Karantin müddətində müxalifətçilər, ictimai fəallar niyə həbs olunur?

polis bu gün koronavirus müxalifətçilərin həbsi

Şəklin mənbəyi, Getty Images

    • Müəllif, Aygül Mehman
    • Vəzifə, BBC News Azərbaycanca

Azərbaycanda koronavirusla bağlı karantin rejiminin tətbiqi ərəfəsindən indiyə qədər 14 nəfər müxalif mövqeli şəxs həbs olunub.

Martın 22-dən bəri həbs olunan bu şəxslər ya karantin rejimini pozması, ya da digər səbəblərdən saxlanılaraq 15 gündən üç ayadək həbs edilib. Bir nəfər isə "müalicə almaq üçün" psixiatriya xəstəxanasına göndərilib.

Müxalifət nümayəndələri və hakimiyyət tənqidçilərinə görə, saxlanan şəxslərin həbsi "siyasi motivlidir".

Daxili İşlər Nazirliyi "müxalifətin iddialarının heç bir əsası olmadığını" deyir, "bu cür qərəzli fikirlərin cəmiyyəti çaşdırmaq məqsədi güdən dezinformasiya" sayır.

Parlamentin İnsan Hüquqları Komitəsinin rəhbəri Zahid Oruca görə, "Azərbaycan hakimiyyətinin başlıca qayğısı hansısa 5-10 müxalifətçinin mövqeyi" deyil.

Bəzi beynəlxalq təşkilatlar Azərbaycan hökumətinin "karantin rejimindən istifadə etməklə, hökumət tənqidçilərini susdurmağa çalışmasını" tənqid edib.

Azərbaycanda martın 24-dən xüsusi karantin rejimi elan olunub. Aprelin 5-dən isə hökumət vətəndaşlardan küçəyə çıxmazdan əvvəl SMS icazə almağı tələb edib. Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb, 1000-dən çox adamda yoluxma halı aşkarlanıb, ölənlərin sayı 10-nu keçib.

"Rejimi pozub" və ya "əmrə tabe olmayıb" ittihamı

İndiyədək "karantin rejimini pozub" və ya "polisin qanuni əmrinə tabe olmayıb ittihamları ilə "10-dan çox müxalifətçi saxlanılıb".

Ötən həftənin cümə günü AXCP üzvü Nicat Abdullazadə 30 günlük inzibati həbs olunub. Partiyanın digər üzvü Təzəxan Mirələmli BBC News Azərbaycancaya bildirib ki, Nicat Abdullazadə bazarlığa gedərkən mülki geyimli şəxslər tərəfindən saxlanıb.

"Nicat Abdullazadəyə saxlanma səbəbi kimi əvvəlcə "karantin rejimini pozduğu" deyilib, daha sonra ona İnzibati Xətalar Məcəlləsinin "polisin qanuni əmrinə tabe olmamaq" maddəsi üzrə 30 sutka həbs verilib," - o deyib.

Eyni gündə gecə saat 11-də Lənkəran şəhərində yaşayan ictimai fəal Nəriman Abdullayevin "qapısını döymüş mülki şəxslər onu özləriylə aparıblar".

Nəriman Abdullayevin anası Dilrubə Abdullayeva iddia edir ki, oğlu "siyasi baxışlarına görə" həbs edilib.

"Qapını döydülər, gecə 11 idi. Gələnlər mülki geyimdə idilər. Dedilər ki, Nəriman lazımdır, "rəis tapşırıb". Səbəbini soruşdum, dedilər ki, "səbəb yoxdur. Sadəcə bir-iki sual verməliyik". Telefonunu özümdə saxladım, vermədim. Səhəri gün telefon üçün bir də gəldilər. "Telefonu verməsəniz, sonra özünüz yalvaracaqsınız ki, alın telefonu" dedilər. Telefonu götürüb getdilər,"- Dilrubə Abdullayeva BBC News Azərbaycancaya deyir.

Saxlandıqdan sonra ailəsi onun saxlanması qərarının surətini almaq üçün polisə müraciət etsə də, onlara "qərarın Nəriman Abdullayevin özünə veriləcəyi" bildirilib.

Dilrubə Abdullayeva bildirir ki, oğlu ilə görüş ala bilmirlər.

AXCP lideri: "karantin vəziyyətini fürsət bilib"

Aprelin 8-də iki AXCP üzvü, partiya sədrinin müavini Faiq Əmirli və sədrin cangüdəni Ruslan Əmirli "karantin rejimi qaydalarının pozulması" ittihamı ilə saxlanılıblar. Onların barələrində 30 sutka inzibati həbs qərarı verilib.

Hər iki şəxsin yaxınları onlara əvvəlcədən "nə xəbərdarlıq, nə də cərimə yazıldığını " bildirir.

AXCP sədri Əli Kərimli aprelin 9-da öz sosial media hesabında bu həbslərlə bağlı yazıb ki, "Azərbaycan hakimiyyəti karantin vəziyyətini fürsət bilib, müxalifət fəallarının kütləvi şəkildə həbsinə start verib".

Daha kimlər həbs olunub?

