Koronavirus: Çində karantin qaydaları iki ay sonra yumşalır. Hər yerdəmi belə olacaq?

karantin, evdə qalmaq, polis, yoxlama, qadağa, maska, pəncərədən baxmaq, küçəyə çıxmaq

Şəklin mənbəyi, Getty Images

    • Müəllif, Olqa Prosvirova
    • Vəzifə, BBC Rusca xidməti

Wuhan - koronavirusun episentri normal həyata qayıdır. Hökumət səyahət məhdudiyyətlərini aradan qaldırır, ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunur. Karantin tədbirlərinin yumşaldıldığı ilk Avropa ölkəsi isə Avstriya olacaq: gələn həftə bir çox mağazanın açılacağı gözlənir.

koronavirus
xətt

Ölkələrin çoxunda xəstəxanalar hələ də gərgin iş rejimində çalışır, epidemioloqlar virusun yayılma prosesini diqqətlə izləməkdədirlər. Avstriyanın "Covid-19"-la mübarizə təcrübəsi bir çox suala aydınlıq gətirmək baxımından maraqlı olacaq. Fransa, Belçika, Finlandiya və İspaniya artıq izolyasiyadan çıxmaq planı üzərində düşünürlər. Ancaq ekspertlər xəbərdarlıq edirlər ki, infeksiyanın ikinci dalğası başlaya bilər.

Bəs, bu təhlükə nə vaxt bitəcək?

Yanlış sual

İndi hamını maraqlandıran bir sual var - virus təhlükəsi nə vaxt bitəcək? Nə vaxt sərbəst şəkildə evlərimizdən çıxıb iş yerlərimizə gedə, istədiyimiz qədər gəzə, dostlarımızla görüşə və başqa ölkələrə səyahət edə biləcəyik?

Ancaq bu, yanlış yanaşmadır. "New York Times" qəzeti başqa variant təklif edir: "Özünütəcridə ehtiyac qalmadığını necə biləcəyik?"

Məcburi iş məzuniyyətləri və "məhdudlaşdırıcı tədbirlər" Azərbaycanda aprelin 20-dək, Rusiyada aprelin 30-na kimi davam edəcək. Britaniyada izolyasiya 14 apreldə bitməlidir, ancaq koronavirusun yayılma dinamikası göstərir ki, bu müddət, böyük ehtimal, uzadılacaq.

Hələ ki, son tarixi ancaq ehtimal etmək olar.

Martın 19-da Britaniyanın Baş naziri Boris Johnson (Hazırda o, "Covid-19" diaqnozuyla xəstəxanadadır) demişdi ki, insanlar hökumətin məsləhətlərinə əməl etsələr, 12 həftə ərzində vəziyyəti dəyişmək olar. O hesab edirdi ki, iyun ayının sonuna kimi epidemiyanın sürəti azala bilər.

Ancaq indi hər gün ölkədə bir neçə min yoluxma faktı qeydə alınır. Təkcə bu çərşənbə Britaniya xəstəxanalarında 938 nəfər vəfat edib.

Johnson-un proqnozu düz çıxarsa, o tarixdə özünütəcrid qərarı ləğv olunacaqmı?

Yəqin ki, yox.

"Niyə"sinə baxaq.

Wuhan-da məhdudiyyətlər iki ay sonra ləğv edildi. Hər yerdəmi belə olacaq?

"Covid-19" epidemiyasının başladığı Wuhan şəhəri 23 yanvardan etibarən qapadılmışdı, baxmayaraq ki, ilk yoluxma faktları hələ 2019-cu il dekabr ayının əvvəllərində qeydə alınmışdı. Şəhər sakinlərinə evlərindən çıxmaq qadağan olunmuş, metro və qatarlar dayandırılmış, uçuşlar təxirə salınmışdı. Paytaxtı Wuhan olan Hubey əyalətində karantin tədbirləri bundan yalnız iki aya sonra zəiflədildi: yollar açıldı, insanlara gediş-gəliş icazəsi verildi, əsas müəssisələr, mağazalar və ticarət mərkəzləri fəaliyyətə başladı.

7 aprel Çində virusdan heç kimin ölmədiyi ilk gün oldu. Rəsmi statistikaya görə, həmin gün ölkədə 32 yeni yoluxma faktı aşkarlandı - hamısı da xaricdən gələnlərdə. Hubeydə ümumiyyətlə yoluxan olmadı.

Bu o deməkdirmi ki, digər ölkələrdə də iki aydan sonra həyat normal məcrasına qayıdacaq?

