DİN: ”8103-ə yalandan 3 kodunu göndərənlər var"

Polis və sürücü

Şəklin mənbəyi, Aziz Karimov/Getty Images

Son bir gündə qohumunun yas mərasimində iştirak etmək adı ilə 8103 nömrəsinə "yalan məlumat verən" 56 nəfər müəyyən edilib, Daxili İşlər Nazirliyi bildirib.

DİN BBC News Azərbaycancanın həmin şəxslərin necə müəyyən edilməsi barəsindəki suallarına cavab verməyib.

Azərbaycanda aprelin 5-dən ölkə üzrə hərəkət məhdudiyyəti elan edilib.

Bu məhdudiyyətə əsasən, xüsusi icazəsi olmayan şəxslərdən küçəyə çıxmaq üçün müvafiq məqsədləri göstərən kodu 8103 nömrəsinə göndərmək tələb olunur.

Qaydalara görə, yaxın qohumunun dəfninə getmək üçün 3 kodunu və şəxsiyyət vəsiqəsinin seriya nömrəsini yazaraq icazə alınmalıdır. Bu, yalnız dəfndə 5 saat müddətində iştirak etmək imkanı verir.

Daxili İşlər Nazirliyi bildirib ki, təkcə mart ayında xüsusi karantin rejimi faktının pozulmasına görə 5 cinayət işi üzrə 11 nəfər məsuliyyətə cəlb edilib, 154 nəfər inzibati qaydada həbs edilib, 33 mindən çox şəxs barəsində digər tənbeh tədbirləri görülüb.

koronavirus
xətt

Daxili İşlər Nazirliyi həmçinin bildirib ki, yaxın qohumlar Mülki Prosessual Məcəlləyə uyğun olaraq müəyyən edilir.

Məcəllədə qeyd olunur ki, "yaxın qohumlar" deyildikdə nənə və babalar, valideynlər və övladlığa götürənlər, doğma və ögey bacı-qardaşlar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr nəzərdə tutulur.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi vətəndaşların "yaxın qohumun dəfnində iştirak" adı ilə müraciət etdiyini və bu müddəti "aidiyyatı olmayan məqsədlər üçün istifadə etdiyini" bildirib.

Nazirlər Kabinetinin qərarı ilə martın 31-dən dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri qadağan edilib.

Ölkədə ümumilikdə koronavirus infeksiyasına yoluxma 1100-dən çox adamda aşkarlanıb. 12 nəfər isə ölüb.

Azərbaycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb. Aprel ayının əvvəlindən isə ölkədə sərt karantin rejimi tətbiq edilir.