Azərbaycanda karantin rejimi: Bu gündən bəzi iş yerləri açılır, SMS-lə icazə müddəti artırılır

Şəklin mənbəyi, Getty Images
Nazirlər Kabinetinin (NK) qərarı ilə aprelin 27-dən bəzi məhdudiyyətlər aradan qaldırılır.
Koronavirus pandemiyasına görə, Azərbaycanda martın 24-dən karantin rejimi tətbiq edilib və aprelin 20-də bitməsi nəzərdə tutulsa da, sonradan mayın 4-nə kimi uzadılıb.
XÜSUSİ KARANTİN REJİMİ MAYIN 31-DƏK UZADILDI, BU SAHƏLƏRDƏ İŞLƏR BƏRPA OLUNDU - ƏN SON MƏLUMATI BU LİNKDƏ OXUYA BİLƏRSİNİZ.
Aprelin 4-dən ölkədə hərəkət məhdudiyyəti tətbiq edilir.
Azərbaycanda 1500-dən çox koronavirusa yoluxma faktı aşkarlanıb, virusdan 21 adam vəfat edib.
Nazirlər Kabinetinin cümə günü yaydığı məlumata görə, aprelin 27-dən bəzi iş yerlərində fəaliyyətlər bərpa ediləcək.
Azərbaycandakı “hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma hallarınını təhlil edilib” və 27 aprel tarixindən “məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib, NK bildirib.
Aprelin 27-si gecə saat 12-dən etibarən:
- “ASAN xidmət” mərkəzlərində vətəndaşların qəbulu ASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayır.
2. Aşağıda qeyd edilən iş və xidmət sahələrində fəaliyyət bərpa olunur:
- fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla)
- kitab satışı
- qəzet satışı
- dəftərxana mallarının satışı
- çap və surətçıxarma fəaliyyəti
- fotoatelye/fotostudiyalar
- fərdi mənzillərdə təmizlik xidmətləri
- dərzi xidmətləri
- kosmetika və ətriyyat satışı
- geyim satışı
- ayaqqabı və dəri məmulatlarının satışı
- qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti
- mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri
- kompüter avadanlıqlarının satışı və təmiri
- elektronika və məişət texnikasının satışı
- mebel satışı
- avtomobil satışı
- kimyəvi məhsulların satışı
- gül və bitki məhsullarının satışı
- kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı
- gübrə və aqrokimyəvi məhsulların satışı
Amma ticarət mərkəzləri və “Mall”ların nəzdində qeyd olunan sahələrin fəaliyyətinə məhdudiyyət qüvvədə qalır.
Məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.

Şəklin mənbəyi, Getty Images
Nazirlər Kabineti fərdi işəgötürənlərlə əmək müqaviləsi olmayan işçilərin necə arayış almasına, o cümlədən məktəblilərin repititor yanına necə gedə biləcəklərinə aydınlıq gətirməyib.
Nazirlər Kabineti yanında Operativ Qərargah onu da xəbər verir ki, aprelin 27-dən SMS-lə alınan icazədə müddət artırılır.


8103 nömrəsinə SMS göndərilərkən aşağıdakı kodlar üzrə icazə müddəti belə olacaq:
- 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);
- 2 rəqəmi - hazırda fəaliyyətinə icazə verilən sahələr üzrə xidmətlərdən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir);
- 3 rəqəmi - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün.









