Aİ ölkələri Türkiyə miqrant razılaşmasını dəstəkləyib

Şəklin mənbəyi, Reuters
Avropa İttifaqı dövlətləri Türkiyə üçün miqrantların Avropaya axınını azaldacağına ümid edilən tədbirlər planını təsdiq edib.
Aİ liderləri Ankaranın miqrant axınının qarşısını alacağı təqdirdə türklər üçün vizaların sadələşdirilməsi danışıqlarının sürətləndirməyə razılaşıb.
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk bildirib ki, o, razılaşma ilə bağlı “ehtiyatlı nikbindir”.
Bu arada Əfqanıstandan olduğu zənn edilən miqrant Türkiyədən Bolqarıstana daxil olarkən bolqar sərhəd gözətçisi tərəfindən qətlə yetirilib.

Şəklin mənbəyi, AFP
Bolqarıstan baş naziri Boyko Borisov xəbəri eşidən kimi Brüsseli tərk edib.
İndiyədək Avropaya dəniz yolu ilə 600 minə yaxın miqrant çatıb. Onlardan çoxu bunun üçün Türkiyə-Yunanıstan marşrutunu seçiblər.
Türkiyə axının qarşısını almağa kömək qarşılığında bir sıra tələblər irəli sürüb.
Türkiyə yardım üçün 3.4 milyard dollar xahiş edib. Almaniya kansleri Angela Merkel bununla bağlı Aİ dövlətlərinin müzakirələr apardığını bildirib.
Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker Ankaraya veriləcək məbləğ üçün danışıqların yaxın günlərdə Türkiyə rəsmiləri ilə davam etdiriləcəyini deyib.
Angela Merkel həftə sonu Türkiyəyə səfər edəcək.
Brüssel sammitində Avropa rəsmiləri razılığa gəliblər:
- Aİ Şenqen ölkələrinə daxil olmaq istəyən türklər üçün vizaların sadələşdirilməsini sürətləndirmək - əgər Türkiyə bəzi kriteriyalara cavab verərsə
- Türkiyənin Aİ-yə qoşulması üçün danışıqları “bərpa etmək”

Şəklin mənbəyi, AP
Aİ mənbələr bildirib ki, bir sıra ölkələr Türkiyə ilə razılaşmanın tez əldə edilməsindən ehtiyyatlanıblar. Yunanıstan, Kipr və Fransa bu ölkələrdəndir.
Cümə axşamı xanım Merkel deyib ki, Aİ-nin bütün ölkələri blokunun xarici sərhədlərinə təhlükəsizlik qüvvələrinin göndərilməsinə hazır olmalıdır.
Digər dəyişikliklər:
- Macarıstanın baş naziri Viktor Orban bəyan edib ki, cümə günü Xorvatiya ilə sərhədləri bağlayıb-bağlamamaq barədə qərar qəbul ediləcək
- Livanlı ailənin 5 üzvü onları Türkiyədən Yunanıstana daşıyan qayığın çevrilməsi nəticəsində boğulub, daha 4 nəfərdən xəbər yoxdur
Bolqarıstanda yayılmış məlıumata görə, əfqan kişi cümə axşamı Türkiyədən Bolqarıstana daxil olmaq istəyərkən güllələnib.
O, Bolqarıstana keçmək istəyən miqrantların "böyük qrupuna" aid olub, AFP agentliyi daxili işlər nazirliyinə istinad edərək bildirib.
Türkiyə azı iki milyon suriyalı qaçqının "evidir", onların əksəriyyəti qonşu Suriyadakı müharibədən qaçanlardır.
Türkiyə, həmçinin, şimali Suriyanın daxilində qaçqın üçün beynəlxalq "təhlükəsiz zonanın" yaradılmasına çağırıb, amma Cənab Tusk bildirib ki, Rusiyanın Suriyadakı iştirakı bu ideyanın gerçəkləşdirilməsini çətinləşdirib.
Həmçinin Brüsseldə Böyük Britaniyanın baş naziri David Cameron noyabrda Aİ-də dəyişiklik üçün dörd əsas tələblə çıxış edəcək. Bu, Böyük Britaniyanın Aİ-yə üzvlüyü ilə bağlı 2017-cü ilə vəd edilmiş referendumdan əvvələ təsadüf edir.
Cənab Tusk cənab Cameronun bəyanatı alqışlayıb və əlavə edib ki, "real danışıqlar" noyabrın əvvəlində başlaya bilər.







