Parisdə hücumlar: ən azı 127 adam ölüb

Şəklin mənbəyi, Getty
Parisdə ən azı 127 adamın ölümünə bais olan hücumlardan sonra Fransa fövqəladə vəziyyət elan edib, sərhədlərini bağlayıb.
Fransa paytaxtı boyunca silsilə basqınlar nəticəsində 180-dən çox adamın xəsarət aldığı xəbər verilir.
Məlumata əsasən Bataclan konsert zalında 80 adam öldürülüb. Daha öncə girov götürülən onlarla adam təhlükəsizlik qüvvələrinin zala hücumundan sonra azad edilib.

Şəklin mənbəyi, AFP
8 basqınçının öldürüldüyü xəbər verilir.
Stade de France yaxınlığında və Parisin mərkəzindəki restoranlarda da hücumlar baş verib və insanlar öldürülüb.
Paris sakinlərindən evlərindən bayıra çıxmamaq xahiş olunub. Şəhərə 1500 nəfər hərbi personal yeridilib.
BBC müxbiri Hugh Schofield deyir ki, hadisə yerinə xeyli sayda təcili yardım maşını gəlib və içəridə çoxlu qurbanlar var.

Şəklin mənbəyi, AP
Digər hücumlar Le Petit Cambodge və Le Carillon restoranlarında baş verib. BBC müxbiri yolda 10 nəfərin uzandığınə görüb, onlardan bəziləri ölü, digərləri isə ağır yaralıdır.
Məlumatlara görə, atışma Eagles of Death Metal Kaliforniya rok-qrupunun konserti başlayandan bir saat sonra başlayıb.
Bəzi KİV-lərin məlumatına görə, hücum edənlərin sayı 1-2, digərləri 5-6 nəfər olub.
Bundan başqa, Parisin digər yerlərində, o cümlədən, Fransa paytaxtının kənarında Stade de France stadionunda partlayış zamanı onlarla insan həlak olub.
Petit Cambodge restoranında silahlı adamın avtomat silahdan atəş açdığı deyilir. Liberation qəzetinin məlumatına görə, atəş nəticəsində 4 nəfər ölüb.
BBC jurnalisti hadisə yerində yolun üstündə həyatını itirmiş və ya xəsarət almış təxmin 10 adam gördüyünü bildirib.

Şəklin mənbəyi,
Fransa və Almaniya yığma komandaları arasında futbol oyunu zamanı Stade de France stadionu yaxınlığında üç partlayış baş verib.
Məlumatlara görə, oyunu izləyən Fransa prezidenti təhlükəsiz yerə təxliyə edilib. Hücumlarla bağlı Hollande təcili müşavirə çağırıb.
Fransua Hollande Bataclanda insanları girov saxlayanların hamısının öldürüldüyünü bildirib.
ABŞ prezidenti Barak Obama Fransada baş verənləri "terrorizm" və "ekstremizm" adlandırıb.
“Biz Fransa xalqını terrorizmə və ekstremizmə qarşı mübarizəsində dəstəkləyirik. Bu, dəhşətli vəziyyətdir, və biz ABŞ-da bunun nə olduğunu bilirik, çünki biz də belə hadisələr yaşamışıq”, - Obama deyib.
Rusiya prezidenti Vladimir Putin “Parisdə dəhşətli silsilə terror aktları ilə bağlı” dərin hüznlə başsağlığı verir, eləcə də Francois Hollande və bütün Fransa xalqına həmrəylik sözlərini göndərir, Rusiya prezidentinin mətbuat katibi Aleksandr Peskov məlumat verib.




