Miqrant böhranı: Almaniya “ildə 500 min miqrantı qəbul edə bilər”

Avropa miqrantlara münasibətdə bölünüb

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Avropa miqrantlara münasibətdə bölünüb

Almaniya vitse-kansleri Sigmar Gabriel bildirib ki, ölkə hər il ən azı 500 min sığınacaq axtaranın öhdəsindən gələ bilər.

Almaniya təkcə 2015-ci ildə 800 mindən çox miqrantın gəlişini gözləyir. Bu, 2014-cü illə müqayisədə dörd dəfə çoxdur.

Cənab Garbiel bildirib ki, digər Aİ ölkələri də problemi bölüşməlidir.

BMT qaçqınlarla iş üzrə agentliyinin verdiyi məlumata görə, təkcə bazar ertəsi Makedoniyaya rekord, 7000 nəfər suriyalı qaçqın gəlib və Yunanıstan adalarında isə 30 min miqrant var.

Əsasən Suriyadan olan miqrantlar Türkiyədən Yunanıstana, Makedoniya və Serbiyadan keçməklə Macarıstana, oradan da Avstriya və Almaniyaya uzun yol keçir.

Miqrant axını Avropa hökumətləri arasında gərginliyə səbəb olub. Macarıstanın konservativ rəhbərliyi miqrantların qarşısını almaq üçün Serbiya ilə sərhəddə hasar tikir.

Lakin Almaniyada izdiham miqrantları alqışlarla qarşılayıb.

Yunanıstan naziri bazar ertəsi bildirib ki, Türkiyə sahillərinə yaxın Lesbos adasında 20 min miqrantın yerləşməsi vəziyyəti “partlayış astanasına” gətirib.

Almaniyaya kütləvi axına baxmayaraq, cənab Gabriel bildirib ki, ölkə uzun müddətdə buna hazırdır.

Avropa Komissiyasının sədri Jean-Claude Juncker-in çərşənbə günü 160 min miqrantın bölüşdürülmsəi üçün planı açıqlayacağı gözlənilir.

BMT qaçqınlarla iş üzrə agentliyi (UNHCR) miqrant probleminin böyüdüyünü bildirib və 2015-ci ildə Avropaya dəniz vasitəsilə 400 min miqrantın gələcəyini gözlədiyini qeyd edib.

Almaniya əksər miqrantların məskunlaşmaq istədiyi ölkədir

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Almaniya əksər miqrantların məskunlaşmaq istədiyi ölkədir

BMT bildirir ki, əsasən Suriyadan olan miqrantlar Avropada daha yaxşı həyat axtarışındadır, çünki İordaniya və Livandakı qaçqın düşərgələrində vəziyyətləri yaxşı deyil.

BMT-nin miqrantlarla bağlı xüsusi nümayəndəsi Peter Sutherland bildirib ki, ABŞ və Körfəz ölkələri də daxil olmaqla bir neçə varlı ölkə Suriya ilə qonşu ölkələrdəki suriyalıların durumunun yaxşılaşdırılması üçün maliyyə yardımı göstərib.

Lakin bu, miqrantları qəbul etməklə əvəz oluna bilməz.

Miqrant böhranı 28 Aİ ölkəsi arasında fikir ayrılığına səbəb olub, xüsusilə də məcburi kvotalar məsələsi.

Macarıstan, Çex Respublikası, Polşa, Slovakiya və Rumıniya bu qərara qarşıdır.

Problem xüsusilə Macarıstanda qaynar mövzuya çevrilib. Ölkənin müdafiə naziri Csaba Hende bazar ertəsi istefa verib. Onun bu addımının sərhəddə tikilən hasarla bağlı olduğu bildirilir. Miqrantlardan qorunmaq üçün tikilən hasar hələ ki fayda vermir.

Yunanıstanın Lesbos adasında isə miqrantları qeydiyyata almaq üçün, istifadə edilməyən futbol meydanında, mərkəz qurulub.

Bazar ertəsi rəsmilərin bildirdiyinə görə, qeydiyyat mərkəzi, yollarına davam etmək üçün sənədə ehtiyacı olan miqrantların sayını azaltmaq üçün beş gün fəaliyyət göstərəcək.