Miqrant böhranı ilə bağlı Aİ-də fikir ayrılığı davam edir

Şəklin mənbəyi, EPA
120 min miqrantın yerləşdirilməsi ilə bağlı Aİ-də fikir ayrılığı davam edir. Aİ liderləri böhranı Brüsseldə keçirilən fövqəladə iclasda müzakirə ediblər.
Slovakiya məcburi kvotaya qarşı hüquqi iddia ilə çıxış edir. Qərar çərşənbə axşamı səs çoxluğu ilə qəbul edilib.
Macarıstan baş naziri özünün “demokratik haqqını” müdafiə edib və maliyyə vəsaiti cəlb etmək üçün radikal dəyişikliklərin həyata keçirilməsini təklif edib.
Sammit Aİ sərhədlərinin möhkəmləndirilməsi və miqrantların əksəriyyətinin gəldiyi Suriyanın qonşularına kömək etmək məsələlərini diqqət mərkəzində saxlayacaq.
Aİ liderləri böhrana qarşı birgə tədbir görməkdə çətinlik çəkir.
Britaniya baş naziri David Cameron və Fransa prezidenti Francois Hollande toplantıdan öncə görüş keçirib və bildiriblər ki, miqrant böhranının əsas həll yolu Suriya münaqişəsinin həllindən keçir.
Avropa İttifaqı daxili işlər nazirlərinin 120 min miqrantın qitədə yerləşdirilməsi ilə bağlı planı təsdiq etməsi Mərkəzi Avropa ölkələri tərəfindən "qəzəblə" qarşılanıb.
Plana görə, miqrantlar İtaliya, Yunanıstan və Macarıstandan digər Aİ ölkələrinə köçürüləcəklər.
Lakin Rumıniya, Çexiya, Slovakiya və Macarıstan məcburi kvotanın qəbulunun əleyhinə səs verib.
Çexiya prezidenti Milos Zeman bildirib ki, "yalnız gələcək bu addımın səhv olduğunu göstərəcək".
Qərara cavab olaraq:
- Slovakiyanın baş naziri Robert Fico deyib ki, o, yeni qaydaları qəbul etməyəcək və "əksəriyyətin diktatına hörmət etməyəcək"
- Çexiya daxili işlər naziri Milan Chovanec Tvitter hesabında "tezliklə imperatorun geyimsiz olduğunun fərqinə varacağıq. Bu gün sağlam düşüncənin məğlubiyyəti idi" yazıb
- Radio Praqa xəbər verib ki, Çexiya bu məsələyə görə Avropa Məhkəməsinə müraciət edə bilər
- Latviya daxili işlər naziri qərarı dəstəkləsə də, yüzlərlə vətəndaş kvotaların tətbiqinə qarşı aksiya keçirib
- "Macarıstan çərşənbə axşamı verilən qərarı dəstəkləyəcək", hökumət sözçüsü bildirib

Şəklin mənbəyi, Reuters
Avropa İttifaqının qaydalarına əsasən, miqrasiya siyasəti ilə razılaşmayan ölkənin Avropa Şurasına müraciət etmək hüququ ola bilər.
Finlandiya səsvermədə bitərəf qalıb. Əvvəllər plana qarşı çıxan Polşa isə qərarın leyhinə səs verib.
Plan bu gün Brüsseldə Aİ liderləri tərəfindən ratifikasiya olunmalıdır.
BMT-nin qaçqınlar agentliyi bildirib ki, plan "gəlməkdə olan miqrantların sayını nəzərə alanda" yetərli deyil.
Bmt Qak-ın sözçüsü Melissa Fleming bildirib ki, "böhranın bu mərhələsində köçürülmə proqramı vəziyyəti stabilləşdirməyə kifayət etməyəcək".
BMT deyib ki, bu il dəniz yolu ilə Avropaya 480 minə yaxın miqrant gəlib və hər gün Avropa sahillərinə 6 min miqrant çatır.
Avropaya gələn miqrantların əsasını Suriyadakı münaqişədən yaxa qurtaran miqrantlar təşkil etsə də, onların arasında Əfqanıstan, Eritreya, Nigeriya və Somalidən olan qaçqınlar da var.





