Azərbaycanda xüsusi karantin rejimi iyunun 1-dək uzadıldı

Azərbaycanda xüsusi karantin rejimi iyunun 1-dək uzadılıb

Şəklin mənbəyi, Getty Images

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti iyunun 1-dək uzadılıb, Ermənistanda iyunun 20-də növbədənkənar parlament seçkiləri keçiriləcəyi gözlənir, - daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

Nazirlər Kabinetinin qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılıb.

Azərbaycanda Nazirlər Kabineti bildirir ki, bayram günlərində ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək. Qərara əsasən, martın 20-i saat 00.00-dan martın 29-u saat 06.00-dək Azərbaycan ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Prezident köməkçisi Şahmar Mövsümov cümə günü keçirilən brifinqdə bildirib ki, koronavirusa yoluxma artsa da, başqa sərt tədbirlərə əl atılmayacaq.

Ötən ilin martından bəri koronavirusa yoluxmanın artdığı müddətlərdə ölkədə sərt karantin rejimi tətiq edilmiş, bəzi iş yerlərinin, o cümlədən kafe və restoranların fəaliyyəti dayandırılmış, küçəyə çıxma xüsusi icazə ilə olmuş, rayon və şəhərlərarası gediş-gəliş dayandırılmışdı.

Şahmar Mövsümov bildirib ki, ictimai nəqliyyat aprel-may aylarında da həftə sonları işləməyəcək.

Nikol Paşinyan

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Nikol Paşinyan Ermənistanda erkən parlament seçkilərini elan edib

Nikol Paşinyan Ermənistanda erkən parlament seçkilərini elan edib

Ermənistanda iyunun 20-də növbədənkənar parlament seçkiləri keçiriləcəyi gözlənir, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan müxalif Çiçəklənən Ermənistan partiyasının lideri ilə görüşündən sonra öz Facebook hesabında yazıb.

Paşinyan deyib ki, bu qərarı vermədən əvvəl parlament partiyaları və Prezidentlə müzakirələr aparıb.

"Bir az əvvəl Çiçəklənən Ermənistan fraksiyasının lideri Qagik Tsarukyanla görüşdüm. Görüş zamanı növbədənkənar parlament seçkisinin ölkədə yaranan siyasi vəziyyəti həll etmək üçün ən yaxşı vasitə olduğunu təsdiqlədik," - Nikol Paşinyan deyib.

"Prezident [Armen Sarkisyan] ilə [hakim] Mənim addımım fraksiyası və [müxalifət] Parlaq Ermənistan fraksiyasının lideri Edmon Marukyanla apardığım müzakirələri nəzərə alaraq, Ermənistan Respublikası iyunun 20-də növbədənkənar parlament seçkisi keçirəcək,"- Nikol Paşinyan bildirib.

Ötən ilin payızında Ermənistan-Azərbaycan arasındakı 44 günlük müharibə zamanı Azərbaycan işğal altında olan ərazilərinin böyük hissəsini azad etdikdən sonra Ermənistanda siyasi böhran yaranıb. Parlamentdə təmsil olunmayan müxalif 15 partiyadan ibarət "Vətən Qurtuluş Hərəkatı" ittifaqı, məğlubiyyətdə Paşinyanı və onun komandasını günahlandırıb və istefasını tələb edir.

İttifaq bildirir ki, Paşinyan istefa etməli və hakimiyyəti müvəqqəti bir hökumətə təhvil verməli, daha sonra növbədənkənar seçki keçirilməlidir. İstefa tələblərini Prezident Armen Sarkisyan, Erməni Apostol Kilsəsi və Ermənistandakı tanınmış ictimai xadimlər dəstəkləyib.

Nikol Paşinyan isə hakimiyyətdən yalnız seçki yolu ilə gedə biləcəyini bəyan edib.