Türkiyədəki ruslar və ukraynalılar: müharibəyə fərqli baxışlar

- Müəllif, İlhamə Qasımlı
- Vəzifə, Ankaradan BBC News Azərbaycanca üçün
Tetiana Fetsan və Yuliya Kavuşmuş Türkiyə vətəndaşları ilə ailə quraraq bu ölkədə yaşayan ukraynalı iki qadındır. Tetiana İstanbulda, Yuliya isə Ankarada ölkələrinin diaspora fəallarıdır.
Fevralın 24-də Rusiya-Ukrayna müharibəsinin başlaması ilə onların diaspor fəaliyyətləri fərqli yön alıb. Hər bir ukraynalı kimi, onlar da müharibə şəraitində olan ailələrinin, qohumlarının və dostlarının həyatları üçün narahatdırlar.
BBC News Azərbaycanca onların müharibə yaşantılarını öyrənməyə çalışıb. Yuliya deyir ki, atası, anası, qardaşının ailəsi, bacıları və xalası Çerkassı şəhərindədirlər.
"Hər dəfə həyəcan siqnalı veriləndə onlar zirzəmiyə qaçırlar. Bu, gün ərzində bir neçə dəfə təkrarlanır. Bunu anlatmaq belə çox dəhşətlidir", Yuliya deyir.
Yuliyanın evli və bir övladı olan böyük qardaşı ilk gündən müharibəyə yollanıb. "Ona nə olacağını bilmirəm", Yuliyanın səsi titrəyir.
"Biz bu qədərini gözləmirdik. Bu, xəbərdarlıqsız hücum idi. Müharibə olacağını ehtimal edirdik, amma rus əsgərlərinin bu qədər uşaq, yaşlı və mülki şəxsləri öldürəcəyini, qadınlara təcavüz edəcəyini, xəstəxanalara hücum ediləcəyini gözləmirdik", Yuliya Kavuşmuş ölkəsində davam etməkdə olan müharibənin dəhşətlərini anladır.
Yuliya Kavuşmuş deyir ki, hər bir insan kimi, müharibə onda da qorxu hissi, doğmalarının həyatı üçün narahatlıq, ədalətsizlik hissləri yaradır. Ukraynanın böyük bir ərazisi bomba və raket hücumlarından dağılsa da, Yuliya Kavuşmuş vətəninin gələcəyi ilə bağlı nikbindir.
"Xüsusilə, Xarkov və Kiyev cəhənnəm kimidir. Orda hər şey yanır. Amma mən yenə də ümid edirəm və inamım var ki, bizim ölkəmiz tam dağıldıqdan sonra yeni bir ölkə qura biləcəyik. Daha yaxşı və daha uğurlu ölkə quracağıq".
Müharibə ilə bağlı "fikirlər birmənalı deyil"
Bir çox ukraynalı kimi, Yuliya Kavuşmuşun da Türkiyədəki dost-tanış çevrəsində ruslar var. Yuliya deyir ki, rus tanışlarının müharibə ilə bağlı fikirləri birmənalı deyil.
"Bəziləri düşünür ki, bu müharibədə Ukrayna günahkardır. İnanırlar ki, həqiqətən Ukraynada nasistlər var, Ukraynanı xilas etmək lazımdır. Çünki onlar Rusiya televiziya kanallarına baxırlar və ordan eşidirlər.
Bəzi dostlar neytral mövqedədirlər - bu barədə bir söz demir və sosial mediadakı qrup müzakirələrdə iştirak etmirlər. Bəzi dostlar isə Ukrayna tərəfinin mövqeyini müdafiə edirlər.
Məncə, burda əsas olan milliyyət yox, daha çox, insanın analiz və düşünməsidir", Yuliya bu günlərdə ətrafındakı ruslarla əlaqələrindən bəhs edərkən deyib.
Tetiana Fetsan İstanbul Ukrayna Həmrəyliyi Dərnəyinin rəhbəri kimi bu günlərdə Türkiyədən Ukraynaya tibbi və zəruri gündəlik ehtiyaclardan ibarət humanitar yardımların toplanması prosesinə aktiv şəkildə qatılır.

Ukraynanın İstanbuldakı Baş Konsulluğunun koordinasiya etdiyi yardım kampaniyası ilə, müharibə başladıqdan bu yana təcili tibbi yardım ləvazimatları, geyim, yorğan, uşaq bezləri, konserv qidaların daxil olduğu 24 maşın karvanı bölgəyə göndərilib.
İstanbulda yaşayan Ukrayna icması Rusiya, Belarus baş konsulluqları önü və şəhərin mərkəzi meydanları daxil olmaqla bir neçə etiraz aksiyası keçirib.
