Azərbaycan: Koronavirusa görə bəzi tələbələrin təhsil haqqı ödəniləcək

tələbələr, təhsil, koronavirus, azərbaycan

Şəklin mənbəyi, FREDERICK FLORIN/Getty Images

Azərbaycanda koronavirusa görə bəzi tələbələrin təhsil haqqı xərcləri ödəniləcək. Bu barədə Baş nazir Əli Əsədovun bazar ertəsi günü imzaladığı qərarda deyilir.

Qərar ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrə aiddir.

Onların bu ilki tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı dövlət büdcəsindən ödəniləcək.

Qərarda həmçinin deyilir ki, bu təhsil haqqı xərci ali təhsil müəssisələrində ayrı-ayrı ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin, orta ixtisas və peşə təhsili müəssisələrində isə illik təhsil haqqının 50 faizi miqdarında müəyyən edilməlidir.

Baş nazirin qərari təkrar ali və orta ixtisas təhsili alanlara aid edilmir.

Sosial baxımdan həssas əhali qrupuna kimlər aid edilir? Qərara əsasən onlar aşağıdakılardır:

  • ünvanlı dövlət sosial yardımı alanlar
  • hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aidolanlar:

- I və II dərəcə əlilliyi olan şəxslər

- işsiz kimi qeydiyyatda olanlar

- yaşa görə əmək pensiyaçıları

- yaşa görə sosial müavinət alanlar.

Azərbaycanda koronavirusun iqtisadiyyata, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı 2020-ci il dövlət büdcəsindən Nazirlər Kabinetinə bir milyard manat ayrılıb.