Macarıstan Aİ-nin miqrasiya qanunvericiliyinə əməl etmək istəmir

Şəklin mənbəyi, Getty
Macarıstan Aİ miqrasiya qaydalarının hüquqi qüvvəsini, müvəqqəti olaraq, dayandırırb.
Macarıstan höküməti Avropa İttifaqının bütün ölkələrinin imzaladığı və Aİ miqrasiya siyasətinin əsası sayılan Dublin müqaviləsinin müddəalarını yerinə yetirməkdən imtina edib.
Bu məqsədlə Macarıstan öz ərazisində Avropa İttifaqı miqrasiya siyasətinin əsas qaydasını qüvvədən salıb.
Həmin qaydaya əsasən, Avropa İttifaqına ilk dəfə Macarıstan ərazisindən daxil olan miqrantlar Aİ-nin digər ölkələrindən xaric edildikləri halda, onları Macarıstan qəbul etməlidir.
Budapeşt hökümətinin rəsmi nümayəndəsi qəbul edilmiş müvvəqəti qərarı son zamanalar Macarıstana həddən çox sayda qanunsuz miqrantların gəlməsilə əsaslandırıb.
Həmin qərardan bir neçə gün əvvəl macar rəsmiləri ölkə sərhədi boyunca nəhəng hasar tikintisinə başlandığını elan etmişdilər.
Bu addım ölkə hüdudlarını qeyri-leqal miqrantlardan müdafiə etmək məqsədilə atılıb.
Rəsmi məlumatlara əsasən, bu ilin əvvəlindən Macarıstana 60 mindən çox qanunsuz miqrant gəlib.
Aİ rəhbərliyi Macarıstan hökümətinin son qərarı ilə bağlı rəsmi Budapeşti mövgeyini aydınlaşdırmağa çağırıb.




