Miqrantlar Almaniyaya doğru yollarına davam edir

Şəklin mənbəyi, Reuters
Macarıstanın miqrantların hərəkətinə məhdudiyyəti yüngülləşdirməsinin ardından, yüzlərlə miqrant Almaniyaya doğru Avstriya vasitəsilə yollarına davam edir.
Bazar günü səhəri Münhen dəmiryol vağzalına bir neçə qatar gəlib. Bir çox miqrant isə qeydiyyatdan keçmək üçün Almaniyanın başqa şəhərlərinə gedir.
Yüzlərlə miqrant həmçinin, Avstriyanın Macarıstanla sərhədindən qatarla Vyanaya gedir.
Alman və avstriyalı fəalların idarə etdiyi maşın konvoyu Macarıstana keçərək miqrantların Qərbi Avropaya çatmasına kömək edir.
Roma Papası bildirib ki, Avropadakı hər bir Katolik kilsəsi miqrant ailəsini qəbul etməlidir.
Papa Francis bildirib ki, bəşəriyyət “ölümdən qaçan” və “daha yaxşı həyat üçün müharibə və aclıqdan yaxa qurtarmış” insanlara kömək etməlidir.

Şəklin mənbəyi, Getty
Şənbə günü əsasən Suriyadan olan miqrantlar avtobusla, qatarla və piyada əvvəlcə Avstriya ilə sərhədə, oradansa Vyana, Münhen və digər Almaniya şəhərlərinə səyahət edib.
Avstriya və Almaniya axının öhdəsindən gəlmək üçün miqrantları daha çox qatarla təmin edir.
Günlərlə davam etmiş qarşıdurma və xaosun ardından, Macarıstan Avstriya ilə sərhədini açaraq minlərlə miqrantı ora daşıyıb.
Budapeştdə qatarlara minməsinin qarşısı alınmış bir çox miqrant avtomobil yolu ilə Avstriya sərhədinə doğru piyada yeriməyə başlayıb.
Təxminən 48 saat içində 10 minə qədər miqrant Avstriya ilə sərhədi keçib, Avstriya rəsmiləri bildirir. Onların sözlərinə görə daxil olanların qarşısını almaq niyyətində deyillər.
Təxminən 1000 nəfər şənbə gecəni Avstriya tərəfdə, açıq havada keçirməli olub, rəsmilər deyir.

Şəklin mənbəyi, Reuters
Avstriyaya çatmış miqrantlardan bir çoxu birbaşa Almaniyanın Münhen şəhərinə gedib. Orada yerlilər miqrantları alqışlarla qarşılayıb və miqrantların arasındakı uşaqlara şirniyyat veriblər.
Şənbə günü Münhen stansiyasına təxminən 7000 miqrant gəlib, polis bildirir.
Onlar qeydiyyata alınmaq, yemək və paltarla təmin olunmaq üçün Almaniyadakı müxtəlif qəbul məntəqələrinə göndərilib.
Miqrantlardan bir çoxu Macarıstana çatmaq üçün Balkan ölkələrindən keçməli olub.

Təkcə Macarıstanın içində 200-300 arası miqrant qeydiyyatdan imtina edərək Almaniyaya getmələrinə icazənin verilməsini tələb ediblər, Macarıstan mətbuatı xəbər verir.
Həm Almaniya, həm də Macarıstan bildirib ki, görülən tədbirlər humanitar böhranın qarşısının alınmasına yönəlib.
Almaniya kansleri Angela Merkel bildirib ki, Almaniya yeni miqrant axınının öhdəsindən gələ bilər, lakin onun koalisiya hökuməti tərkibində məsələ ilə bağlı fikir ayrılığı mövcuddur.
Bəzi sağçıların fikrincə bu qədər miqrantın qəbul edilməsi yanlış mesaj verir, lakin sosial demokratlar bu addımı alqışlayıb.
Avropadakı miqrantların əsas hədəfi Almaniyaya çatmaqdı və ölkənin bu il 800 min insanı qəbul edəcəyi gözlənilir.
Vətəndaş müharibəsindən yaxa qurtaran suriyalılar səyahət edən ən böyük qrupdur. Bundan sonra isə əfqanlar və eritreyalılar gəlir.
2015-ci ildə 350 mindən çox miqrant Avropa İttifaqı sərhədlərini keçib.





