İlham Əliyev: "Mən dediyim kimi işləməlisiniz, vəssalam!"

Ilham Əliyev

Şəklin mənbəyi, President.az

"Kölgə iqtisadiyyatı" Azərbaycanda "dözülməz dərəcəyə"gəlib çıxmışdı, sahibkarla məmur arasında sövdələşmə pozulmalıdır, - Prezident İlham ƏIiyev bildirib.

Regionların "2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"-nın icrası ilə bağlı keçirilən konfransda prezident deyib ki, vergi və gömrük orqanları keçən il proqnozdan əlavə 1 milyard manatdan çox vəsait toplayıb. Onun sözlərinə görə, bu vəsait əvvəllər "kiminsə cibinə gedib" və "bu pullardan Azərbaycan vətəndaşı məhrum idi".

"Məmurlar görən kimi haradasa iş başlayır, bəzi hallarda dərhal cumurlar ora, öz payını tələb edirlər, yaxud da ki, nəsə qoparmaq istəyirlər," - İlham Əliyev deyib.

Bazar ertəsi günü keçirilən konfransda prezident Azərbaycanda sahibkarlara dəstəyin artırılmalı, rüşvət və kölgə iqtisadiyyatının qarşısının alınmalı olduğundan danışıb.

Onun fikrincə, sahibkarlara çox böyük imkanlar yaradılıb, ona görə də onlardan tələb olunan odur ki, "dürüst olsunlar, təmiz işləsinlər, əyri yola getməsinlər, vergiləri gizlətməsinlər".

"Vergiləri tam ödəsinlər, vergilərdən başqa heç kimə, heç bir quruma, heç bir şəxsə bir manat pul verməsinlər. Çünki rüşvətxorluğun iki tərəfi var: alan və verən. İndi mən potensial rüşvət verənlərə deyirəm ki, dayandırın bunu. Əgər kimsə sizdən əsassız nəsə tələb edirsə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, mərkəzi icra orqanlarına dərhal məlumat verin," - İlham Əliyev deyib.

"Kölgə iqtisadiyyatı olmamalıdır, vəssalam"

Prezident əlavə edib ki, dövlət kölgə iqtisadiyyatına "göz yummur", sahibkar da gərək "öz biznesini kölgədən 100 faiz çıxarsın".

"Kölgə iqtisadiyyatı olmamalıdır, vəssalam, çox sadə. Düzdür, hər yerdə var, hər ölkədə var. Bizdə bu, dözülməz dərəcəyə gəlib çıxmışdır".

İlham Əliyev 2020-ci ilin yanvar ayında "kölgə iqtisadiyyatı ilə mübarizə" sayəsində vergi orqanlarının proqnozdan əlavə 120 milyon manat, gömrük orqanlarının isə 40 milyon manat vəsait yığdığını deyib.

Prezident bildirib ki, dövlət orqanları kölgə iqtisadiyyatına son qoyulması ilə bağlı "keçid dövrü" müəyyən edib.

O qeyd edib ki, "bəri başdan çox sərt tədbirlər görmək düzgün olmaz", insanlar buna gərək "yavaş-yavaş öyrəşsinlər".

"Amma biz bu güzəşt müddətini də çox uzada bilmərik. Ona görə bu il bütün iqtisadiyyat kölgədən çıxmalıdır, bütün sahibkarlar vergisini ödəməlidir. Əgər kimsə mənim bu sözlərimdən sonra yenə də köhnə qayda ilə işləmək, kiməsə arxalanmaq istəyəcəksə, bilsin ki, bu alınmayacaq. Heç kimə güzəşt yoxdur. Bunu indi hamı bilir. Hər kəs bərabərdir. Heç bir toxunulmaz sahibkar da yoxdur, heç bir toxunulmaz məmur da yoxdur. Hər kəs qiymətini də, mükafatını da, cəzasını da öz əməlinə görə alacaq. Bunu bilməlisiniz".

"Get bunu düzəlt, bax, düzəltməsən, onda özündən küs"

İlham Əliyev deyib ki, sahibkarlarla şüar və bəyanatlarla yox, açıq söhbət aparılmalı, onlara pozuntu halları göstərilməlidir.

O söyləyib ki, dövlət nümayəndəsi sahibkarlara harada pozuntuya yol verdiyini göstərsin, "dostcasına desin ki, get bunu düzəlt, bax, son dəfə sənə deyirəm, düzəltməsən, onda özündən küs".

"Elə etməliyik ki, 2020-ci ildən başlayaraq, bütün bu bicliklər, manipulyasiyalar, saxtakarlıqlar, kassadan kənar ödəmələr qıraqda qalsın. Bəyan edilməmiş yüklərin gətirilməsi, yükün içində bir məhsul ola-ola başqa məhsulun bəyan edilməsi - bütün bunları dövlət orqanları bilir və bilirdi. Sadəcə olaraq, bəziləri göz yumurdular, sövdələşirdilər. Daha bu dövr bitdi. Mən sizə bunu deyirəm, qurtardı. Ona görə mən dediyim kimi işləməlisiniz, vəssalam," - İlham Əliyev deyib.