"Özümüz uzaqdayıq, amma qəlbimiz ailələrimizin, sevdiklərimizin yanında, vətənimizdədir. Savaşa gedə bilmirik, amma burada əlimizdən gələni etməliyik", Tetiana ukraynalı, azərbaycanlı, gürcü diaspora fəalları və Türkiyə vətəndaşlarının birlikdə apardıqları aksiyadan bəhs edərkən deyib.
"Mənim məmləkətim Ternopildir. Amma indi bizim canımız bütün Ukrayna üçün, bütün vətənimiz üçün parçalanır. 15 gündən artıqdır, bu fəlakət davam edir. Burda həqiqətən bizə çox çətindir. Çünki hər kəs kimi mənim də ailəm Ukraynadadır - anam, atam, qardaşım, nənəm orada qalıblar. 10 gündür, biz yata bilmirik, doğru-düzgün yemək yeyə bilmirik. Ağlımız ancaq ordadır. Allah kimsəyə göstərməsin bunları. Ağlamaqdan səsimiz batıb", Tetiana Fetsan qəhərlənir.
"Bizim düşmənlərimiz, sadəcə, Putin deyil. Ona dəstək verən ruslar da bizim düşmənimizdir. Rusiyada Putini sevməyənlər var, amma onlar küçələrə çıxıb etirazlarını bildirmirlərsə, Putin kimi günahkardırlar, onun cinayətinə ortaq olurlar", deyir xanım Fetsan.
Tetianadan rus dostları ilə müharibəni müzakirə edib-etmədiyini soruşuruq. Cavab verir ki, indiyə qədər heç vaxt rus rəfiqəsi olmayıb. "Əminəm ki, bundan sonra da heç vaxt olmayacaq", Tetiana qətiyyətli səslə əlavə edir.

Türkiyədə yaşayan ukraynalılarla müqayisədə, ruslar müharibə ilə bağlı düşüncələrini paylaşmaqda maraqlı deyillər. Rus icmasının Ankara və Antalyadan olan təmsilçiləri BBC News Azərbaycancaya müsahibə vermək istəməyiblər.
Sosial şəbəkələrin Türkiyə seqmentində populyar olan rusdilli qruplarda da mövzu ilə bağlı açıq müzakirələrdən çəkinildiyi müşahidə olunur.
Facebookda 54 min 300 istifdəçinin üzv olduğu "Ruslar İstanbulda" adlı qrupda Rusiya ilə Ukrayna arasında gedən müharibə haqqında müzakirələrin aparılmaması ilə bağlı xəbərdarlıq edilib. Qrup, əsasən, keçmiş SSRİ məkanında yaşayıb, Türkiyə ilə bağlantısı olan insanları birləşdirir.
"Diqqət‼ Hörmətli iştirakçılar! Xahiş olunur qrupda sakit olun! Münaqişələrə səbəb olan durumlarda mənimlə əlaqə saxlayın. Yazıları/şərhləri siləcəm. Qaydaları oxuyun və qaydaları pozmayın", qrup admini Azad Cabbarov çoxminli səhifədə yazıb.
N.V. adlı moskvalı bir rus qadın, adının tam açıqlanmaması şərti ilə BBC News Azərbaycanaya danışmağa razı olub.
Türkiyənin Antalya şəhərinin Alanya rayonunda yaşayan N.V. adının açıqlanmasını istəməməsini onunla izah edib ki, rəsmi Ankara bu problemdə tərəfsiz olduğunu bəyan etsə də, NATO üzvü olduğu üçün "sabah nə olacağını heç kim bilmir".
"Sabah nə olacağını heç kim bilmir"
N.V. Rusiya-Ukrayna müharibəsinin radikal tərəfdarlarındadır. Hələ 2014-cü ildə, münaqişənin ilk mərhələsində Moskvadan könüllü olaraq yardım qruplarından birində çalışdığını deyir. O zaman N.V. Rusiyanın Ukrayna ilə bağlı mövqeyinə dəstək olaraq şeir yazmış və onu YouTube üzərindən vodeotəsvirlərlə öz səhifəsində yayınlayıb.
"Kliplərim YouTube-da və başqa yerlərdə var idi, amma indi hamısı bloklanıb. Məqsədim Donbasda olanları insanlara göstərmək və Donbasa dəstək vermək idi. Amma bir həftə öncə səhifəmin bloklandığını bildim", N.V. deyir.
N.V. Rusiya-Ukrayna müharibəsindən Rusiya hakimiyyətinin istifadə etdiyi "Z əməliyyatı" termini ilə bəhs etməyə üstünlük verib.
