Panama sənədləri: Putinin dostlarının "çirkli pulların yuyulmasında" əli var

Şəklin mənbəyi, Other

BBC-nin Panorama proqramı və Beynəlxalq Təhqiqat Jurnalistikası Konsorsiumunun (BTJK) apardığı araşdırma Vladimir Putinin yaxın çevrəsinə aid olduğu düşünülən çirkli pulların yuyulması zəncirini aşkar edib.

Milyard dollarlıq əməliyyatı, ABŞ hökuməti tərəfindən “Rusiya Federasiyasının yüksək vəzifəli rəsmilərinin şəxsi bankı” adlandırılmış Bank Rossiya həyata keçirib.

Bu araşdırma sanksiya altında olan Rusiya bankının necə işlədiyini aşkar etmiş ilk təhqiqatdır.

Suddeutsche Zeitung qəzeti tərəfindən əldə edilmiş və BTJK ilə paylaşılmış sızma sənədlər milyard dolların 4 məxfi ofşor şirkətinin vasitəsilə bir neçə şübhəli əməliyyatda necə ötürüldüyünü göstərir.

BBC Panorama və “The Guardian” qəzeti bu sənədləri dünya boyunca araşdıran 107 media təşkilatının sırasındadır.

Sənədlərdən ehtimal etmək olur ki, Sonnette Overseas, International Media Overseas, Sunbarn və Sandalwood Continental şirkətləri saxta səhm köçürmələrindən, qondarma konsaltinq sazişlərindən, qeyri-kommersiya kreditlərindən və qiyməti süni şəkildə aşağı salınmış aktivlərdən mənfəət götürüblər.

Məsələn #panamapapers-də göstərilmiş bir halda Sandalwood Continental bir mülkiyyəti cəmi 1 dollara alıb və üç ay sonra 133 milyon dollara satıb.

Sandalwood şirkətinə həmçinin Rusiyanın bir dövlət bankı tərəfindən 800 milyon dollarlıq kreditlər verilib. Sandalwood şirkətinin bu kreditlər üçün sığorta alması və ya ödənişlər etməsi barədə sənədli sübutlar yoxdur.

Maliyyə Cinayətləri və Təhlükəsizliyi Araşdırmaları mərkəzinin (Centre for Financial Crime and Security Studies) rəhbəri Tom Keatinge deyir ki, bu pul köçürmələri çirkli pulların yuyulmasının sübutu ola bilər.

“Burada gördüyüm hallar məni yalnız bunu deməyə vadar edə bilərdi: Dayanın, mən burada baş verənləri çox diqqətlə təhqiq etməliyəm. İstər 1 dollardan başqa kompensasiyası ödənilməmiş hansısa kreditlərin silinməsi olsun, istərsə də heç bir aşkar məqsəd olmadan çoxsaylı əllərdən keçmiş kreditlər”.

Sənədlər göstərir ki, iki bahalı ofşor şirkəti - International Media Overseas və Sonnette Overseas rəsmən Rusiya prezidentinin çox yaxın dostlarından birinə məxsusdur. Konsert violonçel çalanı Sergey Roldugin Vladimir Putini yeniyetməlik illərindən tanıyır və prezidentin qızı Mariyanın xaç atasıdır.

Sergey Roldugin bir neçə ofşor şirkətə sahibdir.
Şəklin alt yazısı, Sergey Roldugin bir neçə ofşor şirkətə sahibdir.

Sənədə görə Sergei Roldugin şübhəli sövdələşmələrdən şəxsən yüz milyonlarla dollar mənfəət əldə edib.

Lakin cənab Rolduginin şirkətlərinə aid sənəddə deyilir: “Bu şirkət şirkətin əsas sahibinin şəxsiyyət və məxfiliyinin qorunması üçün yaradılmış qurumdur”.

Bu violonçel ifaçısı əvvəllər müxbirlərə biznesmen olmadığını bildirib. Onun mürəkkəb ofşor sövdələşmələri ilə əlaqəsi belə bir şübhələrə səbəb olur ki, o kiminçünsə qondarma şəxs rolunu oynayır.

International Media Overseas

Sənədlər göstərir ki, Rolduginin şirkətlərindən biri olan International Media Overseas 2007-ci ildə 6 milyon dollar kredit götürüb. Üç aydan sonra kredit borcu cəmi 1 dollara silinib və beləliklə violnçel çalanın şirkəti 6 milyon dollar vəsait əldə edib.

2011-ci ildə həyata keçirilmiş başqa bir şübhəli sövdələşmədə International Media Overseas 200 milyon dollarlıq kreditin, faizlər və ödənişlər də daxil bütün haqlarını alıb.

International Media Overseas bunun üçün cəmi 1 dollar ödəyib, halbuki bu kreditin təkcə faiz ödənişləri cənab Rolduginin şirkətinə ildə 8 milyon dollar gətirməli idi.

Birləşmiş Krallığın aparıcı çirkli pul yuyulması araşdırmaları eksperti Andrew Mitchell deyir ki, sövdələşmələr son dərəcə şübhəlidir: “200 milyon dolların köçürülməsi və 1 dollar müqabində ildə 8 milyon dollar gəlirin heç bir kommersiya əsası ola bilməzdi”.

