Panamada Mossack Fonseca-nın qərargahında axtarış aparılıb

Şəklin mənbəyi,

Polis və Panamanın mütəşəkkil cinayətkarlığa qarşı mübarizə şöbəsinin əməkdaşları "ofşor qalmaqal" nəticəsində məşhurlaşan Mossack Fonseca hüquq şirkətinin mənzil-qərargahında axtarış aparıb.

Associated Press-in məlumatına görə, hüquq-mühafizə orqanları terrorçuluğun maliyyələşdirilməsi və pulların yuyulmasına sübutlar axtarıb.

Axtarışın məqsədi dərc edilmiş materiallardakı qanunsuz fəaliyyəti göstərən sənədlərin tapılması olub, baş prokurorluqda bildiriblər.

Daha əvvəl dünyanın ən iri media orqanlarının əlinə Panamanın Mossack Fonseca şirkətinin müştərilərə pulların yuyulması, sanksiyalardan qaçmaq və vergidən yayınmağa kömək etdiyini göstərən milyonlarla sənəd keçib.

11 milyon sənəd Almaniyanın Suddeutsche Zeitung qəzetinə ötürülüb, onlar isə sənədləri Təhqiqatçı Jurnalistlərin Beynəlxalq Konsorsiumu (ICIJ) ilə paylaşıblar.

Sənədlərdə 72 hazırkı və keçmiş dövlət başçılarının, həmçinin yüksək vəzifəli məmurlar, iş adamları və mədəniyyət xadimlərinin adı çəkilir.

İslandiyanın baş naziri Sigmundur David Gunnlaugsson vəsaitlərini ofşor şirkətdə gizlətdiyinə görə, ittihamlar fonunda istefa verib.

ICIJ iddialarına görə, sızdırılmış sənədlər göstərir ki, Azərbaycan prezidentinin ailəsi Panamada ofşor şirkətlərinə sahib olanların arasındadır.

Panamanın baş prokurorluğu aprelin 5-də sözügedən "panama sənədlərində" qeyd olunmuş qeyri-qanuni ofşor şirkətlərinin yaradılması ilə bağlı araşdırma aparmağa hazır olduğunu bəyan edib.

Mossack Fonseca isə bildirib ki, şirkət qanunazidd fəaliyyətlə məşğul olmur. Şirkət materialların dərc edilməsini cinayət adlandırıb.