Heç də yox. Əvvəla, Qərb ekspertləri Çinin açıqladığı məlumatların doğruluğuna ciddi şəkildə şübhə edirlər: daha əvvəlki araşdırmalar göstərib ki, bu ölkənin rəsmi sənədlərində tez-tez bilərəkdən böyük yanlışlıqlara yol verilir. Koronavirus haqqında açıqlamalarda da eyni vəziyyətdir - Wuhan hökuməti təhlükəli infeksiya faktını uzun müddət dünya ictimaiyyətindən gizlədib.

Uhan, çin, koronavirus, yoxlama, həkim, dezinfeksiya

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, 1 mart 2020. Wuhan könüllüləri qadının üstünə dezinfeksiya məhlulu fısqırdırlar. Xəstəxanadan yeni çıxmış bu pasient 14 gün oteldə karantində qalmalıydı.

Bundan başqa, ötən həftə CNN Çin KİV-lərinə istinadən bildirmişdi ki, Wuhan şəhərinə koronavirusla bağlı rəsmi statistikada göstəriləndən bir neçə min çox tabut göndərilib. "Time" jurnalı isə rəsmi sənədlərdə Çin hökumətinin "Covid-19" təsbitini 8 dəfə dəyişməsinə diqqət çəkib.

İkincisi, Çində az da olsa, daxili yoluxma halları baş verir.

Bundan başqa, Milli Səhiyyə Komissiyası virus simptomları müşahidə edilməyən şəxsləri statistikaya daxil etmir, halbuki belələri virus yayıcıları olaraq qalmaqda davam edirlər. Çin əhalisinin böyük əksəriyyəti hələ də virusa qarşı immunitet qazanmayıb, ona görə də infeksiyanın yeni dalğasıyla bağlı təhlükə qalmaqdadır.

Koronavirus bütün dünyaya yayıldığı üçün onun Çinə xaricdən gəlməsi və ölkə daxilində yeni yoluxmaların baş verməsi qaçılmaz olacaq, amerikalı həmkarlarının dəstəyilə Çinin Duke Kunshan İnstitutunda çalışan Benjamin Anderson belə deyir.

Florida Universitetinin virus modelləri hazırlayan epidemioloqu Ayra Longini isə xəbərdarlıq edir: "Məhdudlaşdırmalar aradan qaldırılan kimi virus qayıda bilər. Əlbəttə, mən bu məsələdə yanılmaq istərdim, amma başqa cür ola biləcəyini təsəvvür belə edə bilmirəm".

Çıxış yolu nədir?

Bu günə qədər özünütəcridin bitməsiylə bağlı ən anlaşılan və strukturlaşdırılmış strategiyanı ABŞ-ın Sahibkarlıq İnstitutu təqdim edib. İnstitutun ekspertləri üç mərhələdən ibarət "yol xəritəsi" hazırlayıblar.

1-ci mərhələ. Virusun yayılmasını əngəlləmək. Azərbaycan, ABŞ, Britaniya və Rusiya da daxil olmaqla, pandemiyaya məruz qalmış bir çox ölkələr hazırda məhz bu mərhələdədirlər. Məhz bu mərhələdə uğur qazanmaq üçün məktəblər və universitetlər, ticarət mərkəzləri və idman zalları bağlanır, işlər uzaqdan iş rejiminə keçirilir, insanlardan küçədə bir-birilə məsafə saxlamaq xahiş olunur.

Bu mərhələdə nə etmək lazımdır?

Mümkün qədər tez-tez test etdirmək və nəticəsini həmin gün öyrənmək. Testlər xəstəxanadakı pasientlərdə, tibb işçilərində, yoluxanların ünsiyyətdə olduğu şəxslərdə və hətta simptomları olmayan şəxslərdə də yoluxma hallarını aşkar etməyə yetəcək qədər olmalıdır.

Azərbaycanda hökumət indiyədək yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 53 mindən çox test aparıldığını bildirib.

Araşdırmaçılar bir həftə üçün minimum 750 min test lazım gəldiyini deyirlər, həm də yoluxma halları azalmağa başlayandan sonra da. Epidemiyanın pik səviyyəsində 1 milyona qədər test lazım gələ bilər. Hazırda ABŞ-da gün ərzində 65 min (həftə ərzində təxminən 455 min) nəfəri test edirlər. Bəzi ştatlar bu işi daha keyfiyyətlə görürlər, ona görə də ölkənin müxtəlif hissələrində yoluxmalar qeyri-bərabər şəkildə aşkarlanır.

