İslam Dövləti “Nəmrudun məhvini göstərən” video yayıb

nəmrud

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Videoya görə, ərazi partlayıcı maddələrlə dağıdılıb

İslam Dövləti qruplaşması döyüşçülərinin İraqın qədim Nəmrud şəhərini dağıtması ilə bağlı videonu internet vasitəsilə yayıb.

Görüntülərdə mart ayında cihadçıların İraqın ən böyük arxeoloji xəzinəsi sayılan Nəmrudu dağıtdığı ortaya çıxır.

Videoda onların qədim şəhərin xarabalıqlarında buldozerlərdən və partlayıcı vasitələrdən istifadə etdiyi görünür.

İD, Nəmrud və İraqdakı digər qədim ərazilərə “saxta bütlərə” qarşı müharibə çərçivəsində hücum edir.

Mart ayında İraqın turizm naziri bildirib ki, İD Assuriya xarabalıqlarını məhv etmək üçün ağır texnikadan istifadə edib.

Eramızdan əvvəl 13-cü əsrə aid Nəmrud, Mosuldan 30 kilometr cənub-şərqdə yerləşir.

Videoda həmçinin, döyüşçülərin qədim daş abidələri qopardaraq məhv etdiyi görünür

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Videoda həmçinin, döyüşçülərin qədim daş abidələri qopardaraq məhv etdiyi görünür
Qədim frizerlər məhv edilir, videoda nümayiş etdirilir

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Qədim frizerlər məhv edilir, videoda nümayiş etdirilir

İD, 2014-cü ilin iyun ayından İraqın ikinci böyük şəhəri Mosul və ətrafdakı ərazilərə nəzarət edir.

Videoda döyüşçülərin ərazidəki daş abidələri kəsərək dağıtmaq üçün ağır alətlərdən istifadə etdiyi görünür. Bundan sonra isə onlar, böyük miqdarda partlayıcı vasitədən istifadə etməklə ərazini yerlə-yeksan edirlər.

Nəmruddan olan bir çox abidə xarici muzeylərdə saxlanılır, lakin qanadları olan insan başlı heyvanları təsvir edən bəzi böyük “lamassu” heykəlləri və daş frizlər hələ də Nəmrudda idi.

Döyüşçülərin nəzarət etdiyi bölgə, İraqın 12 000 qeydiyyata alınmış arxeoloji ərazisindən təxminən 1800-nə malikdir.

Abidələrin dağıdılması xəbəri, İD-nin 8000-dən çox qədim əlyazmanın saxlandığı Mosul Kitabxanasını yandırması xəbərinin ardından gəlib.