Panama sənədləri: Mossack Fonseca-dan sənəd sızması "vergi cənnətinə” işıq salıb

Şəklin mənbəyi, noncredit

Böyük həcmlərdə sızmış məxfi sənədlər zəngin və qüdrətlilərin öz sərvətlərini gizlətmək üçün “vergi cənnətlərindən” necə istifadə etdiklərini göstərib.

Dünyanın ən məxfi şirkətlərindən biri olan Panama hüquq firması Mossack Fonseca-dan 11 milyon sənəd mediaya sızıb.

“The #panamapapers” adını almış sənədlər Mossack Fonseca-nın öz müştərilərinə çirkli pulları yumaqda, sanksiyalardan yan keçməkdə və vergidən yayınmaqda necə kömək göstərdiyini nümayiş etdirib.

Bu məlumatların arasında öz ölkələrini talan edən diktatorlar da daxil 72 hazırkı və keçmiş dövlət başçısı ilə bağlı informasiyalar var.

Bu sənədlər Almaniyanın Suddeutsche Zeitung qəzeti tərəfindən əldə edilib və Beynəlxalq Təhqiqat Jurnalistikası Konsorsiumu (International Consortium of Investigative Journalists) ilə paylaşılıb.

BBC Panorama və “The Guardian” qəzeti bu sənədləri dünya boyunca 78 ölkədə araşdıran 107 media təşkilatının sırasındadır. BBC sənədləri vermiş mənbənuin kimliyi barədə məlumata malik deyil.

BTJK-nın direktoru Gerard Ryle deyib ki, bu sənədlər Mossack Fonseca-dakı biznesi gündəlik əsasda və 40 il ərzində əks etdirir.

O deyib: “Düşünürəm ki, bu sızma, sənədlərin böyük həcmi nəzərə alınarsa, çox güman ofşor dünyası üçün indiyədək aldığı ən ağır zərbə olacaq”.

Bu sənədlərin arasında Misirdə Hüsnü Mübarəkin, Liviyada Müəmmər Qəddafi və Suriyada Bəşər əl-Əsədin ailə və yaxınlarına bağlı ofşor şirkətləri barədə məlumatlar var.

Bu hesabat Rusiyanın sanksiya altında olan bankı tərəfindən və prezident Putinə bağlı şəxslərin iştirakilə həyata keçirildiyi güman edilən bir milyard dollarlıq çirkli pulların yuyulması zəncirini aşkar edib.

Hesabat həmçinin İslandiyanın baş naziri Sigmundur Gunnlaugsson-un öz ölkəsinin borcu silinmiş banklarında bəyan edilməmiş maraqlarının olduğunu göstərib.

Mossack Fonseca firması pul sahiblərinin hesablardan pul çıxararkən məxfiliyinin saxlanması məqsədilə müştərilərinə guya 1, 8 milyon dolları olan qondarma şəxslər də verib.

Mossack Fonseca deyir ki, o qeydiyyata aldığı şirkətlərin vergidən yayınma, çirkli pulların yuyulması, terrorun maliyyələşdirilməsi və ya başqa qanunsuz fəaliyyət məqsədilə istifadə edilmədiyinə əmin olmaq üçün daim beynəlxalq protokollara əməl edir.

Şirkət bildirir ki, onun davranışı son dərəcə ölçülü-biçilidir və onun xidmətlərindən hər hansı sui-istifadəyə görə məyusluq duyur.

“40 il ərizndə Mossack Fonseca bizim ölkəmizdə və əməliyytalarımız olan başqa yurisdisksiyalarda qüsursuz fəaliyyət göstərib. Firmamız heç bir vaxt heç bir cinayətkar qanun pozuntusu ilə bağlı ittiham və ya mühakimə edilməyib

“Biz şübhəli fəaliyyət və ya qanun pozuntusu aşkar etdikdə, dərhal hakimiyyət orqanlarına məruzə edirik. Eynilə əgər hakimiyyət orqanları bizə mümkün qanun pozuntusu dəlilləri ilə müraciət edirsə, biz onlarla tam əməkdaşlıq edirik”.

Mossack Fonseca bildirir ki, ofşor şirkətləri dünya boyunca mövcuddur və onlardan müxtəlif legitim məqsədlər üçün istifadə edilir.