İD Suriyada Əl-Qəryəteyn xristian monastırını dağıdıb

Şəklin mənbəyi, AP
İslam Dövləti adlandırılan təşkilat Suriyanın mərkəzindəki Əl-Qəryəteyn şəhərində xristian monastırını dağıdıb.
İslamçılar həmçinin bu şəhərdə əsir etdikləri xristianları özlərinin istehkamı sayılan Raqqa şəhərinə aparıblar.
Bu barədə məlumatı müxalif Suriya İnsan Haqları Observatoriyası adlı monitorinq qrupu verib.
İD Əl-Qəryəteyn şəhərini hökumət qoşunlarından iki həftə əvvəl almışdı.
Raqqaya sürülən 100-dək xristianın arasında tanınmış yerli keşiş Jacques Mourad da var.
Başqa bir hadisə zamanı Golan təpələrinin Suriyanın nəzarətində olan hissəsinə İsrail təyyarələrinin zərbəsi nəticəsində azı dörd nəfər həlak olub.
İsrail hava zərbələrini Suriyanın bu hissəsindən edilən raket hücumlarına cavab olaraq endirib.
İsrailə tərəf atılan raketlərin partlaması nəticəsində ölən olmamışdı.
İsrail raketlərin atılmasına görə fələstinlilərin İslami Cihad qruplaşmasını günahlandırır.
Suriyada 2011-ci ildə münaqişə başlananadan bəri 230 min insan həyatını itirib.
Əvvəllər prezident Bəşər əl-Əsədə qarşı döyüşən qruplar indi öz aralarında vuruşaraq daha böyük xaos yaranmasına səbəb olublar.