  • Milli səhiyyə sisteminin imkanlarını genişləndirmək. Bunun üçün hər 10 min nəfərə 5-7 STA tənəffüs aparatının və bir o qədər də reanimasiya çarpayısının (ABŞ-da bu nisbət müvafiq olaraq 3 və 2,8-dir) olması lazımdır. Rusiya süni tənəffüs aparatlarıyla daha yaxşı təmin olunub: ölkənin bir çox regionlarında STA təminatı ABŞ-ın bəzi ştatlarındakı vəziyyətdən (100 min nəfərə 3 aparat) yaxşıdır, amma səhiyyə sisteminin digər problemləri vəziyyətə mənfi təsir edə bilər.
  • Tibb işçilərini fərdi müdafiə vasitələriylə (bütün tibb işçilərini yetərli sayda birdəfəlik maskalarla, xəstələrlə birbaşa ünsiyyətdə olan həkimləri isə N95 standartlı xüsusi maskalarla) təmin etmək.
  • Xəstələrin sağlam şəxslərlə ünsiyyətini ən geniş dairədə tədqiq etmək və yoluxma potensialı olanları izolə etmək. Yəni "Covid-19" pasientlərini karantin altına almaq və 14 gün ərzində hər gün müayinə etmək. Bunun üçün ölkə hər gün minlərlə yoluxma və onminlərlə ünsiyyət faktını üzə çıxarmaq imkanına sahib olmalıdır.

Nə vaxt növbəti mərhələyə keçmək olar?

  • hər bölgə ən azı 14 gün ərzində yoluxma hallarının mütəmadi şəkildə azalmasına nail olanda;
  • bölgə xəstəxanaları böhran tədbirlərinə əl atmadan bütün pasientləri müalicə etmək qabiliyyətinə malik olanda;
  • hər bölgədə "Covid-19" simptomları müşahidə edilən bütün insanları test etmək imkanına malik olanda;
  • hər bölgədə diaqnozu təsdiq olunmuş şəxslərlə ünsiyyətdə olan hər kəsi yoxlamaq imkanına malik olanda.
Boris Johnson, koronavirus, evdə qalmaq, karantin, televizora baxmaq, baş nazir

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Martın 19-da Britaniyanın Baş naziri Boris Johnson (Hazırda təsdiq olunmuş "Covid-19" diaqnozuyla xəstəxanaya yerləşdirilib) demişdi ki, ölkə 12 həftə ərzində vəziyyəti dəyişə bilər

2-ci mərhələ. Bölgələri növbəylə karantindən azad etmək. Bu mərhələdə məktəb və universitetləri, iş yerlərini açmaq olar, ancaq insanlar məsafə saxlamağa davam etməli, kütləvi tədbirlərə qadağa qüvvədə qalmalıdır. Bütün bunlar epidemiyanın yeni dalğasına imkan verməmək üçündür. Eyni zamanda, yaşı 60-dan yuxarı olanlar, o cümlədən, risk qrupundakı digər şəxslər sosial əlaqələrini məhdudlaşdırmalıdırlar.

Bundan başqa, hər bir bölgə yoluxma hallarının təkrar artmasına dərhal reaksiya vermək və birinci mərhələdəki tədbirlərə qayıtmaq imkanına malik olmalıdır.

Üçüncü mərhələyə ancaq peyvənd icad ediləndən sonra keçmək olar.

3-cü mərhələ. Sosial ünsiyyətə qadağaların aradan qaldırılması. Bu ancaq o halda mümkün ola bilər ki, həkimlər ağır xəstələri və ya risk qrupuna aid şəxsləri xilas edə bilsinlər. Ya da virusa qarşı effektli və təhlükəsiz peyvənd artıq icad edilmiş olsun.

Bu, uzun bir yola bənzəyir. Real həyatda da belə olacaqmı?

Yol, həqiqətən də, uzundur və bəzi ekspertlər məhdudiyyətlərin 18 ay boyu - peyvənd hazır olana qədər saxlanmasını istəyirlər.

Dünyada xeyli sayda insan işsiz və pulsuz qalmışkən, insanlar bu qədər vaxt özünütəcrid vəziyyətində yaşaya bilərlərmi? London İmperial College-nin professoru Neil Ferguson hesab edir ki, bəzi məhdudlaşdırıcı tədbirlər ilk özünütəcriddən 3-4 ay sonra aradan qaldırıla bilər. Ancaq ağır halların sayını müəyyənləşdirmək və həkimlərə bütün insanlara yardım etmək fürsəti yaratmaq üçün bir neçə həftədən bir həmin tədbirləri yenidən bərpa etmək lazım gələcək.

Ekspert hesab edir ki, Britaniya bu yolu seçə bilməz: müəssisələrin tez bir zamanda işə salınması və epidemioloqların tələbiylə yenidən dayandırılması real deyil. Üstəlik, İngiltərə Bankının və xəzinədarlığın ölkəni müflis etmədən 18 ay boyu insanlara kompensasiya ödəməsi də mümkün deyil.