Ölkə "kölgə iqtisadiyaytı"ndan niyə çıxa bilmir?

Millət vəkili, iqtisadçı Vahid Əhmədov hesab edir ki, kölgə iqtisadiyyatı ilə mübarizə kompleks şəkildə aparılmalıdır:

"Kölgə iqtisadiyyatı deyəndə rüşvət, monopoliya və sairə - bunlar hamısı bura daxildir. Kölgə iqtisadiyyatı əlavə yayınmalardır, vergi, digər sahələrə ödəniş etməməkdir, həm də Azərbaycan iqtisadiyyatına çox böyük ziyandır. Buna görə də kölgə iqtisadiyyatı ilə mübarizə kompleks şəkildə aparılmalıdır. Yəni, gərək bunların hamısı aradan qaldırılsın ki, kölgə iqtisadiyyatının miqdarı azalsın".

Vahid Əhmədovun fikrincə, kölgə iqtisadiyyatına son qoyulmamasının səbəblərindən biri də "məmurlardır".

"Hələ də bəzi məmurlar bundan istifadə edirlər, müəyyən cinayətlərə yol verirlər. Onlar faktiki olaraq kölgə iqtisadiyyatından əl çəkmək istəmirlər. İlham Əliyev həm əhaliyə, həm də bir sıra məmurlara mesaj verdi ki, 2020-ci ildə yeni dövr başlayır və bu dövrə uyğunlaşmaq lazımdır".

Millət vəkili deyib ki, 2018-ci ildən Vergilər Nazirliyi və Gömrük Komitəsi tərəfindən vergi və gömrük sistemində bir sıra böyük dəyişiklər edilib, kölgə iqtisadiyyatında müəyyən azalmalar olub. O hesab edir ki, bu cür tədbirləri davam etdirmək lazımdır.

"Əsas odur ki, dövlət başçısı siyasi iradəsini və məsələni qəti şəkildə ortaya qoyub, ona görə bunu iki ilə də, üç ilə də həll etmək olar. Müddət isə aparılan islahatların nəticəsindən asılıdır".

"Real səviyyəni bilmək lazımdır"

İqtisadçı Rövşən Ağayev deyir ki, məsələnin həllinə Azərbaycanda kölgə iqtisadiyyatının "real səviyyəsini" bilməklə başlamaq lazımdır.

"Söhbət real səviyyədən gedir, Dövlət Statistika Komitəsinin açıqladığı çox gülməli və kiçik rəqəmdən getmir. Onlar çox kiçik, on faizdən də aşağı rəqəm elan edib. Birinci, ölkə başçısı səviyyəsində bunu eşitmək istərdim ki, nə qədər real kölgə iqtisadiyyatı var? 30, 40, 50 faiz? Beynəlxalq təşkilatlar müxtəlif vaxtlarda rəqəmlər açıqlayıb, amma onlar az qala 20 il əvvəlin rəqəmləridir".

O qeyd edib ki, nağd pul kütləsinin həcmi gizli iqtisadiyyatın səviyyəsini müəyyənləşdirən amillərdən biridir və Azərbaycanda bu rəqəm inkişaf etmiş ölkələrlə müqayisədə "təxminən 3.5 dəfə yüksəkdir".

"Bizim ümumi pul kütləmizdə nağd pul kütləsinin payı 37 faizdir. Qazaxıstanda bu göstərici 12 faizdir, inkişaf etmiş ölkələrdə də bu, 8, maksimum 10 faiz arasında dəyişir. Bu göstəricilər Azərbaycanda kölgə iqtisadiyyatının səviyyəsinin çox yüksək olduğunu deməyə imkan verir".

Nə etmək lazımdır?

Rövşən Ağayev deyir ki, iqtisadi sistem siyasi sistemdən ayrı götürülə bilməz və bütün işlərin kökü "sağlam rəqabətə aparıb çıxarır". O hesab edir ki, bunun həlli "siyasi hakimiyyətin sahibkarlıqdan qopmasıdır".

"Bir sahibkarın başqa sahibkar üzərində qeyri-rəsmi imtiyazları olmamalıdır. Gömrükdən mal keçirəndə, vergi ödəyəndə, lisenziya alanda və sairə, imtiyazı olmamalıdır. Kimsə daha asan kredit ala bilməməlidir. Azərbaycanda bunun əksini görürük. Nə qədər ki, Azərbaycanda bir tərəfdə siyasi sistemə, oliqarxiya sisteminə bağlı sahibkar təbəqəsi, o biri tərəfdə isə kapitalsız, çətinlik və təzyiqlə üzləşən kiçik və orta sahibkar təbəqəsi var, ölkədə rəqabət yaranmayacaq.

Ən ciddi problem məmur sahibkarlığı və məmur özbaşınalığıdır. Buna görə də bu islahatların nəticə verməsi üçün siyasi hakimiyyət nümayəndələrinin istənilən formada sahibkarlıqla məşğulluğu tam şəkildə qadağan olunmalıdır".

Rövşən Ağayev bu məsələ ilə bağlı əmlak və gəlir deklarasiyasının "təcili şəkildə işə salınmalı" olduğunu da əlavə edir.