İlham Əliyev: "Büdcədə dövlət qurumlarının xərcləri şişirdilir"

İlham Əliyev

Şəklin mənbəyi, President.az

İlham Əliyev hökumətə dövlət büdcəsinə yenidən baxılmasını tapşırıb.

President.az saytının məlumatına görə, tapşırıq İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində olan müşavirədə verilib.

İlham Əliyev deyib ki, iqtisadi vəziyyətə pandemiyanın təsiri qaçılmazdır.

"Baş Nazir, maliyyə naziri və iqtisadiyyat naziri, dövlət xərclərinə yenidən baxılsın və prioritet təşkil etməyən xərclər ixtisar edilsin. Eyni zamanda vəsaitin xərclənməsinə çox ciddi nəzarət mexanizmi tətbiq olunmalıdır," - Prezident İlham Əliyev deyib.

İlham Əliyev bildirib ki, investisiya və cari xərclərə yenidən baxılmalıdır.

"Xərclər şişirdilir"

Prezident deyib ki, "bəzi hallarda cari xərclər şişirdilir".

"Xüsusilə dövlət təşkilatlarının, dövlət şirkətlərinin cari xərcləri, əfsuslar olsun ki, şişirdilir və bu sahəyə çox ciddi diqqət göstərilməlidir,"- İlham Əliyev deyib.

Prezidentin sözlərinə görə, ilin sonuna qədər sosial sahədə heç bir proqram ixtisar edilməyəcək.

Xərci gəlirindən çox büdcə

Azərbaycanın 2020-ci il dövlət büdcəsi dörd ay əvvəl ötən ilin dekabrında prezident tərəfindən təsdiqlənib.

Qanuna əsasən, 2020-ci ildə Azərbaycanın xərci gəlirindən çox olacaq.

2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134, 5 milyon manat, xərcləri isə 26 milyard 894,7 milyon manat məbləğində təsdiq edilib.

Dünyada koronovirusun yayılması iqtisadiyyata təsirsiz ötüşmür. O cümlədən dünya bazarında neftin qiyməti kəskin aşağı düşüb.

Azərbaycan bu ilin büdcəsini formalaşdırarkən neftin bir barelini 55 dollardan hesablamışdı. Hazırda isə bir barel neftin qiyməti 20 dollar civarındadır.