyyətli dərəcədə dəyişdiyi nəzərə alınmalıdır. Məsələn, siz şəraitin bu formada dəyişəcəyini əvvəldən bilsəydiniz krediti heç vaxt bu formada götürməzdiniz. Düşünürəm ki, bu məsələyə dövlət tərəfindən dərhal reaksiya verilsə, bu tənzimləmə də inzibati-amirlik metodları ilə deyil, tərəflərin hüquq bərabərliyi prinsipi şəraitində, onların hüquqlarının bərpasına kömək məqsədilə həyata keçirilməlidir.”
Hüquqşünas bu məsələ ilə bağlı Mülki Məcəllənin təkcə 439-cu yox, həm də 442-ci maddəsinə (şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi) müraciət edilməli olduğunu qeyd edib.
Anar Qasımlı həm də Azərbaycan Respublikasının Konstitusiya məhkəməsinin bu məsələyə şərh verməli olduğunu düşünür. “Hüquqşünasların subyektiv fikirləri fərqlənə bilər, lakin Konstitusiya şərh verməklə bu məsələyə nöqtə qoya bilər.”





