Koronavirusla bağlı saxta xəbərlər yaymayın! Bunun üçün nə edə bilərsiniz?

İnternet və sosial şəbəkələr "Covid-19" haqqında dezinformasiyalarla doludur. Ekspertlər istifadəçiləri informasiya gigiyenasına əməl etməyə səsləyirlər. Yalan informasiyanın yayılmasına mane olmaq üçün siz nə edə bilərsiniz?
1. Əl saxlayın və düşünün
Əlbəttə, siz doğmalarınızın və yaxınlarınızın epidemiya haqqında son məlumatlardan xəbərdar olmasını istəyirsiniz. Ona görə də elektron poçtunuza gələn, "Whatsapp"-da, "Facebook"-da və "Twitter"-də rastınıza çıxan yeni xəbərləri onlara göndərməyə tələsirsiniz.
Ancaq ekspertlərin fikrincə, dezinformasiyaya qarşı mübarizədə görə biləcəyiniz ilk iş belə məqamlarda əl saxlamaq və düşünməkdir.

Sosial şəbəkələrdə və mesencerlərdə paylaşılan koronavirus xəbərləri çox vaxt panika doğurur.
Məsələn, martın ortalarında Çeçenistanda və Dağıstandakı "WhatsApp" qruplarına göndərilən səs yazısında bir kişi hamıya ehtiyat ərzaq almağı məsləhət görmüşdü. Danışan şəxsin daxili işlər nazirinin müavini olduğu bilinmiş və insanlar bazarlara axışmışdılar.
"WhatsApp" vasitəsilə informasiya hücumları bütün dünyada mövcuddur. Avstriyada yayılan səs yazısında özünü Poldi adlı qızcığazın anası Polin kimi təqdim edən bir qadın həyəcanlı səslə xəstəxanada olduğunu, vəziyyəti ağır olan hər kəsindaha əvvəl ibuprofen qəbul etdiyini demişdi.
Bu, feyk xəbəriydi: həkimlər həmin dərmanın koronavirusu aktivləşdirməsiylə bağlı heç bir açıqlama verməmişdilər, amma insanlar xəbəri paylaşmaqda davam edərək öz yaxınlarına yanlış məlumat ötürmüşdülər.
Sizə gələn mesajları paylaşmazdan əvvəl onun feyk olma ehtimalını götür-qoy edin; şübhə doğuran məqamlar varsa, göndərməyin.
2. Mənbə axtarın
Mesajı tirajlamazdan əvvəl özünüzə sual verin - bu xəbər hardandır?
Yuxarıdakı nümunələrin hər ikisində mənbə aydın deyildi və bu, feyk xəbərlər üçün xarakterik haldır. İnternetin qərb seqmentində belə məlumatlar, adətən, "dostumun rəfiqəsindən" və ya "iş yoldaşımın qonşusundan" qaynaqlanır.
Bu, demək olar ki, bütün hallarda, məlumatın uydurma olmasından xəbər verir.
Martın əvvəllərində "Facebook"-da "magistr dərəcəli əmimin məsləhətləri" populyarlaşdı. "Snopes" saytının yazdığına görə, bu status ilk dəfə 84 yaşlı ingiltərlinin səhifəsində peyda olubmuş.
Sonra onu Qanadan olan teleaparıcı öz "İnstagram" səhifəsində paylaşıb, ordansa həmin status Hindistanın katolik qruplarına, ardınca da "WhatsApp" və "Twitter"-ə "köçüb".

Şəklin mənbəyi, Getty Images
"Getdiyi" yerlər dəyişdikcə, statusun məzmunu da dəyişib. Bəzi ağıllı məsləhətlər (məsələn, əlləri yumaq) bütün versiyalarda qorunub saxlanıb, Ancaq xəstəliyin diaqnozuyla bağlı çoxsaylı yanlış məlumatlar əlavə edilib.
Ötən bazar günü eyni şey ABŞ-da dabaş verib: amerikalılara "dostumun FTB-də işləyən dostu"na",və hətta "BMT-dəki mənbələr"ə istinad edən səs yazıları göndərilib.
"ÜST, Britaniyanın Milli Səhiyyə Xidməti və Xəstəliklərə Nəzarət Mərkəzi kimi ictimai sağlamlığı müdafiə xidmətləri ən etibarlı mənbə olaraq qalmaqdadırlar" - "FullFakt" faktlyoxlama təşkilatınn nümayəndəsi Kler Min belə deyir.
Qeyd edək ki, bu təşkilatların ancaq rəsmi bəyanatlarına diqqət etmək lazımdır.
Ekspertlər yanıla bilər, ancaq onlar anonim "tanış həkimdən" və ya dayıdan daha etibarlı mənbədirlər.
3. Bu, saxta ola bilərmi?
Xarici görünüş aldadıcı ola bilir və saxta xəbərlərin çoxunu məhz bu prinsiplə hazırlayırlar - rəsmi mənbələrin sənədlərinə oxşadaraq.
Belə xəbərləri hazırlayanlar BBC də daxil olmaqla, böyük təşkilatları və dövlət idarələrini imitasiya edirlər.
Məsələn, bu yaxınlarda Moskvada komendant saatının tətbiqiylə bağlı saxta əmr yayılmış, hökumət təkzib etmişdi.

