Minlərlə miqrant Balkan sərhədlərində qalıb

BMT bildirir ki, Macarıstanın sərhədləri bağlamaq qərarı miqrant problemini daha da artırıb

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, BMT bildirir ki, Macarıstanın sərhədləri bağlamaq qərarı miqrant problemini daha da artırıb

Minlərlə miqrant qərbi Avropaya yolları bağlandığından, Balkan yarımadasında, soyuq və yağışlı havada sərhəddə gözləməli olub.

Uşaqlar da daxil olmaqla yüzlərlə miqrant isə gecəni Xorvatiya ilə Sloveniya sərhədində, açıq havada keçirib.

BMT Qaçqınlar Agentliyi də (UNHCR), Serbiya-Xorvatiya sərhədindəki çatışmazlıqlardan şikayətlənib.

Gərginlik

Minlərlə miqrantın Qərbi Avropaya çatmaq üçün şimali Balkan dövlətlərindən keçmək istəməsi burada gərginliyə səbəb olub.

Xorvatiya Sloveniyadan gündə 5000 miqrantı qəbul etməsini xahiş etsə də, Sloveniya ölkəyə gündə yalnız 2,500 daxil olmasına icazə verir.

Sloveniya DİN rəhbəri Bostjan Seficin sözlərinə görə Sloveniya Xorvatiyanın təkid etdiyi gündə 5,000 nəfər miqrant rəqəmi ilə razılaşa bilməz, çünki Avstriyanın gündəlik miqrant norması gündə 1,500 nəfərdir.

Bu addım Serbiya ilə Xorvatiya sərhədində insanların toplanması ilə nəticələnib.

Rəsmi BBC-yə bildirib ki, Xorvatiyanın tranzit düşərgələrində bir neçə gündən sonra otaq çatışmazlığı yarana bilər.

Bazar günü Serbiya ilə sərhəddə miqrantlarla dolu avtobuslar toplaşıb və miqrantlarla polis arasında gərginlik artıb.

Bir çox qaçqın bütün gecəni soyuq və yağışlı havada gözləməli olub.

Miqrantların əksəriyyəti Əfqanıstan, Suriya və İraqdandır, onlar Xorvatiya və Sloveniyadan keçərək qərbi Avropa ölkələrinə üz tuturlar.

Macarıstan sərhədini bağladıqdan sonra minlərlə miqrant Xorvatiyadan Sloveniya ərazisinə daxil olub.

Xorvatiya sərhədindəki bu miqrantlar Sloveniyaya keçmək üçün gözləyib

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Xorvatiya sərhədindəki bu miqrantlar Sloveniyaya keçmək üçün gözləyib
Yağış və soyuq sığınacaq istəyənlərin vəziyyətini daha da pisləşdirib

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Yağış və soyuq sığınacaq istəyənlərin vəziyyətini daha da pisləşdirib

BMT Qaçqınlar Agentliyinin bildirdiyinə görə, Sloveniyaya artıq 4,000-ə yaxın miqrant gəlib çıxıb.

Razılaşdırılmamış plan

Miqrantların başlıca məqsədi Avstriya, Almaniya və digər ölkələrə çatmaqdır.

Sloveniya baş naziri Miro Cerar-ın sözlərinə görə, qaçqın axınının öhdəsindən gəlməyə polisə kömək etmək üçün sərhədyanı zolaqlarda ordu qüvvələri yerləşdirilib.

Baş nazir deyib ki, Avstriya və Almaniyanın sərhədləri açıq qalanadək Sloveniya miqrantları qəbul edəcək.

Ötən həftə Avropa İttifaqı liderləri miqrant axının cilovlanmasına dair planı razılaşdıra bilməyiblər.

Macarıstan öz ərazisindən Qərbi Avropaya miqrant axınını dayandırmaq üçün Xorvatiya ilə sərhədini bağlayıb.

Bundan sonra minlərlə miqrant Sloveniya istiqamətindəhərəkət etməyə başlayıb.

Ötən ay Macarıstan Serbiya ilə sərhədini bağlamışdı.

Şənbə günü Xorvatiyada yüzlərlə qaçqın avtobuslarda Sebiya sərhədindən Sloveniya sərhədinə daşınıb .