Peskov: "Panama sənədlərini sızdıranları məhkəməyə vermək mənasızdır"

Şəklin mənbəyi, AP
"Kremldə hesab edirlər ki, Panamanın Mossack Fonseca hüquq şirkətinin sənədlərinin dərcilə bağlı məhkəmə iddialarının irəli sürülməsinə baş qoşmağa dəyməz - bu, mənasızdır", prezident Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, araşdırmada prezident Putinə şəxsən aid edilən və ya nəsə bir yeni məlumat yoxdur.
"Bunlar spekulyasiyadan başqa bir şey deyil”, Peskov deyib.
Araşdırmaçı jurnalistlərin Beynəlxalq Konsorsiumunun (ICIJ) materiallarına əsasən, Panamanın Mossack Fonseca şirkəti bəzi hallarda müştərilərinə pulların yuyulmasında, vergilərdən və müxtəlif sanksiyalardan yayınmaqda kömək edib.
Şirkətin sənədlərində müxtəlif dövlətlərin bir sıra hazırkı və keçmiş dövlət başçısı, məşhur şirkət və şəxslərin adı hallanıb.
Sənədlərdə "Rossiya" bankı ilə bağlı olan şirkətlərin adı çəkilir.
Bu səpkidə Rusiya prezidentinin yaxın dostları, o cümlədən, onun köhnə dostu violonçel ifaçısı Sergey Rolduginlə əlaqəli olan şirkətlərin də adı çəkilib.
Kremldə araşdırmanın nəticələrilə bağlı təəssüfləndiklərini bildiriblər, çünki bildirildiyinə görə, "daha sanballı nəticələr" gözləyirlərmiş.
Dmitri Peskovun qənaətinə görə, materiallarda xeyli sayda adların çəkilməsinə baxmayaraq, araşdırmanın əsas hədəfi Rusiya prezidenti olub.
“Xüsusən də, parlament seçkiləri və gələcək perspektiv kontekstində iki ildən sonra keçiriləcək prezident seçkiılərini nəzərdə tuturam”, o, əlavə edib.
Peskovun qənaətincə, xaricdə "aşırı putinofobiya" geniş yer alıb və "Rusiyanın Suriyada Palmiranın azad edilməsi kimi uğurlarına kölgə atmaq niyyəti var".
Sergey Roldugin indiyədək Vladimir Putinin dostudurmu sualına isə Peskovun cavabı belə olub: "Putinin həm Rusiyada və həm xaricdə olduqca çox dostu var”.




