"İslam Dövləti" əsarətindən qaçan suriyalı keşişin hekayəti

Az qala 3 ay ərzində İslam Dövləti qruplaşmasının əlində qalmış, ölümlə hədələnən suriyalı keşiş ilk dəfə olaraq başına gələn dəhşətli əhvalatdan danışıb.
Jack Murad ata Suriyanın mərkəzindəki əl-Qəryəteyn şəhərindən may ayında, qədim Müqəddəs Elian Monastırında könüllü olaraq fəaliyyət göstərən Botros Hanna ilə birlikdə qaçırılmışdı.
Jack ata baş verənlər barədə BBC Ərəbcəyə bəhs edib.
Jack ata zorla avtomobilə otuzdurulub “əl-Qəryəteyn ətrafındakı dağlara” doğru naməlum istiqamətdə aparıldıqdan əvvəl özü və Botros Hannanın gözlə əllərinin necə bağlanıldığını xatırlayır.
4 gün keçmiş gözləri yenidən sarıqla bağlanılıb əlləri qandallandıqdan sonra onları daha aralı bir yerə aparıblar.
Nəticədə iki nəfər İslam Dövləti qruplaşmasının istehkamı olan Raqqa şəhərinə gətirilib. Burada onlar 84 gün saxlanılıb.
Jack Murad-ın sözlərinə görə onlara işgəncə verilməyib, tibbi yardım göstərilib və yemək də verilib.
Lakin Jack Murad təhqirlərə məruz qaldığını bildirir.
Onlara "həqiqi din olan İslamdan" kənar düşdüyünü və kafir olduqlarını deyiblər.
Qəribə olsa da, onları saxlayan şəxslər Xristian dinilə maraqlanıblar, Jack ata xatırlayır.
"Onlar məndən ilahiyyata aid məsələlərlə maraqlanar, Allah, Müqəddəs Üçlük, İsa və onun çarmıxa çəkilməsi barədə soruşardılar”.

Şəklin mənbəyi, AP
Keşiş sualların cavablandırılmasının mənasız olduğunu hesab edirdi.
"Səni məhbəsə ataraq silah tuşlayan şəxslə müzakirələrin hər-hansı mənası varmı”, - deyə Jack sual edir.
Keşiş cavaba məcbur edilərkən “Dinimi dəyişməyə hazır deyiləm” deyərmiş.
Ölümlə təhdid
Qarşıma çıxan silahlılar əsarətdəkilərə hədə-qorxu gəlirdirlər. Deyirdilər ki, İslama keçməkdən imtina edərlərsə, öldürüləcəklər.
“Bizi qorxutmaq üçün onlar hətta neçə öləcəmiyizi təfsilatlı izah edirdilər”, - Jack ata yadına salır.
Keşişin sözlərinə görə, onun keçdiyi təcrübə əqidəsini möhkəmləndirdi. Hərçənd ki, o bəzən başının kəsiləcəyini də düşünüb.
Onun sözlərinə görə, həbsinin sonuncu, 84-cü günündə qruplaşmanın əmiri gəlib dedi ki, “əl-Qəryəteyn xristianları səni qaytarmaq istəyirlər və bizi buna görə cana yığıblar, odur ki, tərpən”.
“Palmira və Savvanehi keçdikdən sonra avtomobil tunelə daxil olaraq gözdən itti. Bizi maşından çıxardılar. Əmir əlimdən tutub məni yekə dəmir qapıya doğru apardı. O, qapını açanda mən içəridə kilsə icmasından iki adamı gördüm”.
"Onlar mənə sarılandan sonra yuxarı baxarkən, gözümün qarşındakı səhnə məni heyrətə gətirdi".
"Əl-Qəryəteyn kilsə icması üzvlərinin hamısı - mənim uşaqlarım orda idi. Mən şok içində idim. Təəccüb və xoşbəxtlik hisslərini yaşadım. Onların hamısı məni qucaqlamağa gəldilər”.

