Panama vergidən yayınma cənnətinə necə çevrilib?

Panamanın Mossack Fonseca hüquq firmasından mətbuata sızmış böyük həcmdə sənədlər zəngin və qüdrətlilərin varidatlarını necə gizlətdiklərinə əlavə işıq salmış oldu.
Bu hadisə Panamanın özünə də diqqəti artırıb.
Panama dünyanın ən məşhur vergidən yayınma sığınacaqlarından biri sayılır. Vergidən yayınma cənnətinə Panama necə çevrilib?
Hər şey nədən başladı?
2013-cü ildə Norvec Vergi Mərkəzinin dərc etdiyi araşdırmaya əsasən, Panamanın vergidən yayınma cənnəti tarixçəsi 1919 ildən başlayıb.
Həmin tarixdə Panama ABŞ-ın Standard Oil neft nəhənginə ABŞ vergi qanunvericiliyindən yayınmağa kömək etmək üçün xarici gəmiləri qeydiyyatdan keçirməyə başlayıb.
Bundan sonra Standard Oil şirkətinin Panama təcrübəsindən ABŞ-da digər gəmi sahibkarları da yaralanaraq gəmilərini orada qeydiyyatdan keçirməyə başlayıblar.
Panama qeydiyyatı ABŞ sərnişin gəmilərinə Amerikada alkoqola qadağa tətbiq edildiyi illərdə (1920-1933) qanunu pozmadan müştərilərə spirtli içkilər təklif etməyə imkan verirdi.
Bir neçə ildən sonra Pamana gəmiçilikdə tətbiq etdiyi qaydaları ofşor maliyyə sisteminə də şamil etməyə çalışdı.
Norveç Vergi Mərkəzinin araşdırmasına əsasən, "Wall Street maraqları Panamaya vergidən azad zona, həmin zonada hamı üçün asanlıqla şirkət açmaq imkanı verən qanunvercilik yürütməkdə kömək etdi".
Onilliklər ərzində Panamada cəmləşən maliyyənin həcmi nisbətən böyük olmasa da, 1970-ci illərdə neft qiymətləri sürətlə artmağa başlayandan sonra vəziyyət kəskin surətdə dəyişdi.
O zaman nə baş verdi?
Panama qanunvericiliyində korporativ və fərdi maliyyə məxfiliyi qorunur.
Ciddi məxfilik qanunları və normalarının pozulmasına görə mülki və cinayət məcəllələrində sərt cəza növləri tətbiq olunur.
Korporativ payçıların adlarının açıqlanması tələb olunmur.
Ölkənin, eləcə də, bank məxfiliyi haqqında sərt qanunvericiliyi var.
Maliyyə qurumlarına ofşor bank hesabları barədə məlumat vermək yasaqlanıb.
İstisnalar yalnız Panama məhkəməsinin orderi əsasında terrorçuluq, narkotik dövriyyəsi və digər ciddi cinayət xarakterli hərəkətlərə görə edilə bilər.
Panamada eləcə də pul köçürmələri və çıxarışlarının həcminə məhdudiyyət qoyulmur.
1982-cü il üçün Panama kanalı və azad ticarət zonasında yaradılmış biznes imkanlardan yararlanmaq üçün 100-dən çox beynəlxalq bank Panama City şəhərində ofisini açmışdı.
Nəticədə nə oldu?
Vice nəşri üçün 2014-ci ildə yazdığı məqaləsində jurnalist Ken Silverstein qeyd etmişdi ki, "həmin qanunvericilik ölkəyə çirkli pulları və qarət edilmiş varidatı cəlb etdi, həmin əmlakın sahibləri arasında Ferdinand Marcos, "Bala Dok" Duvalier və Augusto Pinochet kimi" bədnam ad çıxarmış şəxslər də var idi".
"Panamanın ordu komandanı 1983-cü ildə hakimiyyətə gələndən sonra, o, Medellin narkotik kartelilə partnyorluq edərək pulyuma biznesini milliləşdirdi və kartelə ölkədə azad fəaliyyət göstərmək azadlığını verdi".

Bundan sonrakı illərdə narko-biznesin Panamada nüfuzunun artması ilə bağlı tənqid güclənməyə başladı.
Nəhayət ABŞ hərəkətə keçərək 1989-cu ildə Panamaya hərbi müdaxilə edərək Noriega-nı devirdi.
Noriegadan sonra hakimiyyətə gəlmiş mülki və hüquqşünas Guillermo Endara, Panamanın beynəlxalq imicini təzələsə də, ölkənin maliyyə sistemində pulyuma əməliyyatlarına, fırıldaqçılıq və vergidən yayınmaya icazə verilməsi barədə ittihamlar səslənməkdə davam edirdi.
Panamanı digər vergi cənnətlərindən fərqləndirən nədir?
Vergi sahəsində ixtisaslaşan vəkil Jolyon Maugham BBC-ə deyir ki, "vergidən yayınma sığınacaqlarının yaxşısı olmur".
"Onların qlobal iqtisadiyyata heç bir faydası yoxdur. Panama da belə əcaib və məxfi yerlərdən biridir", - vəkil qeyd edib.
Jolyon Maugham deyir ki, Panama "xüsusi məxfiliyi, qeyri-şəffaflığı, etik normaları pozğun menecerlər sinfinin bank hesablarını idarə etməsilə seçilir".
"Bütün bu mənfiliklərə baxmayaraq Panamanı seçənin özü, demək ki, eyni dəyərləri bölüşür".
Ədalətli Vergi Şəbəkəsi fəallar qrupunun bildirdiyinə görə, son illərdə Panama beynəlxalq şəffaflıq təşəbbüslərlə bağlı əməkdaşlıqdan imtina edir.
Qanuni əsasda vergidən yayınma sövdələşmələri qlobal biznesin bir növüdür və vergidən yayınma cənnətləri müştərilərə belə xidmət göstərmək uğrunda rəqabətdədirlər.
OECD vergi siyasəti mərkəzinin direktoru Pascal Saint-Amans bildirir ki, "Əcaib yer kimi ad çıxarmasına baxmayaraq, Panama, hələ ki pullarını gizli saxlamaq istəyənlərin etibar etdiyi yeganə yerdir".
Mossack Fonseca sənədlərinin işıq üzü görməsindən sonra, Panama prezidenti Juan Carlos Varela deyib ki, onun höküməti qeyri-qanuni maliyyə sistemlərinə münasibətdə "barışmaz mövge tutur".




