Manatın ucuzlaşması ilə bağlı bədbin proqnozlar

Azərbaycanda təhlilçilər və media fevralın 21-də manatın dəyərdən kəskin salınmasından bir neçə gün əvvəl Mərkəzi Bank başçısının televiziya vasitəsilə manatın dəyərinin kəskin endirilməyəcəyinə dair təminatlar verdiyinə diqqəti çəkir.
Fevralın 23-də bəzi mağazalar və valyuta dəyişmə məntəqələri işləmirdi, bir sıra mağazalarda 20-30 faiz qiymət artımı müşahidə edilib.
Manatın 21 fevral devalvasiyası nəticəsində Azərbaycanda 0.78 manata bərabər olan dollar və 0.89 manata bərabər olan avro kəskin bahalaşdılar: dolların dəyəri 1.05 manata, avronun dəyəri isə 1.19 manata qalxdı.
İnflyasiya, bankrotluq proqnozları
Haqqın.az vebsaytına əsasən, müstəqil millət vəkili Vahid Əhmədov Mərkəzi Bankın başçısını yalana görə ittiham edib.
"Bütün maliyyə sferaları, ipoteka fondları, maliyyə təşkilatları böyük ziyana düşdülər, bu isə sonda Azərbaycan əhalisinə zərbə vuracaq... Mərkəzi Bank rəhbərliyi bizi, deputatları və bütün Azərbaycan xalqını aldatdı", Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, manatın devalvasiyası kəskin inflyasiyaya səbəb ola bilər.
"Bankların əksəriyyəti sözün hərfi mənasında bir neçə dəqiqə ərzində böyük ziyana düşdülər. Və mən istisna etmirəm ki, onlardan bir çoxu müflis olacaq"- Kavkazskaya Politika saytı Vahid Əhmədovun sözlərini iqtibas edib.
İqtisadçı Oqtay Haqverdiyev deyib ki "Mərkəzi Bank Azərbaycan xalqını faktiki olaraq maliyyə böhranı girdabına salıb".
"Mən indi daha böyük inflyasiya və bahalıq gözləyirəm. Kreditlərlə bağlı problemlərin olacağını gözləyirəm. Digər çoxsaylı problemlər də olacaq...Biz böhran mərhələsinə qədəm qoymuşuq. Bu da gözlənilən idi. Manatın kursu düşdüyü üçün qiymətlər də artacaq. İndi hökumət xalqın sosial problemlərini təcili şəkildə həll etməlidir ki, bu böhran əhaliyə ağır zərbə vurmasın", Haqqın.az saytına əsasən Haqverdiyev bildirib.
Turan xəbər agentliyi bildirib ki, Mərkəzi Bankın manatı kəskin sürətdə devalvasiya etmək qərarı bundan əvvəl devalvasiyanın tədrici keçiriləcəyi barədə vədlərə zidd gedir.
"Bu qərar maliyyə bazarında panikaya və dollarla avroya tələbatın artmasına gətirəcək. İdxal edilən malların qiyməti kəskin artacaq," agentlik bildirib.
İqtisadçı ekspert Azər Mehdiyev manatın devalvasiyasının idxalı stimullaşdırmaq məqsədilə edilməsi barədə Mərkəzi Bankın izahatının əsasssız olduğunu göstərib, Turan bildirib.
Azər Mehdiyev deyib ki, bu arqument "yalnız ölkə rəqabətli məhsul istehsal etdiyi halda işləyə bilər. Hazırda isə, neft və qazdan başqa Azərbaycanın belə məhsulu yoxdur".

Şəklin mənbəyi, Getty
"Bu halda manatın kəskin ucuzlaşdırılması nə iqtisadiyyatın diversifikasiyasını, nə də istehsalın stimullaşdırılmasına xidmət edə bilməz," o, deyib.
İqtisadçı ekspert Vüqar Bayramov isə bildirib ki, manatın kəskin ucuzlaşması nəzərə alınmaqla inflasiya 2015-ci ildə 15 faiz təşkil edə bilər, bu isə Mərkəzi Bankın 7 faizlik proqnozundan təxminən 2 dəfə çoxdur, Kavkazskaya Politika xəbər verir.
"Bu gün kimi aydındır, çünki iş adamları malları xaricdən dollara alırlar", iqtisadçı Kavkazskaya Politika vebsaytına söyləyib.
Digər bir ekspert, Eyyub Hüseynov, vebsayta bildirib: "Düşünürəm ki, vəziyyətin pisləşəcəyinə hazır olmalıyıq".
Əliyev müdaxilə edə bilərmi?
"Bugün heç bir ekspert, heç bir rəsmi şəxs milli valyutanın gələcək aqibətini proqnozlaşdırmaq gücündə deyil. Buna görə söz sizindir cənab Prezident [İlham Əliyev]," Vüqar Həsənov Kavkazskaya Politika nəşrində yazıb.
Çərşənbə axşamı Prezident Əliyev manatın devalvasiyasını və onun nəticəsində yaranmış vəziyyəti şərh edərkən deyib ki, regionda gedən proseslər Azərbaycana "istər-istəməz təsir göstərir və ... son bir il ərzində MDB məkanında ... yaşanan gərginlik müəyyən dərəcədə Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib".
Məzənnədə qəfil artımı izah edən ölkə başçısı deyib ki, bu, Mərkəzi Bankın manatın məzənnəsi aşağı düşəcəyi barədə bəyanatından sonra yaranan "ajiotaja" görə baş verib. "Bir qədər manatın məzənnəsində dəyişiklik olan kimi, əhali valyutadəyişmə məntəqələrinə üz tutdu və kütləvi şəkildə dollar almağa başladı", Prezident Əliyev deyib, və Mərkəzi Bankın valyuta ehtiyatlarının azalmağa başladığını bildirib.
"Belə olan halda qərar qəbul edildi ki, manat ucuzlaşsın".
Yanvarın 13-də, prezident Əliyevin müdaxiləsindən sonra Tarif Şurası benzinin bahalaşması barədə qəbul etdiyi qərarı ləğv edib.
Yanvarın sonunda prezident Əliyev eksportu stimullaşdırmaq məqsədilə manatın avroya nisbətən zəiflədilməsinin vacibliyini qeyd etmişdi.
Dolanışıq bahalaşıb
Siyasi təhlilçi Ərəstun Oruclu müxalifət qəzeti Yeni Musavat-a deyib ki, inflyasiya istənilən ölkədə yoxsulluğun artması və radikallaşmaya səbəb ola bilər.
Onun təbirincə, manatın gözlənilməz devalvasiiyası qiymətlərin bahalaşmasına və nəticədə radikallaşma prossesinin güclənməsinə gətirib çıxaracaq.
Almaniyadan yayımlanan müxalifət yönlü Meydan TV vebsaytına danışan iqtisadçı ekspert Qubad Ibadoglu real inflyasiyanın Mərkəzi Bankın 2015-ci ilə proqnozundan 2-3 dəfə çox olacağını, nəticədə "həyat səviyyəsi həddinin enəcəyi... və hökümətlə əhali arasında münasibətlərin gərginləşəcəyini" söyləyib.
Mətbuat icmalını BBC Monitoring hazırlayıb.




