Azərbaycan: "İyulun 1-dək bütün hava limanları sərnişin reysləri üçün bağlıdır"

Aeroport

İyulun 1-dək Azərbaycan Respublikasının bütün hava limanları müntəzəm sərnişin reyslərinin həyata keçirilməsi üçün bağlıdır, Azərbaycan Hava Yolları saytında məlumat yayıb.

Mayın 29-da Nazirlər Kabineti yanında operativ qərargah bildirmişdi ki, Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 15 iyun 2020-ci il tarixinədək uzadılır. Məlumatda deyilir ki, qərar yükdaşımaları və çarter reyslərinə aid edilmir.

AZAL-dan BBC News Azərbaycancaya bu qərarın səbəbi izah edilməyib, yalnız bu deyilib ki, bu barədə Nazirlər Kabinetinin yanında Operativ Qərargahın cümə axşamı keçirdiyi brifinqində məlumat verilib. 

Həmin brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, ölkədaxili uçuşların yaxın vaxtlarda bərpası gündəmdədir, amma yerli hava limanlarında (Naxçıvan və Gəncə) gediş-gəliş zamanı bəzi həll edilməli məsələlər var. 

Ramin Bayramlı onu da əlavə edib ki, beynəlxalq uçuşlarla bağlı bir sıra qaydalara baxılır. Onun sözlərinə görə, bu, iyulun 1-nə qədər çəkə bilər.

Azərbaycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb.

koronavirus
xətt

Azərbaycanın koronavirus epidemiyası səbəbi ilə Rusiya, İran və Gürcüstanla sərhədlərini mart ayından müvəqqəti bağlayıb.

Martın 15-dən etibarən Azərbaycan və Türkiyə arasında gediş-gəliş müvəqqəti olaraq dayandırılıb. Azərbaycan Prezidentinin rəsmi saytında yayılan məlumata əsasən, müvafiq razılaşma Azərbaycanın dövlət başçısı ilə Türkiyə prezidenti arasında telefon müzakirələrindən sonra əldə olunub.

Bundan başqa, martın əvvəlində koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə Bakıdan dünyanın 20-yə yaxın istiqamətinə uçuşlar dayandırılıb.

Azərbaycan Hava yolları bildirib ki, AZAL və "Buta Airways" aviaşirkətləri tərəfindən yerinə yetirilən bütün reyslərə rəsmiləşdirilən aviabiletlər cəriməsiz geri qaytarıla və ya istiqaməti və uçuş tarixi dəyişdirilə bilər.