Xorvatiya və Sloveniya minlərlə miqrant üçün sərhəd məhdudiyyətini asanlaşdırıb

Şəklin mənbəyi, Getty
Sloveniya bildirib ki, bazar ertəsi Xorvatiya ilə sərhədində yaş və çirkli şəraitdə gözləyən 5 min miqrantın əksəriyyətinin ölkəyə daxil olmasına icazə verib.
Ölkə əvvəllər gündə cəmi 2,500 miqrant qəbul edə biləcəyini bildirmişdi.
Xorvatiya da minlərlə miqrantın şimali Avropaya keçmək üçün toplaşdığı Serbiya ilə sərhədlərini açıb.
Miqrantların əksəriyyəti Əfqanıstan, Suriya və İraqdandır və onlar Xorvatiya və Sloveniyadan keçərək qərbi Avropa ölkələrinə üz tutmaq istəyirlər.
Bazar ertəsi Almaniya anti-immiqrant qrupu Pegida-nın birinci ildönümü münasibətilə Drezden şəhərində böyük mitinq baş tutub.
Hadisə Almaniyanın bu il yüz minlərlə qaçqını qəbul etmək qərarına cavab olaraq qrupun daha radikallaşması fonunda baş verir.

Şəklin mənbəyi, AP

Şəklin mənbəyi, AP
Xorvatiya və Sloveniya bazar ertəsi minlərlə insanının sərhəddə rütubətli, soyuq və küləkli havada saatlarla gözləməsindən sonra məhdudiyyətləri yumşaldıb.
Hər iki ölkə həftə sonu Macarıstanın təhlükəsizlik problemlərini əsas gətirərək, cənub sərhədlərini bağlamasından və miqrantların Sloveniya vasitəsilə Avropaya keçməyə məcbur olmasından sonra sərhəddə ciddi nəzarət tətbiq edib.
Sloveniya daxili işlər nazirliyi bazar ertəsi bildirib ki, Xorvatiyadan təxminən 5 min miqratın ölkəyə daxil olmasına icazə verilib, onlardan 900-ü artıq Avstriyaya yollanıb.
Eyni zamanda, Xorvatiya da 3 minə yaxın miqrantın sığınacaqsız və soyuq havada gözləməsinə görə öz sərhədlərini açmağa qərar verib.
Xorvatiyanın baş naziri Zoran Milanovic deyib ki, hökumət məhdudiyyət tətbiq etməklə insan axınının qarşısını almağa ümid edib, ancaq Serbiya ilə sərhəddəki yoxsul şəraitə görə, miqrantlara ölkəyə daxil olmağa icazə verməyə məcbur olublar.

Şəklin mənbəyi, AFP
BMT Qak-ın məlumatına görə, Serbiyada 10 min miqrant Avropaya keçmək üçün gözləyib, bazar ertəsi isə təkcə Makedoniyadan daha 6 min miqrant ölkəyə gəlib.
Bəzi serb rəsmiləri də bildiriblər ki, onlar cənubdan gələnləri saxlaya bilərlər.
Əksəriyyəti suriyalı olan 600 mindən çox insan bu il Avropaya gəlib. 2014-cü ildə isə bu rəqəm 200 min olub.
Almaniya bəyan edib ki, bu il 800 min sığınacaq axtaran şəxs gözləyir, amma bu say 1,5 milyona çata bilər.





