Azərbaycan: bu gündən küçəyə çıxmaq üçün icazə almaq lazımdır

bakı, koronavirus, polis

Şəklin mənbəyi, Getty Images

Bazar günündən aprelin 20-sinə qədər ölkə ərazisində yalnız işləməyə icazəsi və xüsusi əsası olan şəxslər hərəkət edə biləcəklər.

Nazirlər Kabineti dünyada pandemiya halını almış koronavirusla mübarizə üçün martın 24-dən tətbiq etdiyi karantin qaydalarını bir az sərtləşdirib. Azərbaycanda koronavirusa yoluxanların sayı 500-ə yaxınlaşıb, 5 nəfər bu virusdan vəfat edib.

Cümə axşamı açıqlanan yeni qaydalara görə, evlərindən çıxma icazəsi olmayan şəxslər zəruri halda bayıra çıxmalı olsalar, o zaman 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər.

koronavirus
xətt

SMS göndərmək ödənişsizdir.

SMS məlumatında zəruri halları izah edən aşağıdakı üç indeksdən birini və şəxsin şəxsiyyətini təsdiq edən məlumat (seriya və nömrəsi) qeyd edilməlidir.

Nazirlər Kabineti “zəruri hallar” deyəndə aşağıdakıları nəzərdə tutur və belə indeksləşdirir:

Təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almağın rəqəmi 1-dir.

İcazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir.

Ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar 2 rəqəmi daxil edilməlidir.

İcazə 2 saat müddətinə gündə 1 dəfə verilir.

Yaxın qohumunun dəfnində iştirakla əlaqədar 3 rəqəmi daxil edilməlidir.

Nazirlər Kabineti yeni qaydanı belə təsvir edir: Məsələn, ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti yarandıqda yaşayış yerini tərk etmək üçün “2 AZE1111111” (hər kəs öz şəxsiyyət vəsiqəsinin nömrəsini yazır) məzmunlu SMS məlumatı göndərilməlidir.

Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS məlumatında icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər.

Hansı hallarda SMS-ə gərək yoxdur?

Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS məlumatın göndərilməsi tələb olunmur.

O cümlədən, şəxs məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərmədən yaşayış yerini tərk edə bilər.

Sadəcə onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.

Əgər SMS-dən istifadədə çətinlik yaranarsa, vətəndaşlar 9108 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Bəzi dövlət qurumları onlara iş yerindən verilən arayışla, özəl qurumlar və dipliomatik korpusların, o cümlədən Azərbaycandakı xarici nümayəndəliklərin əməkdaşları “icaze.e-gov.az” portalından istifadə etməklə hərəkət edə biləcəklər.

Hərəkət etmələrinə icazə verilən şəxslər mütləq şəxsiyyət vəsiqələrini üzərlərində gəzdirməlidirlər.

Yanlış məlumat verməklə hərəkət icazəsi alan hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir, Nazirlər Kabineti xəbərdarlıq edir.

Amma hökumət görüləcək cəza tədbirləri barədə açıqlama verməyib.