Miqrant axını “Almaniyanı dəyişəcək”

Şəklin mənbəyi, Getty
Almaniya kansleri Angela Merkel bildirib ki, miqrantların Almaniyaya “nəfəskəsən” axını qarşıdakı illərdə ölkəni “işğal edəcək və dəyişəcək”.
O bildirib ki, Almaniya sığınacaq üçün müraciət edənlərin işlərini sürətləndirməli və əlavə mənzillər tikməlidir. Buna baxmayaraq o, digər Aİ ölkələrini də köməyə çağırıb.
Fransa prezidenti Francois Hollande bildirib ki, Fransa 24 min qaçqını qəbul etməyi planlaşdırır.
Bu arada, Avropaya miqrant axını yavaşımaq bilmir.
Bazar ertəsi çox sayda insanın Serbiyadan Macarıstana keçdiyi bildirilir.

Şəklin mənbəyi, Getty
İspaniya qəzeti El Pais məlumat verib ki, 120 min miqrantın məskunlaşdırılması nəzərdə tutulur və onlardan 40 mini artıq razılaşdırılıb.
Yunanıstanın Türkiyədən gələn miqrantlarla bağlı Aİ-dən təcili dəstək istədiyi bildirilir.
Makidoniyada isə Yunanıstandan keçməyə çalışan miqrantlarla polis arasında qarşıdurmanın olduğu deyilir.
Macarıstana gəlmiş minlərlə miqrant həftə sonu Avstriyadan keçməklə Almaniyaya çatıb. Münhen stansiyasında miqrantları alqışlarla qarşılayıblar.

Şəklin mənbəyi, Reuters
Angela Merkel ölkəyə gəlmiş miqrantalara kömək edən könüllülərə minnətdarlığını bildirib.
Lakin Kansler Merkel deyib ki, Almaniyanın “insanları qəbul etməyə hazır olmasına” baxmayaraq, “Avropa Birliyi də tədbirlər görməlidir”.
Macarıstan öncə Qərbi Avropaya getmək istəyən miqrantların qarşısını alsa da, cümə günü məhdudiyyətləri aradan qaldırıb.
Ölkə Serbiya ilə sərhəddə hasarın çəkilməsi işlərini davam etdirir və Macarıstan parlamenti keçən həftə qanunsuz miqrantlarla bağlı yeni sərt qanunlar qəbul edib.
Macarıstan baş naziri Viktor Orban bildirib ki, Almaniyaya getmək istəyənlər “alman həyat tərzi” arzusundadır, nəyinki fiziki təhlükəsizlik.
O əlavə edib ki, əgər axın davam edərsə bu, Avropanın “Xristian rifah dövlətlərinə” təhlükə yaradacaq.
Kansler Merkel, çoxsaylı miqrantın Macarıstandan Almaniyaya keçməsinə icazə verdiyi üçün, çoxlarının <link type="page"><caption> qəhrəmanına çevrilib</caption><url href="http://www.bbc.com/azeri/international/2015/08/150827_syria_merkel_letters" platform="highweb"/></link>.