Keçmiş deputat Nick Boles "Times"üçün yazdığı məqalədə britaniyalıları Amerika Sahibkarlıq İnstitutunun "yol xəritəsinə" diqqət etməyə və insanların necə hərəkət etmələrini anlamaları üçün dəqiq sxem hazırlamağa çağırıb.

Boles də bu fikirdədir ki, məhdudiyyətlər tədricən aradan qaldırılmalıdır. Ancaq bu, yoluxma və ölüm hallarının mütəmadi olaraq azalması, Milli Səhiyyə Xidmətinin intensiv terapiyaya ehtiyacı olan bütün pasientləri müalicə edə bilməsi və "Covid-19" simptomları müşahidə edilən hər bir vətəndaşın test etdirmək imkanına malik olması halında baş verə bilər.

Siyasətçi hesab edir ki, ancaq bu halda ən sərt tədbirləri aradan qaldırmaq olar - risk qrupuna daxil olanlara aid etməmək şərtilə. Hərçənd Boles britaniyalıların dərhal əvvəlki həyat tərzinə qayıtmalarını düzgün hesab etmir, evdən işləyə bilənlərə bu təcrübəni davam etdirməyi məsləhət görür.

Barselona, xəstəxana, xəstə. karantin, xüsusi rejim. yoluxma, virus, koronavirus

Şəklin mənbəyi, Getty Images

Britaniyanın xarici işlər naziri, hazırda qismən Baş naziri də əvəz edən Dominic Raab Boles ilə eyni fikirdə deyil. O hesab edir ki, karantindən çıxış strategiyası barədə düşünmək tezdir, epidemiyanın pik nöqtəsini mümkün qədər tez geridə qoymaq üçün mövcud qaydalara əməl etmək lazımdır.

Bu gün Britaniyada tətbiq edilən tədbirlər çox da sərt deyil: insanlara (həm də təkcə itlərini gəzdirənlərə yox) gündə bir dəfə gəzintiyə çıxmağa icazə verilir. Britaniya hökumətinin məsləhətçiləri daha sərt tədbirlərin tətbiqinə qarşıdırlar: onlar hesab edirlər ki, bu, xəstəliyin pik nöqtəsinin payıza qədər uzanmasına gətirib çıxara bilər.

Koronavirusa yoluxmuş xəstələrin müalicəsində digər ölkələrdən daha ciddi uğurlar qazanan Almaniyada ümummilli karantin 19 apreldə ləğv olunmalıdır. "Reuters" agentliyinin jurnalistləri pandemiyanın 2021-ci ilə qədər davam edəcəyilə bağlı təxminin ifadə edildiyi hökumət sənədiylə tanış olublar. Sənəddə həmçinin normal həyata mərhələli şəkildə qayıtmaq barədə də qeyd var - məsələn, ictimai yerlərdə karantin bitəndən sonra da maska taxılacaq.

"Reuters"-in yazdığına görə, plan layihəsində Almaniyanın yoluxmuş şəxslə 24 saat ərzində ünsiyyətdə olmuş şəxslərin 80 faizini müəyyən etmək imkanına malik olduğu nəzərdə tutulur. Belə şəxslər dərhal təcrid ediləcək.

Robert Cox İnstitutunun qiymətləndirməsinə görə, Almaniya xəstəliyin pik nöqtəsinə aprelin ikinci yarısında qədəm qoyacaq. Rusiya rəsmiləri bunun 10-14 gün ərzində baş verəcəyini düşünürlər.

Ölkələrin tətbiq etdiyi tədbirlər nə qədər qabaqlayıcı və uğurlu olur-olsun, pandemiyanı durdurmaq mümkün olmayacaq: virus hətta bircə nəfərdə olmuş olsa belə, pik dövrünü çoxdan keçmiş ölkələrdə də yoluxma ehtimalı qalmış olacaq.

ABŞ-ın "Atlantic" nəşri üç ssenari irəli sürüb.

Birincisi - bütün ölkələr eyni vaxtda koronavirusun öhdəsindən gəlir (Son dərəcə kiçik ehtimaldır).

İkincisi - əhalinin böyük hissəsində immunitet yaranmasını - virusun artıq özünə yeni "sahib" tapa bilməyəcəyi dövrü gözləmək (Ancaq bu, çox sayda insanın ölməsiylə nəticələnəcək).

Üçüncü variant - ölkələr yoluxmalara mane olmağa çalışaraq peyvənd icad olunana qədər virusla uzunmüddətli mübarizəni davam etdirirlər.

Sonuncusu daha optimal variant kimi görünür, ancaq ən uzun və ən mürəkkəb olanı da odur.