Həbs olunanlar arasında ehtiyacı olan ailələrə yardım paylamağa gedərkən saxlanmış Hikmət Ağayev də var. Onun atası Xeyrulla Ağayev BBC News Azərbaycancaya deyir ki, oğlunu Bakının Lökbatan qəsəbəsində imkansız şəxslərə ərzaq yardımı apararkən "karantin qaydasını pozduğuna görə" cərimələyiblər.

Sabahısı isə Hikmət Ağayevi ailəyə məxsus meyvə-tərəvəz satışı yerindən "tutub aparıblar": "Şənbə günü saat 4-5 arası iki nəfər mülki geyimli gəlib dükana, onu maşına basıb aparıblar. Saxlandıqdan indiyədək onunla bağlı düz-əməlli məlumat ala bilmirik,"- Xeyrulla Ağayev deyib.

Azərbaycan Demokratik Rifah Hərəkatının (ADR) üzvləri Şakir Məmmədov və Vəfadar Əliyev oxşar ittihamlarla 15 və 30 sutka müddətinə həbs olunublar.

Martın 22-də Milli Şuranın üzvü Tofiq Yaqublu barəsində "xuliqanlıq" maddəsi ilə cinayət işi açılıb və 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Tofiq Yaqublunun qızı Nigar Həzi bütün ittihamları rədd edir.

Koronavirus müxalifətçilərin həbsi bu gün

"Görünür, hansısa iqtisadi böhran gözlənilir"

Azərbaycan hökumətinin tənqidçilərindən olan Xədicə İsmayılova BBC News Azərbaycancaya deyir ki, "əslində Prezident "kifayət qədər açıq şəkildə" … "ölkədə müxalifətin olmasına dözmək niyyətinin olmadığını" ifadə edib.

"Onun Novruz bayramındakı çıxışından sonra bəlli idi ki, karantin dövründən və bu fövqəladə tədbirlərdən də istifadə edərək repressiya maşını müxalifətçilərin əleyhinə yönələcək. Prezident sözünün üstündə durur. Nə vəd vermişdisə, onları da yerinə yetirir".

Xədicə İsmayıl hesab edir ki, hazırda "müxalifət hansısa "repressiyalara səbəb olacaq addımlar atmır".

"Müxalifətin daxilində nə xüsusi səfərbərlik, nə də xüsusi aktivlik görürük. Ancaq, görünür, hökumət nümayəndələrində bizdə olmayan məlumat var. Görünür, hansısa iqtisadi böhran gözlənilir. Və buna cavab olaraq, əhali sosial dirəniş göstərə bilər və ya sosial partlayış ola bilər, müxalifətdə xalqın önünə çıxmağa kimlər varsa, o şəxsləri zərərsizləşdirməyə çalışırlar".

Xədicə İsmayılın fikrincə, hökumət bəzən "tanınmamış şəxsləri də zərərsizləşdirir", çünki bu şəxslər hökumətin işlərini "təftiş edir".

"Ona görə də bu şəxslərin və təmsil etdikləri qurumların məşhurlaşmasına və sıralarının genişlənməsinə mane olmaq lazımdır. Əhalinin gözünü qorxutmaq lazımdır. Ayrı-ayrı partiyaların üzvlərinin gözünü qorxutmaq lazımdır. Hətta bizim heç tanımadığımız, ancaq öz icmasında güman yerinə çevrilə biləcək adamlar da hədəfdirlər," - Xədicə İsmayıl bildirir.

Azərbaycan Prezidenti İlham Əliyev xalqa Novruz Bayramı ilə bağlı təbrik müraciətində "karantin dövründə 5-ci kolonun nümayəndələrinin təcrid edilə biləcəyini" bildirib.

"Onlar düşməndirlər və biz bunu açıq deməliyik. Bu xəstəlik biz bilmirik nə gətirib çıxaracaq. Ona görə, bu xəstəlik dövründə tamamilə yeni bir münasibətlər qaydaları mövcud olacaq. … İstisna edilmir ki, nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər və istisna edilmir ki, belə olan halda bu beşinci kolonun nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq" deyə cənab Əliyev bayram çıxışında deyib.

Koronavirus bu gün polis müxalifətçilərin həbsi

"Sanki həbsxana uğrunda yarış keçirirlər"

Milli Məclisin İnsan Hüquqları Komitəsinin rəhbəri Zahid Oruca görə, "Azərbaycan hakimiyyətinin başlıca qayğısı hansısa 5-10 müxalifətçinin mövqeyi" deyil.

O, BBC News Azərbaycancaya deyir ki, hakimiyyət xalqın sağlığını və təhlükəsizliyini təmin etmək üçün bütün imkanlarını və idarəetmə resurslarını səfərbər edib.

