Azərbaycanda minimum maaş, təhsil təqaüdləri və sosial müavinətlər nə qədər artırılıb?

uşaqpulu müavinətlər pensiyalar təqaüdlər ödəmələr təqaüdlər yaşlılar təhsil təqaüdləri sosial müavinətlər

Azərbaycanda yanvarın 1-dən müavinət və təqaüdlər, minimum aylıq maaş artırılıb.

Bəs, artım əsasən kimləri və hansı sahələri əhatə edib? - BBC News Azərbaycanca suala cavabda toplayıb.

Bu ildən minimum maaş və pensiya nə qədər artırılıb?

Dekabr ayında ölkədə minimum aylıq əməkhaqqının məbləğinin artırılması barədə də qərar qəbul edilib.

Yanvarın 1-dən minimum aylıq əməkhaqqının məbləği 300 manat olub. 2019-cu ildən bəri minimum aylıq maaş 250 manat idi.

Yaşa, əllillik dərəcəsi və digər hallara görə ödənişlər nə qədər artırılıb?

Yaşa, əlillik dərəcəsinə görə, eləcə də digər bəzi məsələlərə görə verilən müavinətlər 10-50 manat artırılıb.

Yaşa görə müavinət 130 manatdan 180 manata çatdırılıb.

Əlilliyin hər üç dərəcəsinə görə birinci və ikinci qrupa görə müavinətlər 50 manat artırılaraq, müvafiq olaraq 200 və 180 manata, üçüncü qrupda isə 10 manat artırılaraq 120 manata çatdırılıb.

Birinci qrup əlilliyi olan şəxslərin baxıcılarına verilən prezident pensiyasının aylıq məbləği 50 manatdan 80 manata qaldırılıb.

Azərbaycan kasıblıq gəlir inflyasiya iqtisadiyyat

Şəklin mənbəyi, Anadolu Agency/Getty Images

Uşaqlara görə ödənilən müavinətlərdəki artım nə qədər olub?

Azərbaycanda 1 yaşadək uşağı olan aztəminatlı ailələrə verilən müavinət 55 manatdan 70 manata, övladlığa uşaq götürənlərə ödənilən müavinət isə 40 manat artırılaraq 200 manata çatdırılıb.

Eləcə də 18 yaşadək sağlamlıq imkanları məhdud uşağı övladlığa götürənlərə ödənilən müavinət 480 manatdan 600 manata qədər artırılıb.

Uşağın doğulmasına görə birdəfəlik müavinət 100 manat artırılaraq 300 manata çatdırılıb, dəfn üçün birdəfəlik müavinət 50 manat artırılaraq 350 manat olub.

Çoxuşaqlı anaların da aldığı müavinətlər artıb. 5-dən çox uşağı olan qadınlar üçün müavinət 15 manat artırılaraq 70 manata qaldırılıb.

Sağlamlıq imkanı məhdud olan 18 yaşadək uşaqlara baxan şəxslərə verilən prezident pensiyasının aylıq məbləği də 50 manatdan 80 manata qaldırılıb.

Digər müavinətlərdə artım isə belə olub:

  • Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara verilən müavinət 150 manatdan 200 manata,
  • Ailə başçısının itirilməsinə görə müavinət 80 manatdan 100 manata,
  • Müddətli hərbi xidmətdə olanların uşaqlarına verilən müavinət 100 manatdan 120 manata,
  • Valideynlərini itirmiş uşaqların qəyyumlarına verilən müavinət 100 manatdan 120 manata çatdırılıb.

Ölkədə təhsil təqaüdləri nə qədər artırılıb?

Artım siyahısında təhsil təqaüdləri də var. Ölkədə bütün səviyyələrdə təhsil alan tələbələrin (orta ixtisas məktəbləri, ali məktəblərin bakalavriat və magistratura səviyyələri), eləcə də doktorantların təqaüdləri 20 faiz artırılıb.

Fəxri adlara görə təqaüdlərin məbləğində artım nə qədər olub?

Fəxri adlara görə təqaüdlərin məbləği 20-30 manat artırılıb.

Xalq yazıçısı, Xalq şairi, Xalq artisti, Xalq rəssamları 30 manatlıq artımla 180, Əməkdar yazıçısı, Əməkdar şair, Əməkdar artist, Əməkdar rəssamlara isə 20 manat artımla 120 manat təqaüd hesablanıb.

Müavinətlərin, təqaüdlərin artırılması barədə qərar Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin dekabrında verilib.

2021-ci ildə hansı məhsul və xidmətlərin qiyməti bahalanıb?

Azərbaycan Prezidenti İlham Əliyev bu il yanvarın əvvəlində verdiyi bir müsahibəsində deyib ki, maaş və digər ödənişlərin artırılması "çörəyin qiymətinin qalxmasının təzminatı kimi qiymətləndirilə bilər".

Azərbaycanda 2021-ci ildə müxtəlif təqaüd, müavinət və pensiyalarla yanaşı bir sıra məhsulların qiymətində də artım müşahidə olunub.

2021-ci il ərzində Azərbaycanda kommunal xidmətlərin, yanacağın, eləcə də dövlət rüsumlarının məbləği artırılıb.

2021-ci ildə həm də ərzaq məhsullarının - un, yağ, yumurta, ət, toyuq və toyuq məhsulları, şor, şəkər, şəkər tozu, meyvə-tərəvəz və sairin də qiyməti bahalaşıb.

Ölkədə un və çörəyin qiymətinin bahalaşacağına dair xəbərlər 2021-ci ilin dekabrında yayılıb, bəzi satış nöqtələrində dekabrın sonu - yanvarın əvvəlində, "qərar gözləyən" satış nöqtələrində isə yanvarın 6-dan sonra çörəyin qiyməti 15 qəpik bahalaşıb.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın əvvəlində yerli mediaya müsahibəsində bildirib ki, bir müddət öncə maaş və digər ödənişlərin artırılmasını bahalaşmanın "təzminatı kimi" qiymətləndirmək olar.

"Bildiyiniz kimi, minimum əməkhaqqı 20 faiz, minimum pensiya 20 faiz, təqaüdlər, sosial müavinətlər artırılıb. Bütövlükdə bu, bizə 1,5 milyard manat vəsaitə başa gəldi və əhatə dairəsi 2 milyon insandan çoxdur. Biz hesab edirik ki, bu artan maaşlar çörəyin qiymətinin qalxmasının təzminatı kimi qiymətləndirilə bilər və bu addım birinci dəfə deyil atılır."

Qiymətlər 2021-ci ildə və 2022-ci il, yanvarın əvvəlində artsa da bəzi pensiyaçılar BBC News Azərbaycancaya hələlik "artırılmış məbləğlə" təqaüd almadıqlarını, bəziləri isə təqaüdünü alsa da artırılmış məbləğin əlavə olunmadığını bildiriblər.

2021-ci ildə Azərbaycanda inflyasiya nə qədər olub?

Mərkəzi Bank dekabrın 17-də illik inflyasiya proqnozlarını 1-2 faiz həddində yüksəldərək 11.4 və 11.9 faiz səviyyəsinə qaldırıb.