Koronavirus: dünyadakı işçilərin yarısı gəlirsiz qala bilər

işçi, işsizlik

Şəklin mənbəyi, EPA

BMT-nin Beynəlxalq Əmək Təşkilatı koronavirusa görə dünyadakı işçilərin yarısının gəlirsiz qala biləcəyi barədə xəbərdarlıq edib. Bu, 1.5 milyard insan deməkdir.

Beynəlxalq Əmək Təşkilatına görə, ən pis vəziyyətdə daimi iş müqaviləsi olmayanlardır - onların bir çoxu pərakəndə satış, istehsalat və qida sənayesi sahəsində işləyir.

Artıq qeyri-rəsmi şəraitdə işləyən iki milyarda yaxın insan əmək haqqının bir hissəsini itirib - bu, adətən 60 faizdir. Bu itki pandemiyanın həmin insanların regionuna keçməsinin elə birinci ayındaca baş verdi.

"Milyonlarla işçi üçün gəlirinin olmaması yeməyin, təhlükəsizliyin və gələcəyin olmaması deməkdir. Bütün dünya üzrə milyonlarla müəssisə son nəfəsini verməkdədir", - Beynəlxalq Əmək Təşkilaıtnın Baş direktoru Guy Ryder deyib.

"Onların pul yığmaq və ya kredit əldə etmək imkanı yoxdur... Əgər biz onlara indi kömək etməsək, onlar sadəcə məhv olacaqlar", - o söyləyib.

Avropa İttifaqında hərəkət

Avropa İttifaqının rəhbərliyi insanların birlik ərazisi çərçivəsində və oradan kənarda hərəkətlərini necə bərpa etmək barədə qərar verir. Avropa iqtisadiyyatının 10 faizini turizm təşkil edir. Avropa İttifaqının nazirləri bu sahənin dəstəklənməsi üçün iştirakçı ölkələr arasında "dəhliz" təşkil edilməsini təklif edir.

Fransa may ayında səyahət məhdudiyyətini "yumşaltmağı" planlayır. Ondan sonra, insanlar tibbi maska taxdıqları halda 100 km-dək məsafəyə səhayət edə biləcəklər. Bununla əlaqədar Parisdə dəmiryolu stansiyalarında yarım milyon tibbi maska paylanılıb.

Parisdə könüllülər tibbi maska paylayır

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Parisdə könüllülər tibbi maska paylayır

Tibbi maskalar taxmağın tövsiyə olunduğu Almaniyada digər ölkələrə səyahət edilməsinin arzuolunmaz olması ilə bağlı xəbərdarlıq iyunun 14-dək uzadılıb.

Avropa İttifaqının bir çox üzvü kimi Almaniya da bəzi quru sərhədlərini bağlayıb və 240 minə yaxın vətəndaşını digər ölkələrdən təxliyə edib.

Almaniya iki ölkə arasında hərəkət etməyə məcbur olan polşalı işçilərə qarşı məhdudiyyəti yumşaldır, lakin Polşa təhlükəsizlik tədbirlərini ləğv etməyə tələsmir. Ölkəyə gələn hər kəs iki həftə karantində qalmağa məcburdur. Bu, hətta bəzi sərhəd ölkələrində etirazlara səbəb olub.

Polşa elan edib ki, mayın 4-dən otelləri, ticarət mərkəzlərini açacaq, lakin sərhədlərin açılması barədə hələ bir şey deyilməyib.

koronavirus
xətt