International Media Overseas habelə onun adına üç bank hesabı açarkən bu şəxsin Rusiya prezidentinə yaxınlığını açıqlamayıb.

Hər bir bank hesabı açılarkən doldurulan anketdə cənab Rolduginin PEP (Politically Exposed Persons – ictimai vəzifə tutan şəxslər) deyilən şəxslərlə əlaqəsinin olub-olmadığı soruşulurdu. Rolduginin doldurduğu anketlərdə o bu bəndə “yox” cavabı verib və bu aşkar şəkildə doğru deyildir.

International Media Overseas şirkəti habelə onlarca şübhəli səhm köçürmələrində iştirak edib. Belə sxemlərin birinə görə şirkət brokerə səhmlər satıb və ertəsi gün həmin broker hıəmin səhmləri, lakin aşağı qiymətə şirkətin özünə satıb.

Cənab Rolduginin şirkəti daim mənfəət əldə edib və sənədlər göstərir ki, bu mənfəət səhm sövdələşmələrindən əvvəl hesablanıb.

International Media Overseas habelə səhmlərin satışı barədə razılaşma əldə edilməsi və satışdan bir gün əvvəl razılaşmanın ləğv edilməsi sxemi üzrə də mənfəət əldə edib. Beləki cənab Rolduginin şirkətinə baş tutmamış sövdələşmələrə görə kompensasiyalar ödənib.

Sızmış sənədlər göstərir ki, səhmlərin alınması və alqı-satqının ləğvi barədə razılaşmalar eyni vaxtda imzalanıb. Bu isə onu göstərir ki, səhmlərin satılması üçün həqiqi niyyət əvvəldən mövcud olmayıb.

Kral hüquqşünası Mitchell bu səhm köçürmələri barədə sənədlərə baxıb. O deyib: “Bu biznes deyil. Bu, aktivləri daim hərəkətdə saxlamaq və gizlətmək məqsədilə biznes görüntüsünün yaradılmasıdır”.

Sonnette Overseas

Sızmış sənədlərdən bəlli olur ki, cənab Rolduginin digər bir şirkəti – Sonnette Overseas Rusiyanın Kamaz avtomobilqayırma şirkətində məxfi marağa malik olub.

2008-ci ildə Sonnette Kamaz şirkətində əhəmiyyətli səhm payı almaq imkanı olan konsorsiuma üzvlük üçün 1, 5 milyon dollar ödəyib.

Bu sənədlərdə Rolduginin şirkətindən nəyin gözlənildiyi qeyd olunub. Burada deyilir ki, Sonnette konsorsiumun Kamazdakı payının yüksəldilməsini təmin etməklə “ən sərfəli bir şəkildə mükafatlandırılıb”.

Sandalwood Continental

Belə görünür ki, Sandalwood Continental sübhəli çirkli pullar yuyan zəncirin mərkəzində dayanır. Bu şirkət dövlət mülkiyyətində olan bir bankdan silsilə qeyri-kommersiya məqsədli kreditlər şəklində 800 milyon dollar alıb.

Sızmış sənədlərdən bəlli olur ki, Sandalwood-a verilmiş pulun bir hissəsi Rusiya prezidentinin çox xoşladığı xizəksürmə kurortu şirkətinə kredit şəklində verilib.

Vladimir Putin İqora kurortunu 2006-cı ildə açıb və 2011 və 2012-ci illərdə ora xizək sürməyə gedib. Onun qızı Katerinanın toyu 2013-cü ildə İqorada olub.

Pulu alan şirkət hazırda qismən Yuri Kovalçukun mülkiyyətində olan Bank Rossiyanın mülkiyyətindədir. ABŞ hökuməti onu sanksiya siyahısına salanda Kovaçuku Vladimir Putinin kassiri kimi təqdim edib.

Cənab Kovalçukun vəkili bildirib ki, onun müştərisi ona verilən sualları başa düşmür, çünki Bank Rossiyaya aid bütün informasiya icbari bəyanetmə qaydasına uyğun şəkildə ictimai mənbələrdə tam açıqdır.

Sunbarn

Sızmış sənədlərdəki dördüncü ofşor şirkəti – Sunbarn da şübhə doğuran bir sıra sövdələşmələrdən mənfəət əldə edib.

Məsələn, sövdələşmələrdən birində şirkət ona Bank Rossiyanın verdiyi səhmlərin satışından 25 milyon dollar qazanıb.

Başqa bir əməliyyatda bu şirkət bir Kipr şirkəti vasitəsilə Rusiyada investisiya və ticarətə dair verilmiş konsaltinq xidmətləri üçün ödənişlər şəklində 30 milyon dollar alıb.

Sunbarn həmçinin Rusiya prezidentinin başqa bir uşaqlıq dostu, milyarder Arkadi Rotenberqə aid və ya ona bağlı şirkətlərdən kredit şəklində toplam 231 milyon dollar alıb. Burada da kredit sığortalaması və ya ödənişləri sübut edən heç bir dəlil yoxdur.

Bu kreditlərin Sunbarna verildiyi vaxtlarda cənab Rotenberqin şirkətlərindən birinə Rusiyadan Avropaya çəkiləcək 40 milyard dollarlıq qaz kəməri üzərində iş üçün sərfəli müqavilə verilib. Sonradan Cənub axını qaz layihəsi ləğv edilib.