O, müharibənin başladıqdan sonra özünü necə hiss etdiyi barədə sualıma cavabda, indiki qarşıdırmanın müharibə olmadığını deyir. "Çünki müharibə olsaydı, biz bunu çoxdan bitirərdik. Bu, "Z hərbi əməliyyatı"dır. Əməliyyatı başladıqdan bu yana özümü gərgin və həyəcanlı hiss edirəm". O, hazırkı əməliyyatı tam dəstəklədiyini vurğulayır. "Mən hələ 2014-cü ildə "Putin, qoşun göndər" həştaqı altında aparılan kampaniyaya imzamı ataraq dəstəyimi vermişdim".
N.V. sanksiyalar barədə suala cavab verərkən, buna hazır olduğunu deyir. "Çünki bu sanksiyalar yalnız bizi yox, bütün dünyaya təsir edəcək. Artıq təsirini göstərməyə başlayır. Bütün dünyada qaz, benzin və başqa materialların qiymətinin artımında bu təsirlər görünəcək. Həyat səviyyəsi düşəcək. Mən və çevrəmdəki insanlar buna hazırdırlar. Mənə qalarsa, mən bir neçə ay sadəcə çörək və kartof yeyə bilərəm. Yetər ki, bütün bunlar zəfərimizlə bitsin".
"Müharibədən necə bir nəticə gözləyirsiniz? Rusiya hədəfinə çata biləcəkmi?" sualına cavab verən müsahibim zəfərdən başqa bir sonuc gözləmədiyini bildirir. "Rusiya hədəfinə çata bilər. Bundan heç bir şübhəm yoxdur".
O həmçinin, müharibənin qaçılmaz olduğunu deyir. "Rus əsgərləri nə uğrunda ölürlər? Bu müharibənin Rusiyanın genefonduna mənfi təsir edəcəyindən narahat olursunuzmu?" sualına müsahibim belə cavab verir.
"Üzr istəyirəm, sualınızı 6 dəfə oxumaq məcburiyyətində qaldım. Gözümə inanmırdım. Cavabınızı verirəm - Vətən uğrunda ölürlər. Yol qəzalarında daha çox insan ölür. Müharibə zarafat deyil, amma bunun üçün genofonddan bəhs etmək həqiqətən komik gəldi mənə. Rusiyada 146 milyon insan var. İnsan itkimiz bir milyondan çox olarsa, sualınıza qayıda bilərik".

Şəklin mənbəyi, BBC
Yekaterina Tunçtan isə Rusiyanın Çuvaşıstan vilayətindəndir. Müharibəyə qarşı olduğunu deyən Yekaterina əlavə edir ki, həm Rusiya, həm də Ukrayna əsgərləri "gərəksiz" yerə ölürlər, qadınlar, uşaqlar, yaşlılar qaçmağa məcbur olurlar.
Yekaterina və ailəsi bu fikirdədirlər ki, müharibə üzündən "iqtisadiyyat ölür, bahalıq olur". Müharibənin "sülhlə" bitməsini arzulayan Yekaterina deyir ki, çevrəsindəki rus və ukraynalıların bununla bağlı fikirləri fərqlidir.
"Votsap qruplarımızda davalar çıxır. Mən, adətən, bu cür müzakirələrə qatılmıram. Ukraynalılar təbii ki stresdədirlər. Çünki ailələri təhlükədədir. Onlar stress halı ilə bizimlə sərt danışırlar. Ukraynalılar bizə deyirlər ki, nədən etiraz aksiyalarına çıxmırsınız?"
Türkiyə Daxili İşlər Nazirliyinin rəsmi sözcüsü İsmail Çataklı Rusiya-Ukrayna müharibəsinin başladığı 24 fevraldan bu yana, 20 min 550 Ukrayna vətəndaşının Türkiyəyə daxil olduğunu bildirib.
Hökumət, müharibə davam edərsə, bu rəqəmin daha da artacağını ehtimal edir. Ukraynalıların ölkədə 90 günlük vizasız qala bilmə haqqının olduğunu xatırladan İsmail Çataklı, bu müddəti dolduranlar üçün "lazımi şəraitin yaradılacağını" deyib.
"Oturma icazəsi ilə Türkiyədə yaşayan xarici ölkə vətəndaşlarının sayı ötən ilə görə təxminən 80 min nəfər artaraq 1 milyon 394 min 437 nəfərə çatıb.
Türkiyədə oturma icazəsi olan əcnəbilərin milliyyətlərinə görə bölgüsündə ilk 10 ölkə arasında Rusiya 71 min 968 vətəndaşla altıncı yerdədir", Daxili İşlər Nazirliyinə istinadən yerli mediada yayılan məlumatlarda deyilir.








