Azərbaycan neft hasilatını azaldır: neft gəlirləri də azalacaqmı?

Şəklin mənbəyi, AFP
Azərbaycan gündəlik xam neft hasilatını 164 min barrel azaldacaq. OPEC üzvü və qeyri-üzv dövlətləri neft hasilatını azaltmağa razılaşıblar, - Energetika Nazirliyi bildirib.
Energetika naziri Pərviz Şahbazova görə, dünyada neftin qiymətinin tənzimlənməsi üçün "qlobal əməkdaşlıq şəraitinə" ehtiyac var.
Enerji məsələləri üzrə təhlilçi İlham Şaban deyir ki, bu azalma ilə Azərbaycan "bir sıra hasilat istismar quyularını bağlamaq məcburiyyətində qalacaq, çünki üzərinə düşən öhdəlik həcmləri kifayət qədər böyükdür".
Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 9-cu iclasında əldə edilən razılığa görə, Azərbaycan mayın 1-dən gündəlik 718 min barel yox, 554 min barel neft istehsal edəcək.
Dünya bazarında neftin bir barelinin qiyməti 22 dollara qədər düşmüşdü. Bunun bir səbəbi hazırda dünyada sürətlə yayılan koronavirus pandemiyası ilə əlaqədar olaraq bir çox ölkənin tətbiq etdiyi karantin rejiminə görə neftə tələbatının azalmasıdırsa, digər səbəb OPEC dövlətlərinin hasilatın azaldılması ilə bağlı razılığa gələ bilməməsiydi.
OPEC üzvü və qeyri-üzv ölkələrinin cümə axşamı günü keçirdikləri iclasda qiymətin tənzimlənməsi üçün neft hasilatının tədricən azaldılmasına razılıq əldə olunub.
"Mayın 1-dən iyulun 1-dək Azərbaycanda gündəlik neft istehsalı razılaşdırılmış kvotaya uyğun tənzimlənəcək. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamalıdır,"- Azərbaycan Energetika Nazirliyinin məlumatında deyilir.
Azərbaycan neft hasilatını 2022-ci ilin aprelinə qədər müxtəlif həcmlərdə azaltmaq öhdəliyi götürüb.
Energetika naziri Pərviz Şahbazova görə, dünyada neftin qiymətinin tənzimlənməsi üçün "qlobal əməkdaşlıq şəraitinə" ehtiyac var, qurumun yaydığı məlumatda bildirilir.
"Mart ayından indiyə kimi qısa müddətdə bir daha əmin olduq ki, neft bazarında davamlı sabitlik qlobal səviyyədə ortaq məsuliyyət, tənzimləmə prosesi xaricində mümkün deyil. Hazırkı situasiya və dünya iqtisadiyyatı, eləcə də neftə qlobal tələbatın özünü bərpa edəcəyi ilə bağlı qeyri-müəyyənlik neft bazarına gələcəkdə də dəstəyi zəruri edir. Bu prosesə "OPEC plus"dan kənar ölkələrin cəlbi isə olduqca vacibdir," - energetika naziri Pərviz Şahbazov bildirib.
"Azərbaycanın öhdəlik həcmləri böyükdür"
Enerji məsələləri üzrə təhlilçi İlham Şaban deyir ki, bu azalma ilə Azərbaycan "bir sıra hasilat istismar quyularını bağlamaq məcburiyyətində qalacaq, çünki üzərinə düşən öhdəlik həcmləri kifayət qədər böyükdür".
İlham Şaban neft hasilatının aşağı salınması ilə neft gəlirlərinin də azalacağını proqnozlaşdırır, amma onu da əlavə edir ki, bu, daha çox dünya bazarında neftin bir barelinin qiymətindən asılı olacaq.
Təhlilçiyə görə, OPEC "bu cür radikal addım atmaqla, yəni, 10 milyon barrel nefti bazardan yığışdırmaqla neftin gələcək qiymətinin azalması və onun artımına nail olmağı hədəfləyir".
O bu addımın özünü nə qədər doğruldacağının zamanla bilinəcəyini düşünür.
Gəlirlər azalacaq, amma...
İlham Şaban hesab edir ki, neft hasilatının azaldılması qərarı ilə Azərbaycanın da gəlirləri azalacaq, lakin vurğulayır ki, neft hasilatı neftin qiymətinin daha da aşağı düşməməsi üçün azaldılır.
Təhlilçi söyləyir ki, OPEC "bu cür radikal addım atmaqla, yəni, 10 milyon barel neftin bazardan yığışdırılması ilə neftin gələcək qiymətinin azalması və onun artımına nail olmağı hədəfləyir".
O, bu addımın praktikada nə qədər özünü doğruldacağının zamanla bilinəcəyini deyib.







