Azərbaycanda koronavirus: “Vəziyyət ciddiləşir, xəstəxanalarda yer çatmayacaq”

Şəklin mənbəyi, Anadolu Agency/ Getty Images
"Vəziyyət ciddiləşir, xəstəxanalarda yer çatmayacaq. Bu, bütün ölkələrdə görülən problemdir".
Bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında bildirib.
Azərbaycanda koronavirusun ilk halı 28 fevralda qeydə alınıb.
Ölkədə ümumilikdə koronavirus infeksiyasına yoluxanların 400-ə çatıb. Onlardan 26 nəfəri sağalıb, 5 nəfər vəfat edib.
Hazırda aktiv koronavirus xəstələrinin sayı 369-dur. Onlardan 8 nəfərin vəziyyəti ağır, 11 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.
Martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub.
"Çıxmaq olmaz!"
Yaqut Qarayeva bildirib ki, vətəndaşlar çox ciddi məcburiyyət olmadan evdən çıxmamalıdırlar.
"Mən gəzməyə çıxdım, kimisə görməyə gedirəm. Hər kəsin ozünə görə səbəbi var. Hər kəs hesab edir ki, biz o səbəbi düşünüb yol tapmalıyıq. Xeyr, elə deyil. Bu, ciddi vəziyyətdir, bu, karantin rejimidir, bu, ciddi tələblərdir. Məncə başa düşmək zamanı gəlib, bu tələbi qoyuruq ki, insanlar bayıra çıxmasın. Çıxmaq olmaz, qəti qadağandır. Vəziyyət pisləşmədən biz bu qadağaları qoymaq məcburiyyətindəyik", o deyib.
O deyib ki, hazırda xəstə sayı artarsa, onların müalicəsini necə təmin etmək və süni tənəffüs aparatları ilə təminat məsələləri ilə bağlı düşünürlər.
"Bütün dünyada gedən prosesdir. Bu surəti azaltmaq lazımdır. Elə etmək lazımdır ki, xəstələr xəstəxanaya tədricən gəlib düşsün və biz hər xəstəyə tibbi xidmət göstərə bilək", o deyib.
Yaqut Qarayeva onu da qeyd edib ki, hazırda tək qorunma yolu özünü izolyasiyadır.
TƏBİB sözçüsünün sözlərinə görə, son günlər bütün respublika ərazisində virusun aşkarlanması qeydə alınır və artıq rəqəmlər günə 10-20 nəfər artır.
Yaqut Qarayeva vətəndaşlar arasında bir-birindən yoluxma hallarının olduğunu deyir.
"Virusa yoluxan şəxsləri tez aşkarlamaq, onları və ətrafındakıları izolyasiya məqsədilə bütün bölgələrdə test aparılır", o bildirib.
Yaqut Qarayeva deyib ki, bu günə qədər koronavirusla bağlı 30 minə yaxın test keçirilib.
O deyib ki, istifadə edilən kit Almaniya istehsalıdır və maliyyə tələb edir.
O, Gəncədə yeni laboratoriyanın qurulmasının mümkünlüyündən danışıb.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov ölkədə maska istehsalı ilə bağlı danışıb və deyib ki, Sumqayıtda bunun üçün avadanlığın böyük hissəsi quraşdırılıb.
O, maska istehsalı üçün zəruri xammalın ölkəyə gətirildiyini deyib.
O, dəqiq vaxt deməsə də, "tez müddətdə maskaların istehsalına başlanacağını" deyib və gündə 200 min maskanın istehsal edilə biləcəyini bildirib.










