Azərbaycanda SMS-lə küçəyə çıxmaq icazəsi: 9 suala cavabda

    • Müəllif, Aygül Mehman
    • Vəzifə, BBC News Azərbaycanca

Video açılmırsa YouTube-dan izləyin.

Azərbaycanda ölkə əhalisi iki gündür ki, küçəyə çıxmaq üçün ya xüsusi arayışdan, ya da SMS-lə icazədən istifadə edir.

Bu, hakimiyyətin koronavirus pandemiyası ilə mübarizə tədbirlərinə aiddir.

Ancaq bu yeni qayda sakinlərdə çoxlu suallar yaradıb. BBC News Azərbaycanca bu suallara cavab tapmağa çalışıb.

Azərbaycan hökumətinin qərarına əsasən, aprelin 5-dən etibarən vətəndaşlar ödənişsiz 8103 qısa SMS xidmətindən istifadə etməklə evdən çıxa bilərlər.

Bəs, bu xidmət kimlərə şamil olunmur? Bu xidmətdən istifadə etməyə məcburiyyəti olmayan şəxslərin verilən imkandan sui-istifadə etməmələri üçün hansı tədbirlər görülür? Kimlər evdən nə üçün və necə çıxa bilər?

Azərbaycanda koronavirusla mübarizə tədbirləri çərçivəsində martın 24-dən aprelin 20-dək xüsusi karantin rejimi tətbiq olunub.

koronavirus
xətt

1. SMS icazə tətbiqindən necə istifadə etməli?

SMS-lə icazə gün ərzində bir dəfə olmaqla, hər bir vətəndaşa həkimə, aptekə, bazarlığa getmək üçün 2 saat və yaxın qohumun dəfnində iştirak üçün 5 saat müddətinə evdən kənarda olmaq imkanı verir.

SMS sistemi avtomatikdir, mesaj nəzərdə tutulan mətn qaydasına uyğun yazılmadıqda, cavab gəlməyəcək. Ona görə də mesaj mətninin doğru daxil edildiyinə əmin olun.

  • Həkimə getmək üçün

Təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla bağlı həkimə getməli olan vətəndaş icazənin məqsədini bildirən xüsusi kodu (bu halda 1 kodunu) yazıb, boşluq buraxaraq vətəndaşın şəxsiyyət vəsiqəsinin AZE11111111 (hər kəs öz şəxsiyyət vəsiqəsinin nömrəsini yazır) seriya nömrəsini yazaraq 8103-ə göndərməlidir.

SMS göndərdikdən sonra bir saat ərzində vətəndaşa cavab mesajı gəlməli və onun evdən çıxması üçün icazə verilməlidir. Vətəndaş evi yalnız cavab mesajı aldıqdan sonra tərk edə bilər.

Həkimə getmiş vətəndaş tibb müəssəsində verilmiş icazə müddətindən çox qaldığı təqdirdə, həkimdən bu barədə arayış almalıdır.

  • Aptekə, bazarlığa, banka, poçta getmək üçün

Vətəndaşlar aptekə və ya bazarlığa getmək və ya bank və poçt xidmətlərindən istifadə etmək üçün lazım olan kodu (bu halda 2 kodunu) və şəxsiyyət vəsiqəsinin AZE11111111 (hər kəs öz şəxsiyyət vəsiqəsinin nömrəsini yazır) seriya nömrəsini yazaraq 8103-ə göndərməlidir.

  • Yaxın qohumun dəfninə getmək üçün

Vətəndaşlar yaxın qohumun dəfninə getmək üçün lazım olan kodu (bu halda 3 kodunu) və şəxsiyyət vəsiqəsinin AZE11111111 (hər kəs öz şəxsiyyət vəsiqəsinin nömrəsini yazır) seriya nömrəsini yazaraq 8103-ə göndərməlidir.

2. Bəs SMS xidməti kimlərə tətbiq olunmur?

• Yaşı 65-dən yuxarı şəxslərə küçəyə çıxmaq hökumət tərəfindən qadağan edildiyi üçün onlar bu icazə xidmətindən yararlana bilməzlər.