"Təəssüf ki, Əli Kərimli cəbhəsi … belə bir səhnəni yaratmağa çalışırlar ki, guya siyasi hüquqların məhdudlaşdırılması niyyəti ilə daha artıq dərəcədə sərtliyi tətbiq etmək və rəqibləri sıradan çıxarmaq üçün istifadə edilir (karantin rejimindən). … İlham Əliyev mart ayında, Milli Məclisin tribunasından bütün siyasi qüvvələrə çağırış edəndə, barışı özündə əks etdirən, xüsusilə də parlamentin formalaşmasında başqa partiyalara da meydan verən modeli əsas götürüb, hətta ən kəskin radikalizmi özündə ehtiva edən qüvvələr belə öz leksikonunu və fəaliyyətini dəyişə bilərdilər. Dəyişmədilər".

İndiyədək həbs olunmuş müxalifətçilər və ictimai fəallara gəldikdə isə Zahid Oruc bildirir ki, "müvafiq inzibati xətalara yol verən şəxslərin sayı müxalifətin iddia etdiyi rəqəmlərdən xeyli çoxdur.

O əlavə edir ki, koronavirus pandemiyası ilə mübarizə aparan Avropa ölkələri də tətbiq etdikləri karantin rejimini pozanlara sərt qaydalar tətbiq edirlər və onun fikrincə, həsb olunan hakimiyyət tənqidçiləri "indiki şəraitdə qanunları pozaraq, sanki həbsxana uğrunda yarış keçirirlər".

Deputat hesab edir ki, müxalifətin pandemiya ilə mübarizədə İlham Əliyev hakimiyyətinin daha az itki ilə çıxacağı təqdirdə "güclü nüfuz əldə etməsi", "İlham Əliyevin liderliyinin gücləndirilməsi" xofu var.

"Cəmiyyəti çaşdırmaq istəyən dezinformasiyadır"

Daxili İşlər Nazirliyi təkcə mart ayında xüsusi karantin rejimi faktının pozulmasına görə beş cinayət işi üzrə 11 nəfər məsuliyyətə cəlb edilib, 154 nəfər inzibati qaydada həbs edilib, 33 mindən çox şəxs barəsində digər tənbehedici tədbirlər görülüb.

DİN-ə görə, "bu cür qərəzli fikirlər cəmiyyəti çaşdırmaq məqsədi güdən dezinformasiyadan başqa bir şey" deyil.

BBC News Azərbaycanca həbs edilmiş müxalifətçilərin hansı şəraitdə, məhz hansı qaydanı pozmasını, o cümlədən niyə çoxuna cərimə tətbiqi yox, məhz həbs cəzası verilməsini Daxili İşlər Nazirliyindən öyrənə bilməyib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov BBC News Azərbaycancaya deyib ki, onlar yaydıqları məlumatla "müxalifətin iddialarına cavab veriblər".

"Müxalifətçilərin həbsinin yeni bölümü"

Azərbaycan hökumətinin siyasi repressiyaları əsaslandırmaq üçün pandemiyadan istifadə etməsindən qəzəblənən Avropa Şurası Parlament Asambleyasının məruzəçiləri Prezident İlham Əliyevin məlum çıxışından çıxışından bir qədər sonra, onun çıxışını və martın 22-də xuliqanlıqda itiham olunaraq polis tərəfindən saxlanmış, daha sonra barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmiş hökumət tənqidçisi Tofiq Yaqublunun həbsinə münasibət bildiriblər.

"Mən, Azərbaycan hökumətinin koronavirus pandemiyasından utanmadan istifadə edərək siyasi müxalifətə qarşı növbəti basqını təşkil etməsinə heyrət edirəm", məruzəçi Roger Gale deyib.

Digər bir məruzəçi Stefan Schennach isə deyib ki, "Prezident Əliyevin ölkəsinin qanuni siyasi müxalifətini "satqın", "beşinci kolon" kimi təsvir etmək üçün istifadə etdiyi dil çox qeyri-demokratikdir".

Cənab Schennach "fövqəladə vəziyyətlərdə siyasi plüralizm və məsuliyyətli ifadə etmə azadlığının vacibliyindən" və bu siyasətin ictimaiyyət arasındakı müzakirələrdə sərbəst məlumat axınına imkan verməsindən" də bəhs edib.

Müxalifətdə olan siyasətçi Tofiq Yaqublunun "xuliqanlıq" iddiası ilə saxlanması və həbsinə cavab olaraq xanım Evarsdottir "Bu günə qədər eşitdiyim hər şeyin cənab Yaqubluya açılan işin uydurma olduğunu və onun bir daha siyasi məhbus edildiyini göstərdiyini" deyib.

"Aşkar görünür ki, Azərbaycan hökuməti planlaşdırılmış siyasi repressiyaların növbəti mərhələsini həyata keçirir. Bu, ölkənin gələcəkdə Avropa Şurasında mövcudluğu üçün yaxşı olmayacaq", o vurğulayıb.

Human Rights Watch təşkilatının Avropa və Orta Asiya müdiri Giorgi Gogia isə "Azərbaycan hökumətinin hökumət tənqidçilərini susdurmaq üçün uydurma ittihamlarla işləməsi təcrübəsinin uzun illərdir mövcud olduğunu deyib.

Tofiq Yaqubluya qarşı açılan cinayət işi də bu qəbildəndir", cənab Gogia əlavə edib.