Onun İslam Dövləti qruplaşmasının əlində qaldığı müddətdə cihadçılar əl-Qəryəteyn şəhərini nəzarət altına aldılar.
Onlar daha 20 gün ərzində əsarətdə qaldılar. Nəhayət avqustun 31-də, Jack ata bir neçə İslam Dövləti qruplaşması ruhanilərinin qarşısına çıxarıldı.
Onların məqsədi qruplaşma lideri Əbu Bəkr əl-Bağdadinin əl-Qəryəteyn xristianlarının müqəddəratı ilə bağlı qərarını çatdırmaq idi.
Masa üzərində bir neçə variant olub. Onlardan biri kişilərin öldürülməsini və qadınların köləliyə verilməsini nəzərdə tuturdu.
Lakin nəticədə xristianlara "İslam Dövləti ərazisində yaşamaq hüququ” verən qərar qəbul edildi.
“Küfr diyarı”
Jack ata əl-Qəryəteyn şəhərindəki kilsə və monastırlarla bağlı verilən sualların hamısına cavab verib. Lakin o, müqəddəs Elian türbəsini dağıdılmaqdan qorumaq üçün bu barədə heç nə deməyib.
O deyir ki, cihadçıları aldatmaq asan iş olmayıb: "Onlar hər şeyi təfsilatınadək bilirlər. Biz onları mədəniyyətsiz bədəvilər kimi görməyə meylliyik. Reallıq bunun tam əksidir. Onlar ağıllı, savadlı, Universitet təhsili sahibidirlər və bir şeyi planlaşdırarkən, hər bir xırdalığa diqqət yetirirlər”.
Keşiş İslam Dövləti məhbəsində qalarkən əl-Qəryəteyn uğrunda döyüşdən sonra müharibə qəniməti kimi ələ keçirilən şəhərin monastırı dağıdılmışdı.
İslam Dövləti qruplaşmasının ruhaniləri ona əl-Qəryəteyn xristianları ilə cihadçı hərəkat arasında razılaşmanın şərtlərini bildiriblər.
Razılaşmaya görə, xristianlar Mosul şəhəri də daxil olmaqla İslam Dövləti qruplaşmasının nəzarətində olan ərazi boyu sərbəst hərəkət edə bilərlər. Hərçənd ki, onların Homs və Mahin şəhərlərinə səyahətinə icazə verilmirdi. Çünki İslam Dövləti qruplaşması bu şəhərləri “kafir diyarı hesab edirdi".
Jack ata İslam Dövləti qruplaşması nəzarətində olan əraziləri Botros Hanna ilə birlikdə tərk etməyə müvəffəq oldu.
O, gəldiyi ərazilərin döyüş səhnəsi olduğunu deyir. "Bir tərəfdən hava qüvvələri zərbələr endirir. Digər tərəfdən bizim əl-Qəryəteyndə qalmağımız da təhlükəsiz deyil. Mən qaldıqca, sakinlər də orda qalacaqdı. Belə ki, mən başqalarını da belə addım atmağa həvəsləndirmək üçün oranı tərk etməyə qərar verdim”.
Lakin onun yolunu tutanların sayı o qədər də çox olmayıb.
"Bir çoxları gedəcək yerləri olmadığı üçün orda qalmalıdırlar. Bəziləri didərgin həyatını qəbul etmir və evdə ölmək istəyirlər. Digərləri isə əmindirlər ki, razılaşmaya görə İslam Dövləti qruplaşması onları müdafiə edəcək.
Jack ata əl-Qəryəteyndə təxminən 160 xristianın qaldığını bildirir.
"Onlar bunu istədikləri üçün qalırlar. Biz onlara Allah üstünüzdə olsun deyirik, çünki şəhərimiz təhlükəli döyüş səhnəsidir. Orada sığınacaq yoxdur, heç bir yer təhlükəsiz deyil”.
Xəbəri BBC Ərəbcənin müxbirləri - Assaf Abboud və Rami Ruhayem tərəfindən hazırlanıb.