• Bəzi dövlət qurumlarının əməkdaşlarına iş yerindən arayış verildiyi üçün onların SMS icazə almalarına ehtiyac yoxdur.

• özəl qurumlar və diplomatik korpusların, o cümlədən Azərbaycandakı xarici nümayəndəliklərin əməkdaşları "icaze.e-gov.az" portalından istifadə etməklə hərəkət edə bilərlər.

İş yerindən arayışı olan şəxslərin mağazaya və ya digər zəruri xidmət yerlərinə getmək üçün xüsusi icazə almalarına ehtiyac yoxdur.

Hərəkət etmələrinə icazə verilmiş şəxslər mütləq şəxsiyyət vəsiqələrini üzərlərində gəzdirməlidirlər.

3. Sərbəst hərəkət imkanı olan şəxslərin bu imkandan sui-istifadə etməmələri üçün hansı tədbirlər görülür?

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BBC News Azərbaycancaya bildiriblər ki, karantin rejimində istənilən qaydanı pozduğu aşkarlanan şəxslər "inzibati məsuliyyət daşıyırlar".

4. Bəs başqa şəhər və ya rayon qeydiyyatında olub, amma Bakıda yaşayan şəxslər bu SMS icazədən yararlana bilərmi?

Bakıda yaşayan, lakin başqa şəhər və ya rayon qeydiyyatında olan vətəndaşlar da SMS icazə sistemi vasitəsilə müraciət edə bilərlər. Onlar da zəruri hal üzrə müəyyən edilmiş koda əsasən təsdiq cavabı aldıqdan sonra evdən çıxa bilərlər.

5. Şəxsi təsərrüfatı olan vətəndaşlar evdən çıxmaq üçün SMS icazə almalıdırlarmı?

Təsərrüfat sahələri yaşadığı evə yaxın olan, yəni, öz yaşadığı kənddə yerləşən vətəndaşın evdən çıxarkən SMS icazə almasına ehtiyac yoxdur.

Lakin təsərrüfatı digər bir kənddə və ya digər kəndin ərazisində olan vətəndaşlar öz yerli icra nümayəndəliyinə müraciət edərək, təsərrüfat sahələrinə getmək icazəsi ala bilərlər. İcazənin müddətinə isə sözügedən qurum qərar verə bilər.

Daha ətraflı məlumat üçün vətəndaşlar Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

6. Vətəndaşlığı olmayan şəxslər və əcnəbilər 8103 mesaj xidmətindən istifadə edə bilərlərmi?

Ölkədə müvəqqəti və ya daimi yaşayan və ya vətəndaşlığı olmayan şəxslər, o cümlədən ölkə ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər də icazə kodunu şəxsiyyəti təsdiq edən sənədin seriya nömrəsini 8103-ə göndərməklə icazə ala bilərlər.

7. Vətəndaş etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqəsi ilə SMS icazəyə müraciət edə bilərmi?

Etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqəsi ilə də SMS sistemi vasitəsilə icazə almaq mümkündür. Bu halda heç bir məhdudiyyət tətbiq olunmur.

8. Hansı hallarda icazə almağa gərək yoxdur?

Həyat və sağlamlığa təhlükə olduğu hallarda vətəndaşın SMS icazəsi almasına gərək yoxdur.

Şəxslər, həmçinin məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərmədən yaşayış yerini tərk edə bilər.

Lakin həmin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.

9. SMS icazə tətbiqindən istifadə edə bilməyənə nə etməli?

SMS-dən istifadədə çətinlik yaranarsa, vətəndaşlar 9108 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Küçəyə çıxmaq icazəsi üçün 8103 qısa nömrəsinə lazımi kodu yazıb, boşluq buraxaraq, şəxsiyyət vəsiqənizin seriya nömrəsini yazıb göndərin
Şəklin alt yazısı, Küçəyə çıxmaq icazəsi üçün 8103 qısa nömrəsinə lazımi kodu yazıb, boşluq buraxaraq, şəxsiyyət vəsiqənizin seriya nömrəsini yazıb göndərin