Bu gündən Azərbaycanın bəzi bölgələrində SMS icazə sistemi ləğv edilib

Bölgələrdə SMS icazə ləğv edildi

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Bu gündən bölgələrdə SMS icazə sistemi ləğv edilib

Bu gündən etibarən Azərbaycanın bəzi bölgələrində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan MR-də SMS icazə ləğv edilib.

Bu qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mayın birində qəbul olunub.

Qərara əsasən Azərbaycanda koronavirusla əlaqədar olaraq karantin rejimi may ayının 31-dək uzadılıb.

Bölgələrdə icazə verilən xidmətlər

  • yaşayış yerini SMS icazə ilə, "icaze.e-gov.az" portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur;
  • "DOST" mərkəzləri xidmət göstərdikləri ərazilər üzrə ünvanlı dövlət sosial yardımı və sosial sahə üzrə bank kartlarının təqdim olunması istiqamətlərində fəaliyyətini bərpa edir;
  • dövlət qurumlarının işçilərinin tam sayda fəaliyyəti bərpa olunur;
  • restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla);
  • bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət götürülür;
  • qeyd olunan ərazilərdə rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunur (ictimai nəqliyyatla sərnişindaşıma xidməti istisna olmaqla);
  • xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edilir;
  • bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olunur;
  • bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur;

Məhdudiyyətlərin yumşaldılması Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu və digər regionlar üzrə mərhələ ilə həyata keçiriləcək.

Martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub və sonradan bu müddət mayın 4-dək uzadılıb. Aprelin 4-dən ölkə ərazisində xüsusi icazə ilə hərəkət edilir.

Bundan əvvəl, aprelin 27-dən bəzi ticarət sahələrinin fəaliyyətinə icazə verilmişdi, eləcə də küçəyə çıxmaq üçün SMS icazənin zamanları uzadılmışdı.

Mayın üçünə olan məlumata görə, Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı 1900-ü keçib.

Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb.

Nələr dəyişir?

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə 4 may, saat 00:00-dan etibarən:

  • dövlət qurumlarının işçilərinin fəaliyyəti müəyyən olunmuş sayda bərpa olunur. Fəaliyyəti bərpa olunan dövlət qurumlarının işçilərinin say həddi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən ediləcək;
  • "DOST" mərkəzləri xidmət göstərdikləri ərazilər üzrə ünvanlı dövlət sosial yardımı və sosial sahə üzrə bank kartlarının təqdim olunması istiqamətlərində fəaliyyətini bərpa edir;
  • xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edilir;
  • bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olunur;
  • bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur.
koronavirus
xətt

"10 nəfərdən artıq toplaşmaq qadağandır"

Xüsusi karantin rejimində respublika üzrə ictimai yerlərdə, bulvarlarda və parklarda, eyni zamanda ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.

Dərslərin dayandırılması uzadılır

Respublika üzrə bütün təhsil müəssisələrində tədris, təlim tərbiyə prosesinin dayandırılması 31 may 2020-ci il tarixinədək uzadılır.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az" portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.

Pandemiya dövründə ölkə ərazisində müvafiq strukturların, habelə ticarət və xidmət sahələrinin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilməlidir.

Xüsusi karantin rejiminin uzadılması ilə bağlı qərar Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edildikdən sonra verilib.

Bununla yanaşı, Operativ Qərargah qeyd edir ki, ölkədə Covid-19 virusuna yoluxma dinamikası zərurət yaradarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür.