Aralıq dənizində miqrant faciəsilə bağlı Aİ təcili iclas çağırır

Şəklin mənbəyi, epa
Afrikadan Avropaya yollanan miqrantların Aralıq dənizində faciəvi ölümü ilə bağlı Aİ Xarici İşlər və Daxili İşlər nazirlərinin Lüksemburqda görüşü keçiriləcək.
Cənubi Avropanın bəzi ölkələri hesab edir ki, ötən il dənizdə axtarış və xilasetmə işlərinin miqyasını azaltmaq qərarı qəbul olunandan sonra Avropaya etimad sual altındadır.
Bazar günü Liviya sularında miqrantlarla dolu qayığın aşması nəticəsində yüzlərlə adamın dənizdə batdığı güman olunur.
BMT Afrika-İtaliya dəniz marşrutunu insan həyatı ən təhlükəli marşrut adlandırıb.
20 metr uzunluğu olan qayıqda 700-dək migrantın olduğu güman edilir.
Onlardan yalnız 28 nəfər xilas olunub, İtaliya sahil keşikçi xidməti dənizdə 24 cəsədin də aşkar olunduğunu bildirib.
Bazar günü İtaliya Baş naziri Matteo Renzi bu həftənin sonunadək problemlə bağlı Aİ-nin təcili sammitinmin keçirilməsini prioritet məsələ adlandırıb.
O, insan traffikinqinin Avropa üçün "bəlaya çevrildiyini" qeyd edərək, bu məsələdə Avropa ölkələri arasında həmrəyliyin olmadığından məyus olduğunu deyib.
Malta Baş naziri Joseph Muscat BBC-ə bildirib ki, "böhranın həlli Liviya amilindən asılıdır".
"Qapımızın astanasında dağılmaqda olan dövlət var. Cinayətkar dəstələr sınıq-salxaq qayıqlarda camaatı dənizə buraxır. .. Biz Liviyada bütün qüvvələri bir araya gətirib milli birlik hökümətinə bənzər nəsə yaratmalıyıq".
Təkcə bui ilin əvvəlindən Afrikadan Avropaya çatmağa çalışan 1,500-dək miqrant Aralıq dənizində batıb.
BMT-nin Qaçqınlar üzrə Komissarı (UNHCR) bildirib ki, sonuncu hadisə zamanı Avropaya çatmağa çalışan miqrantlar arasında ən çoxsaylı insan itkisi qeydə alınıb.




