Aİ liderləri 40 minə yaxın miqrantı yerləşdirmək barədə razılığa gəlib

Şəklin mənbəyi, AFP
Miqrasiya böhranını aradan qaldırmaq məqsədilə Brüsseldə keçirilən sammitdə Avropa Birliyi rəhbərləri Yunanıstana və İtaliyaya gəlmiş 40 minə yaxın miqrantı yerləşdirmək barədə razılığa gəliblər.
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk deyib ki, bu proqram iki il müddətinə nəzərdə tutulub.
Sammitin nəticəsində hazırlanmış proqrama görə, Avropa İttifaqının bütün üzv ölkələri Yunanıstanda və İtaliyada olan miqrantların yerləşdirilməsində iştirak edəcəklər.
Miqrantların harada məskunlaşması barədə qərar isə bir az sonra qəbul olunacaq.
Lakin hal-hazırda məlumdu ki, ölkələr üçün heç bir kvota nəzərdə tutulmayıb.
“Biz miqrantlarla bağlı mütləq kvotalar barədə konsensus əldə etməmişik, lakin bu fəaliyyətsizliyə haqq qazandıra bilməz,” Tusk deyib.
Kvota sistemi Macarıstan və Bolqarıstan tərəfindən tənqid olunub. Bu ölkələr artıq quru sərhədləri ilə gələn miqrant axını ilə üzləşiblər.
Böyük Britaniya, Fransa və İspaniya da kvotalara qarşı çıxıb. Aİ ölkələri razılaşıb ki, qəbul olunmuş qərar könüllü icra olunacaq.
İlk addım
Miqrant axınının çox yüksək səviyyədə olduğu İtaliyanın baş naziri Matteo Renzi öz həmkarlarını tənqid edib.
Onun sözlərinə görə, Roma Aİ-dan daha ciddi kömək gözləyirdi.
Lakin Renzi deyib ki, bu proqram “daha ambisiyalı ola bilərdi, hər halda bu yekdil Avropa siyasəti istiqamətində birinci addımdı və ayrı-ayrı üzv ölkələrin siyasəti deyil”.
Miqrantların yerləşdirilməsi barədə konkret addımlar daxili işlər nazirlərinin iyulun sonunda keçiriləcək görüşündə qəbul olunmalıdı.
Aİ liderləri həmdə Suriya, İraq və Əfqanıstan kimi ölkələrdən daha 20 min qaçqını yerləşdirmək barədə qərara gəliblər.
Donald Tusk əvvəllər də Aİ üzvlərini Aralıq Dənizi vasitəsilə gələn miqrantlara görə məsuliyyəti öz üzərinə götürməyə çağırmışdı.
Birləşmiş Millətlər Təşkilatının yenicə dərc olunmuş məlumatına görə, bu il Avropaya 63 min miqrant Yunanıstan, 62 min miqrant isə İtaliya vasitəsilə gəlib.
May ayında Avropa Komissiyasının sədri Jean-Claude Juncker təklif etmişdi ki, Aİ-da miqrantların qəbulu üçün kvotalar əhalinin sayına, işsizlik səviyyəsinə və başqa faktorları nəzərə almaqla qəbul olunsun.




