Macarıstan polisi miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə edir

Şəklin mənbəyi, AP
Macarıstan polisi Serbiya ilə sərhəd bölgəsində yerləşən düşərgədə miqrantların etiraz nümayişini dağıdarkən gözyaşardıcı qazdan istifadə edib.
Hadisə miqrantların qəbulu üzrə Roszke qəsəbəsində baş tutub.
Bundan əvvəl Macarıstan bildirib ki, sərhəd bölgəsində ordunun istifadəsini nəzərdən keçirir.
Miqrantların əksəriyyəti Qərbi Avropaya və xüsusilə Almaniyaya üz tutur. Bu ölkədə miqrantlar əleyhinə zorakılıqla müşayiət olunan çıxışlardan sonra Almaniya kansleri qaçqın düşərgələrindən birinə baş çəkməlidir.
Miqrantlara qarşı nümayişi “iyrənc” adlandıran Angela Merkel Heidenau miqrant mərkəzinin sakinlərilə görüşməlidir.
Rekord sayda miqrant
2015-ci ildə Almaniya 800,000-dək sığınacaq müraciətini qəbul edib. Bu hər-hansı Aİ ölkəsinin aldığı müraciətlərin sayından əhəmiyyətli şəkildə artıqdır.

Şəklin mənbəyi, AP
Berlin Aİ üzvlərini daha çox miqrant qəbul etməyə səsləyir.
Minlərlə miqrant Yunanıstan və Qərbi Balkanlar üzərindən Şengen zonasına daxil olan Aİ ölkələrinə çatmağa çalışır.
Rəsmilərə əsasən, çərşənbə axşamı Macarıstana daxil olan miqrantların sayı rekord təşkil edən 2,500 nəfərdən artıq olub.
İnsan axının qarşısını almaq üçün Serbiya ilə Macarıstan arasında 175 km uzunluğunda hasar çəkilməkdədir.
Miqrantların qəbulu üzrə Roszke şəhərindəki mərkəzdə barmaq izlərinin alınmasına etiraz edən miqrantların nümayişi dağıdılarkən gözyaşardıcı qazdan istifadə olunub.

Şəklin mənbəyi, REUTERS
Almaniyaya getmək arzusunda olan miqrantlar hesab edirlər ki, barmaq izlərinin alınması ilə onlar Macarıstanda sığınacaq istəməyə məcbur edilə bilərlər.
Hücumlar
Əsasən Yaxın Şərq və Afrikadan gələn miqrantların çoxu Almaniyaya üz tutur. Angela Merkelin Drezden yaxınlığındakı Heidenau miqrant mərkəzinə səfəri gərginliyin azalmasına xidmət etməlidir, BBC müxbiri Jenny Hill Berlindən xəbər verir.
Ötən həftəsonu miqrantlar əleyhinə neonasist və sağçı ifratçıların çıxışı vaxtı miqrant mərkəzinin ərazisinə fişəng və şüşə butulkalar atılıb. Hadisə vaxtı baş verən toqquşmalarda onlarla polis xəsarət alıb.
Angela Merkel səfəri vaxtı Aİ üzvlərini miqrant böhranına əlaqələndirilmiş reaksiya verməyə səsləyə bilər.
Hazırda Almaniya kansleri miqrantlarla bağlı siyasatinə görə tənqid olunmaqdadır.
Rəy sorğularına əsasən Almaniya əhalisinin əksəriyyəti miqrantların ölkəyə gəlməsini alqışlayır. Lakin miqrasiyanın qəti əleyhdarları da var.
Son zamanlar qaçqın mərkəzlərinə hücumların sayı kəskin şəkildə artıb.





