Paris hücumları: silahlar aşkar edilib

Fransa təhlükəsizlik qüvvələri indi ən yüksək hərbi hazırlıq vəziyyətindədir

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Fransa təhlükəsizlik qüvvələri indi ən yüksək hərbi hazırlıq vəziyyətindədir

Paris hücumlarını təşkil edən şəxslərin istifadə etdiyi güman olunan avtomobildə bir neçə Kalaşnikov aşkar edilib, Fransa ədliyyə mənbələrindən bildirilib.

Qara Seat maşını bazar günü Parisin şərqindəki Montreuil rayonunda tapılıb və güman olunur ki, hücum edən şəxslərdən bəziləri qaçmağa nail olub.

Parisdə129 nəfərin ölümü və 350 nəfərin yaralanması ilə nəticələnmiş hücumların iştirakçışı olmuş yeddi silahlıdan birinin kimliyi məlum olub.

Hücum etmiş şəxsin 29 yaşlı Əlcəzair əsilli Fransa vətəndaşı Omar İsmail Mostefai olduğu bildirilir.

Ona yaxın olduğu bildirilən altı nəfər şənbə günü səhər saatlarında həbs edilmişdi.

Polis həmçinin bildirib ki, onlar iki restorana hücumda istifadə edilmiş qara rəngli Seat maşını aşkar ediblər.

Fransada üç günlük matəm elan edilib.

Bazar günü Parisin Notre Dame Kilsəsində faciə qurbanlarının ailələri və hadisədən sağ çıxmış şəxslər üçün xüsusi tədbir keçiriləck.

Cümə günü baş tutmuş hücumlara görə məsuliyyəti İslam Dövləti (İD) qruplaşması öz üzərinə götürüb.

Paris cümə gecəsi baş vermiş hücumlardan sonra yas içindədir

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Paris cümə gecəsi baş vermiş hücumlardan sonra yas içindədir

Hücumlar Parisdəki konsert zalı, əsas stadion, restoran və barlarda həyata keçirilib.

Baş nazir Manuel Valls bildirib ki, Fransa Suriyadakı İD qruplaşmasına qarşı hava hücumlarına davam edəcək və qruplaşmanı çox yaxşı təşkil edilmiş düşmən adlandırıb.

Prezident Francois Hollande Türkiyədə keçirilən G20 görüşündə iştirakını təxirə salıb və böhranı müzakirə etmək üçün müxtəlif siyasi liderlərlə görüşlər keçirir.

Belçikada həbslər

Şənbə günü Belçikanın paytaxtı Brüssel yaxınlığında yerləşən Molenbeek şəhərində Paris hücumları ilə əlaqəli beş nəfər həbs edilib, Molenbeek meri Belçika televiziyasına bildirib.

Molenbeek küçələrində polis təhqiqat aparır

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Molenbeek küçələrində polis təhqiqat aparır

Həbs edilənlərdən ən azı birinin cümə günü Parisdə olduğu güman edilir, Belçika baş naziri Charles Michel bildirib.

90 nəfərə yaxın adamın öldürüldüyü Bataclan konsert zalının yaxınlığında Belçika nömrəli Volkswagen Polo avtomobili aşkarlanıb.

Paris baş prokuroru Francois Molins bildirib ki, maşın Belçikada yaşayan Fransa vətəndaşı tərəfindən kirayə edilib.

“İndiki mərhələdə onu deyə bilərik ki, bu vəhşi aktın arxasında üç koordinasiya olunan terrorçu qruplaşması dayanır,” cənab Molins deyib.

“Biz müəyyən etməliyik ki, onlar hardan gəlib... və necə maliyyələşiblər”.

Stade de France-a hücum edən şəxslərdən birinin cəsədi yaxınlığında tapılmış Suriya pasportundan keçən ay Yunanıstanın Leros adasından səyahət etmək üçün istifadə edilib, Yunanıstan rəsmiləri təsdiqləyib.

Serbiyadan bildirilib ki, pasportun sahibi həmçinin Makedoniya ilə sərhədi də keçib və qeydiyyat məntəqələrindən birində sığınacaq üçün müraciət edib.

Pasportun sahibi ilə hücumçular arasında hər hansı bir əlaqənin olması hələ ki, məlum deyil.

Mostefai kimdir?

Mostefai, 90 nəfərə yaxın adamın öldüyü Bataclan konsert zalında polisin barmaq izlərini aşkarlanamsının ardından müəyyən olunub.

O, Parisdən 25 km cənubda yerləşən Courcouronnes şəhərindən gəlib. O, 2012-ci ilədək yaxınlıqdakı Chartres şəhərində yaşayıb, şəhər merinin müavini Jean-Pierre Gorges bildirib.

Onun müntəzəm olaraq Chartres yaxınlığındakı məscidə getdiyi bildirilir.

Məlumatlara görə, Mostefai əvvəllər də xırda cinayət törətsə də, heç vaxt həbs olunmayıb.

Mostefai-nin atası, qardaşı və baldızı da onun həbs olunmuş yaxınları arasındadır.

Onun qardaşı bildirib ki, qardaşı ilə ailə problemlərinə görə bir neçə ildir əlaqə saxlamır, lakin onun radikallaşmasını eşitdəndə təəccübləndiyini bildirib.