Xəbər təşkilatlarının və dövlət idarələrinin blanklarını saxtalaşdırmaq çətin deyil; o cümlədən, təşkilatların sosial şəbəkələrdəki rəsmi səhifələrini də.
Saxta mətn müəlliflərinin daha bir sevimli üsulu xəbər buraxılışlarından skrinşot hazırlamaqdır.

Şəklin mənbəyi, Getty Images
Ona görə də sosial şəbəkələrdə xəbər agentliklərinin, dövlət idarələrinin və ictimai təşkilatların rəsmi saytlarına istinad etmək lazımdır.
Ən doğrusu sosial şəbəkələrdə oxuduğunuz informasiyaları etibarlı mənbələrdəki məlumatlarla tutuşdurmaqdır. Sizdə şübhə oyadan status və ya videonu dəqiqləşdirməniz işin xeyrinə olardı.
4. Əmin deyilsinizsə, paylaşmayın
Sizə ötürülən informasiyanın doğruluğuna tam əmin deyilsinizsə, dostlarınıza və yaxınlarınıza göndərməyin. Bu, problemin həllindən çox, onun yaranmasına gətirib çıxarar, ona görə də şübhəli məlumatları "hər ehtimala qarşı" deyib tirajlamaq lazım deyil.
Bir çoxları inanmadıları xəbərləri paylaşıb ekspertlərdən onlara rəy bildirməyi xahiş edirlər.
Bu, faydalı üsuldur, ancaq əmin olmalısınız ki, məlumata inanmadığınızı və mütəxəssis rəyi eşitmək istədiyinizi statusunuzda aydın ifadə etmisiz.
Bundan başqa, unutmayın ki, paylaşdığınız şəkillər aktiv şəkildə tirajlanmağa başlasa, hər cür kontekstdən məhrum olacaqlar.
5. Faktların hamısını yoxlayın
"WhatsApp"-da koronavirusla bağlı çox populyar bir feyk dolaşır. BBC-yə onu müxətlif ölkələrdə yaşayan onlarla insan göndərib. Həmin audioyazıda "iş yoldaşının bir həkim dostuna" istinadən çoxsaylı (həm faydalı, həm də faydasız) məsləhətlər səsləndirilir.
Faktlarla uydurulanların sintezi - təbliğatın əsas prinsiplərindən biri budur. Ən azı bir maddəsinin düz olduğunu bildiyiniz tövsiyələr siyahısıyla rastlaşanda, digər maddələrə də inanmağınız asan olur.
6. Emosiyasız davranın
Bizdə müəyyən emosiyalar - qorxu, narahatlıq, kədər və ya sevinc hissləri oyadan informasiyalar çox təsiredici olur.
"Dezinformasiyanın başlıca hərəkətverici qüvvələrindən biri qorxudur. Belə informasiyalar insanlarda yaratdıqları qorxu hissinə görə "qol-qanad aça" bilirlər" - dezinformasiyayala mübarizədə jurnalistlərə yardım edən "First Draft" təşkilatının nümayəndəsi Kler Uorld belə deyir.
Saxta xəbər müəllifləri həyəcan hissini dərhal fəaliyyətə keşmək çağırışlarıyla yaratmağa çalışırlar.
Uordl həmçinin qeyd edir ki, "İnsanlar həmişə öz yaxınlarına kömək etmək istəyirlər. Ona görə də "VİRUSU yox etməklə bağlı məsləhətlər!" və ya "Bu dərmanı için" yazılmış məlumatları ozuyanda, dərhal nəsə etmək istəyirlər".
7. İnformasiyada qərəz olub-olmadığını düşünün
Hər hansı informasiyanı onun doğruluğuna inandığınız və dünyaya baxışınıza uyğun gəldiyini bildiyiniz üçünmü paylaşırsız?
"Demos" sosial media institutunun nümayəndəsi Karl Miller deyir ki, paylaşdığımız məlumatlar dünyayla bağlı təsəvvürlərimizin təsdiqidir:
"Bizim ən müdafiəsiz olduğumuz vaxt saxta xəbəri enerjili şəkildə təsdiqlədiyimiz andır. Məhz o an susmağı bacarmaq lazımdır".









