İslandiyanın baş naziri “Panama sənədlərinə görə” istefa verdi

Şəklin mənbəyi, Reuters

İslandiyanın baş naziri Sigmundur David Gunnlaugsson vəsaitlərini ofşor şirkətdə gizlətdiyinə görə, ittihamlar fonunda istefa verib.

Bundan öncə “Panama sənədlərində” onun və həyat yoldaşının Wintris ofşor şirkətinin sahibi olduqları haqqında məlumat aşkarlanmışdı.

Bir gün əvvəl İslandiya parlamenti qarşısında baş nazirə qarşı izdihamlı etiraz aksiyası keçirilib, müxalifət isə baş naziri etimadsızlıq rəyi bildirməklə hədələyib.

Çərşənbə axşamı Gunnlaugsson ölkə prezidenti Olafur Ragnar Grimsson-dan bu qalmaqalla bağlı ölkə parlamentinin buraxılmasını xahiş edib.

Məlumatlara görə, prezident siyasi partiyalarla danışıqlar keçirdikdən sonra son qərar qəbul etmək niyyətindədir.